...Qiyməti artanda dərd verir su da

19:38 26-05-2021 333

Hökumət suyu bahalaşdırmaqla problemini həll edə bilməyəcək

 Dilimizdə "su qiyməti" deyilən bir anlayış var, bu anlama görə Allahutəalənin insanlara baxş etdiyi bu əvəzsiz nemət, nominal dəyər baxımından hər şeydən ucuz olub. O qədər ucuz ki, bazarda hansı malın qiyməti ucuzlaşardısa deyrədik ki, filan şey bazarda su qiymətinədir. Bu deyimin formalaşmasnda iki amilin böyük rolu var.

Ta qədim zamanlardan Azərbaycanda su çatışmazlığı olub, əsas da içməli su... İnsanlar həmişə arzulayıb ki, suyu asanlıqla əldə etsinlər. Buna isə yalnız sovetlər dönəmində nail ola bildi. Hər kəndə, hər qəsəbəyə içməli su çəkildi - harda həyat varsa, orda su oldu - həm içməli, həm də texniki. Bakı şəhərinin özü sovetlər dönəminə qədər yalnız "Şollar-Bakı" su kəmərinin ( bir də quyu sularının) ümidinə qalmışdı ki, bu kəmərdə şəhərə saniyədə yarım kub su verə bilirdi. Lakin sovetlər dönəmində Şollar suyunun mənbəyindən ikinci su kəməri çəkildi. Daha sonra Ceyranbatan gölündən və Kür çayından çəkilən su kəmərləri vasitəsi ilə şəhərin suya olan təlabətı ödənilirdi. İkinci bir tərəfdən, belə bir deyim də var, "su - həyatdır", sovetlər dönəmi bu "həyat"ı insanlara əlçatan etmək üçün onun qiymətini maksimum ucuzlaşdırdı. Müstəqillik dönəminə qədər Azərbaycanda su sayğacı mövcud olmayıb, mənzildə yaşayan hər nəfərə görə, yəni metodika ilə heçablanıb su pulu. Həmin dövrdə suyun qiyməti o qədər ucuz idi ki, ayda hər nəfərə 12 min kub.m. su nəzərdə tutulurdusa da, su pulu qəpik-quruş olurdu. Həmin vaxtlarda mənzildə qeydiyyatda olan hər nəfər üçün insanlardan (o dövrun pulu-rublla -12 qəpik) su pulu yığılırdı ki, bu da dörd nəfərlik ailə üçün 48 qəpik demək idi. Hazırda Azərbaycan manatı da təxminən elə həminki dövrün 1 rublna uyğun məbləğdir, lakin biz onda bir 1 kub.m. suya 1 qəpik, indi isə 1 manat, yəni 100 dəfə çox pul ödəyirik. O vaxtlar Bakı şəhərinin ümumi sərfiyyatı şişirdilir, kəmərlərlə şəhərə axıdılan suyun həcmi real göstəricidən daha çox alınırdı. Amma buna heç kim əhəmiyyət vermirdi, hamı, "sudu da, bundan ucuz nə var ki",- deyirdi. Hazırda Bakıya dörd su kəməri ilə saniyədə 14 kub, Xırdalan və Sumqayıta isə saniyədə 3,5 kub - ümumilikdə Abşeron iqtisadi rayonuna saniyədə 17,5 kub metr içməli su daxil olur. Dörd kəmərin üçü ilə su heç bir nasos stansiyasından istifadə etmədən, öz axını ilə Bakıya çatır. Yalnız Kür çayından mənbə alan kəmər (Bakıya saniyədə 1,4 kub.m. su verir) nasos stansiyadarından istifadə etməklə şəhərə gətirilir. Belə alınır ki, Bakı şəhərinə verilən suyun yalnız 10% -nə qədəri nasos vasitəsi ilə nəql edilir, qalan 90% isə Abşeron yarmadasına qədər şimaldan öz axını ilə gəlir. Həm şəhərdaxili, həm də daşıyıcı kəmərlər 80-100 ildən bir təmir edilir və bu təmir üçün dövlət büdcəsindən dotasya şəklində (geri qaytarılmayan) vəsait ayrılır. Məsələn, Şollar su kəmərinin 100 yaşı bir neçə il əvvəl qeyd edildi, amma həmin kəmərdə heç bir təmir işi aparılmadı, yalnız müxtəlif vaxtlarda torpaq işləri aparılarkən zədələnən hissələr təmir edildi və həmin hissələrdə beton borular polad borularla əvəzləndi. İkinci Bakı su kəməri daha uyğun və bir qədər mütərəqqi metodlarla çəkildiyindən, onun hələ ki, təmirə heç bir ehtiyacı yoxdur. O ki qaldı Oğuz-Qəbələ-Bakı su kəmərinə, bu kəmər daha gənc kəmər sayılır və hələ ki, onun da nə cari, nə də əsaslı təmirə ehtiyacı yoxdur. Elə isə "Azərsu" ASC hansı əsaslarla suyun qiymətininin bahalaşdırılması üçün müraciət edib və Tarif (qiymət) Şurası da bunu əsaslı sayaraq qiymətləri 100% qaldırıb? Özünə hörmət edən hökumət heç vaxt bu cür kəskin formada qiymət qaldırmaz, çünki 100% və ya 50% hər hansı bir mal və xidmətin qiyməti inzibati qaydada bahalaşdırılırsa, deməli, bu ölkədə iqtisadiyyat otruşmayıb, sabitləşməyib və hələ də fundamental problemləri var.

