Səlnaməyə çevrilən insan həyatı!

19:42 26-05-2021 369

Sabir həkimin əziz xatirəsinə

 Belə deyirlər ki, kəramətli insanlar Tanrının yer üzündə kölgəsidi, bu gölgə insanları pisliklərdən qoruyur. Lakin belə kəramət sahibi olan insanlarla hər adam rastlaşa bilmir, bu da bir qismətdi, Allahın bəndələrə göstərdiyi lütfüdür. Haqqında söhbət açmaq istədiyim mələk qiyafəli insan - Sabir həkim də, məhz belə kəramətli kişilərdən biri idi. Bu kəramət səhibini tandığım, təmasda olduğu və onun şəxsində yuxarıda qeyd etdiyim Tanrı kölgəsindən bəhrələndiyim üçün özümü xoşbəxt sanıram. Onunla hər bir təmas mənim üçün bir yenilik olurdu, hər söhbətində ondan nəsə öyrənməyə çalışırdım. O, yalnız həkim deyildi, Sabir həkim canlı ensklapediya idi. Dövrü mətbuatı ahıl yaşlarında belə, çox diqqətlə izləyir, ictimai-siyasi və ədəbi arenada baş verən hadisələrə öz kriteriyaları ilə qiymət verməyə çalışırdı. Sabir həkim həm də ədəbiyyat vurğunu- söz sərrafı idi. O, bəzən siyasi sahədə baş verən hadisələrə, dünyanın siyasi liderlərinin Azərbaycana yönəlik mənfi və müsbət fikirlərini nəzmə çəkərdi, onları gözəl bədi vasitələrlə, müvafiq olaraq özünəməxsus tərzdə ya tənqid, ya da təqdir edərdi. Bir dəfə Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana qarşı aqressiv mövqeyini tənqid edən kiçik bir şeir parçasında Sabir həkim Fransanın ölkəmizə qarşı kin-küdurətinin səbəblərini bədi vasitələrlə ortaya qoymuşdu. Şeri oxuyanda aydın olurdu ki, Sabir həkim həm də tarixi gözəl bilir.

 Sabir həkimlə söhbətimiz zamanı o, tez-tez öz gəncliyinə müraciət edər, pisə də, yaxşıya da, yalnız özündən misallar gətirərdi. Belə söhbətlərin birində o dedi ki, gənclik illərində harda yazı görsəm onu elə acıgözlüklə oxuyurdum ki, əlimdəki digər işlər yadımdan çıxırdı: "Buna görə bəzi tədbirlərə əl atırdım. O tədbirlərdən birını sənə nəql edim, amma bu barədə xahiş edirəm, sağlığımda nə yazma, nə də danışma ( Nə danışırsınız, Sabir həkim, xalqın hələ sizə çox ehtiyacı var-A.N.). Bir gün tələbə yoldaşlarım mənim qaldığım otağa gəlmişdilər. Üstünə süfrə əvəzi qəzet sərilmiş stolda onlara çay verdim, çay içə-içə xeyli söhbətləşdik. Adi günlərdə olduğu kimi, tələbə yoldaşlarımı yola salıb dərslərimlə məşğul olmağa başladım. Səhər dərsə gələndə hiss etdim ki, hamının mənə baxışlarında bir qeyri-adilik var. Fikirləşdim ki, bəlkə mənə elə gəlir, əhəmiyyət vermədim. Günün sonunda qrupda mənə yaxın olan tələbə yoldaşlarımdan biri məndən soruşdu ki, Sabir, sən erməni dilində bilirsən? Cavab verdim ki, yox, bu hardan ağlına gəldi? Cavabında bildirdi ki, bəs dünən uşaqlar sizə qonaq gedib, stolun üstünə erməni dilində qəzetlər səribsən... Qeyri-ixtiyari  gülmək məni tutdu - mən stolun üstünə erməni dilində qəzetləri ona görə sərirəm ki, oxuya bilməyim, başqa qəzet sərəndə başım qəzet oxumağa qarışır, yemək yadımdan çıxır".

Sonuncu dəfə Sabir həkimlə onun tərtib etdiyi arxaikləşmiş sözlərin lüğətini müzakirə etmişdik. Çox maraqlı bir lüğət tərtib edib, səhv etmirəmsə həmin lüğət kitablarından birin də çap olunub. Lüğət Xalac camaatının dilində işlənən sözlər kimi təqdim edilsə də, orada tərəkəmə camaatının dilində olan, publika üçün arxaikləşmiş sözlər izah edilirdi. Sonradan mən "Türkün qızıl kitabı"nda həmin lüğətdə yer alan ifadələrin böyük əksəriyyətinə rast gəldim. Sən demə, bu sözlər tərəkəmə camaatı arasında yaranmayıb, qədim türk dilinin yaddaşlarda qalan hissəsi kimi el arasında yaşayır. Bəlkə də dilçilərin bundan xəbəri yoxdur, çünki əksər dilçilər hazırda şəhərlərdə yaşayan ailələrdən çıxır - o ifadələri yalnız tədqiqatçıların kitablarından oxuyur. Halbuki, publika üçün arxaikləşmiş həmin sözləri Mil düzündə əhali bu gün də işlədir. Əslində, bu kiçik lüğətlə Sabir həkim dilçilik elmində böyük bir tədqiqata ipucu verib.