Suyun qiyməti bahalaşdırılandan sonra müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, su və kanalizasiya xidmətləri 50 qəpik olanda orta statistik Azərbaycan ailəsinin kommunal xərclərində su sərfiyyatı xərcləri 10-12 faiz təşkil edirdisə (Azərbaycan üçün bu da yüksək göstərici sayıla bilər), su və kanalizasiya xidmətlərinin qiyməti iki dəfə artdıqdan sonra su sərfiyyatı xərcləri 40-50 faizə qədər yüksəlib. İqtisadi baxımdan gülünc bir mənzərəyə şahidlik edirik - bütün dünyada su sərfiyyatı xərcləri ümumi kommunal ödənişlərdə 5-20% faiz civarında xüsusi çəkiyə malik olduğu halda, Azərbaycanda bu göstərici 50%-ə qədər yüksəlib. Başqa bir rakursdan baxanda, biz su məsrəflərinə abonent olaraq enerji daşıyıcılarına (təbii qaz və elektrik enerjisi) xərclədiyimiz qədər vəsait xərcləyirik. Bu necə olur axı, dənizin dibindən, yerin təkindən çıxan karbohidrogendən alınan energi daşıyıcıları su ilə eyni qiymətə əhaliyə satılır? Yəni "Azərsu" ASC də suyu dənizin dibindən, yerin kilometirlərlə təkindən hasil edir? Axı biz yuxarıda ASC-nin qidalandığı kəmərləri və onların vəziyyətini xarakterizə etdik, normalda su sərfiyyatı xərcləri digər xərclərin birinin yarısına bərabər olmalıdı.

Azərbaycan hökuməti hər il dövlət büdcəsini təsdiqləyəndə özünü sosial dövlət adlandırır, doğrudan da əhalinin sosial müdafiəsinə xeyli büdcə vəsaiti xərclənir, təxminən büdcənin 20%-ə qədəri. Elə isə su məsrəflərini sosial baxımdan təhlil edək. Orta statistik (dörd nəfərdən ibarət olan) Azərbaycan ailəsinin aylıq su sərfiyyatına xərclədiyi vəsait təxminən 30 manata bərabərdir. Bu minimum əmək haqqının (250 manat) 12%-ə, median əmək haqqının (343 manat) 8,7%-ə, orta aylıq əmək haqqının isə (700 manat elan ediblər) 4,3%-ə bərabərdi. Nəzərə alsaq ki, işləyən əhalinin yarısı median əmək haqqı səviyyəsində gəlirlər malikdir, əhali qazancının 10% faizini içdiyi su üçün xərcləyəcəksə, bəs onda ərzağa, geyimə və digər tələbatlara yerdə qalan vəsait yetəcəkmi?

Görəsən, qeyri-məntiqi olaraq su sərfiyyatı xərclərinin artırılması hansı ehtiyaclardan irəli gəlir? Bu suala ən dolğun cavabı özündə səmimiyyət tapa bilsə "Azərsu" ASC-nin yetkililəri verə bilər, amma onlardan belə bir səmimiyyət gözləmək cəfəngiyyatdır. Çünki onlar da digər dövlət qrumları kimi reallıq hissini itirərək vətəndaşların cibinə girməyə fürsət axtarır.

Biz bu barədə təxmin və gümanlarımızı sətirlərə həkk edə bilərik. Belə ki, digər dövlət qrumları kimi "Azərsu" ASC də ştat vahidini lüzumsuz olaraq artırıb, heç bir işlə məşğul olmayan minlərlə ASC əməkdaşları mövcuddur. Hər hansı bir qəza baş verəndə qəza yerinə 2-3 fəhlə və ya usta gəlirsə, o 2-3 nəfərə komanda verən 6-7 nəfər qalstuklu gəlir, yəni hər fəhləyə 2 rəis düşür. Bu qalstuklu-kostyumlu adamların hərəsinə ayda azı min manat maaş verilir. Şirkətin israfçılığının digər səbəbi isə əməliyyatların maya dəyərinin şişirdilməsidir. Bütün xərclər bir neçə dəfə şişirdilir ki, bu da xərcləri, o da öz növbəsində suyun maya dəyərini şişirdir. Məhz bu səbəbdən də, artıq neçə illərdir ki, "Azərsu" ASC ölkədə su satan dövlət şirkəti olmasına baxmayaraq, öz gəlirləri ilə daxili xərclərini örtə bilmədiyindən, başqa sözlə desək, zərərlə işləyən dövlət qrumu kimi büdcədən dotasiya alır. Qeyd edim ki, biz son dəbdəbəli ofisin tikintisi və Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə ayrılan 1,7 milyard manatı bura aid etmirik, bu kəmər birbaşa dövlət büdcəsindən mailyyələşdirilib və "Azərsu" ASC-nin istismarına təhfil verilib.

Son zamanlar hökumət bütün dövlət şirkətlərini, o cümlədən də "Azərsu" ASC-ni rentabelli - mənfəətlə işləyən şirkətlər mövqeyinə çıxarmaqla yəqin ki, özəlləşdirmək niyyətindədir. Bunun üçün, əslində ilk növbədə lüzumsuz ştatlar ixtisara salınmalı və şirkətdə şəffaflıq və hesabatlılıq təmin edilməlidir. Çox təəssüf ki, hökumət şəffaflığa, hesabatlılığa və lüzumsuz ştat vahidlərinin ləğvinə deyil, yalnız qiymət artımına üstünlük verdi. Lüzumsuz ştat vahidlərini artırmaqla işsizliyi aradan qaldırmaq mümkün deyil, bunun üçün çox çevik iqtisadi üsullar var, bu barədə başqa yazıda söhbət açacağıq.

 Akif Nəsirli