Bu yazıda Sabir həkimin mənimlə bölüşdüyü, sovetlər dönəmində sirr olan bir işini də oxucularla bölüşmək istərdim. O, Tibb İnstitutuna daxil olandan bir il sonra həm də pedaqoji institun filalogiya fakultəsinə daxil olur və hər iki ali təhsil diplomunu əla qiymətlərlə alır. Özünün deməsinə görə, ömrü boyu 53 imtahan verib və hamısından "əla" qiymət alıb. O zaman bu cür paralel oxumaq həm mümkün sayılmırdı, həm də qadağan idi. Sabir həkimin ədəbiyyata olan marağı bu işi reallaşdırmağa sövq etmişdi.

Sabir həkimin Beyləqan rayonunun Mərkəzi Xəstəxanasında işə başlaması mənim doğum tariximlə eyni dövrə təsadüf edir. Atam nəql edir ki, mən altı aylıq olanda (yay aylarında) narahat olduğum üçün Sabir həkimin yanına aparıblar, həkim məni müayinə etdikdən sonra, bildirib ki, axı bu uşağın heç bir problemi yoxdur, niyə ağlasın ki? Həkim çevik bir hərəkətlə stoldan qalxıb, yarım stəkan su gətirib, suyu axıra qədər mənə içirdib. Sonra isə valideynlərimə müraciətlə - yayın günüdü, uşağa su vermək lazımdır, başqa problemi yoxdur, deyib.

 Ömür yolu

 Quliyev Sabir Əlihüseyn oğlu 5 may 1940-cı ildə Beyləqan rayonunun Dünyamalılar kəndində dünyaya göz açıb. 1947-57-ci illərdə Dünyamalılar kənd orta məktəbində təhsil alıb. 1957-59-cu illərdə Bakı şəhəri 3 saylı Tibb məktəbində oxuyub və məktəbi fərqlənmə diplomu ilə bitirib. 1959-62-ci illərdə Dünyamallar kənd xəstəxanasında feldşer kimi çalışıb. 1962-68-ci illərdə N.Nərimanov adınv Azərbaycan Tibbi İnstitutunun Pediatriya fakultəsinda oxuyub və institutu fərqlənmə diplomu ilə bitirib. 1963-68-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakultəsində qiyabi təhsil alıb və fərqlənmə diplomu ilə filoloq ixtisasına yiyələnib. 1963-68-ci illərdə S.M.Kirov adına Fizioterapiya və Kurortalogiya İnstitutunda tibb qardaşı işləyib. 1968-ci ildə tibb işçilərinin həmkarlar komitəsi tərəfindən "Azərbaycan Tibb İnstitutunun ictimai həyatında fəal iştirakına və təhsildəki uğurlarına görə" fəxri fərmanla təltif edilib. 1968-72-ci illərdə Beyləqan rayon Mərkəzi Xəstəxanasında pediatr-həkim işləyib. 1972-75-ci illərdə N.K.Krupskaya adına Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İnstitutunun aspiranturasında əyani təhsil alıb. 1975-78-ci illərdə N.K.Krupskaya adına Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İnstitutunda elmi işçi kimi fəaliyyət göstərib. 1977-ci ildə Ukrayna Uşaq Həkimlərinin VI qurultayının nümayəndəsi olub. 1978-80-ci illərdə N.K.Krupskaya adına Elmi-Tədqiqat Ana və Uşaqların Mühafizəsi İnstitutunun klinikasında müdir vəzifəsində çalışıb. 1979-81-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetinin "Beynəlxalq münasibətlər və SSRİ-nin xarici siyasəti" fakultəsini fərqlənmə diplomu ilə bitirib.  1979-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazitrinin əmri ilə "Səmərəli elmi-praktik fəaliyyətinə görə" döş nişanı ilə təltif edilib. 1979-cu ildə SSRİ Səhiyyə Nazirinin əmri ilə "SSRİ səhiyyə əlaçısı" döş nişanı ilə təltif edilib. 1980-88-ci illərdə K. Fərəcov adına Pediatriya İnstitutu klinikasının baş həkimi olub. 1988-2008-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasının Hemotologiya (qan xəstəlikləri) şöbəsinin müdiri olub. 1991-2001-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Attestasiya Komissiyası tərəfindən ona "Ali ixtisas dərəcəsi" verilib. 2003-cü il rəy sorğusuna əsasən ilin nümunəvi həkimi seçilib. 2008-ci ildə pensiyaya çıxaraq, ömrünün son aylarına qədər müxtəlif özəl klinikalarda pediatr kimi çalışıb.

Quliyev Sabir Əlihüseyn oğlu 22 aprel 2021-ci il tarixində, 81 yaşında əbədiyyətə qovuşub.

Sonda Sabir həkimlə bağlı bir xatirəmi oxucularla bölüşmək istəyirəm. 2012-ci ildə ciyərlərimdə narahatlıq hiss etdim. Çox keçmədi ki, öskürəyim intensivləşdi. Respublikada fəaliyyət göstərən bütün plumunoloqların müayinəsində oldum, dəfələrlə tamoqrafiya edildim, dərdimə çarə tapan olmadı. Bir neçə aydan sonra həkimlərdən biri mənə astma-bronxit diaqnozu qoyaraq sprey balonlardan istifadə etməyimi məsləhət gördü. Balonlarla yenicə dostlaşmışdım ki, yaxın qohumum Abbasov Murtuza Sudeyib oğlu xəstəliyimdən xəbər tutdu və məsləhət gördü ki, Sabir həkimi tapım ondan müalicə götürüm. Murtuza bəy söhbət əsnasında bildirdi ki, oğlu Fərid uşaq vaxtı sətəlcəmdən ağırlaşma nəticəsində astma bronxit xəstəliyinin astanasında idi, onu Sabir həkim tamamilə müalicə etdi və hazırda oğlum hərbiçidir. Belə bir xəstəlik keçirən şəxsin hərbiçi olacaq səviyyədə müalicə edilməsi məni təəccübləndirdi. Əvvəlcə Murtuzanın evdən tapdığı, Sabir həkimin vaxtilə Fəridə yazdığı reseptlərdən istifadə edərək özüm müalicəyə başladım. Müalicələrin təsir etdiyini görüb həvəsləndim və Sabir həkimin axtarışına sıxdım. Tezliklə telefonunu tapıb, onun çalışdığı "İnşaatçılar" metrostansiyasının yaxınlığında yerləşən özəl klinikaya getdim. Tanışlıqdan sonra Sabir həkim mənə xatırlatdı ki, mən uşaq həkimiyəm, sən mənim qəbulum üçün çox yaşlısan (gülür). Həkim məni müayinə etdikdən sonra dedi ki, elə bilirəm astma-bronxit diaqnozu qoymaq hələ tezdi, amma müalicəyə tabe olmasa, demək istiqamət bu diaqnoza doğrudur. Onu da qeyd edim ki, əvvəllər uzanıb yata bilmirdim, yataq kimi bir kreso seçmişdim, yalnız oturaq halda yata bilirdim. Döş qəfəsi üfiqi vəziyyət alan kimi öskürək başlayırdı. Sabir həkimə müraciət edəndə, artıq gündə bir neçə dəfə boğulma müşahidə edilirdi. Əvvəl həkimin məsləhəti ilə burun əməliyyatı keçirdim və burundan nəfəsalma tam bərpa edildi. Bunun ardınca təyin edilən birinci kurs müalicədən sonra rahat yatmağa başladım və boğulmaların sayı azaldı. Birillik müalicədən sonra bu xəstəliyi özümdə yalnız fəsil dəyişəndə hiss etdim, simptom yalnız quru öskürək idi. İki il də fəsil dəyişən vaxtlarda, ildə dörd kurs müalicə aldım. Üç ildən sonra artıq bu xəstəliklə vidalaşdım. Pulmunalogiya ilə yanaşı Sabir həkim fiziologiyanı da çox müfəssəl bilirdi, revmatizmin peşəkar müalicəsini bacarırdı və s. Beləcə, Sabir həkim məni təmənnasız olaraq astma-bronxit xəstəliyindən xilas etdi.

Bu illər ərzində Sabir həkimlə artıq dostluq münasibətlərimiz yaranmışdı, bəzən özü zəng edirdi ki, hardasan, niyə gəlmirsən dərdləşək, heç olmasa zəng vur... Son bir ildə isə əziz dostumu pandemiyadan qorumaq məqsədilə ilə Sabir həkimlə görüşmədim, yalnız telefon əlaqəmiz olurdu. Aprelin 22-dən artıq bu təmasımız da başa çatdı. Allah rəhmət eləsin, nur içində yatasan, nurani ağsaqqal, əziz dost!

 Akif Nəsirli