Tələbələr təhsil haqqına görə universitetdən qovulub? - VİDEO

22:20 27-05-2021 450

Sosial şəbəkələrdə Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin 3-cü kursunda oxuyan 30-a yaxın tələbənin təhsil müəsisəsindən xaric edilməsini tələb edən təqdimatın görüntüləri yayılıb.

Sənəddə tələbələrin təhsil haqqını ödəyə bilmədiklərinə görə universitetdən kənarlaşdırılacaqları qeyd olunur. 

Azərbaycan Memarlıq və İnşaat Universiteti təhsil haqlarını verə bilməyən III kurs tələbələrini qorxutmaq üçün təqdimatın hazırlanması ilə bağlı məsələyə münasibət bildirib.

Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, həmin sənəd saxtadır:

“Sənəd nə universitetin rəhbərliyinin, nə də dekanlığın rəsmi mövqeyi deyil. Saxta sənədin kim tərəfindən hazırlanması və yayılması ilə bağlı araşdırma aparılır. Məktubda adları hallanan bəzi tələbələr həssas qrupa daxil olanlardır.

Bir müddət əvvəl həmin tələbələr barələrində Təhsil Nazirliyi tərəfindən daxil olan məktub ilə də tanış olublar. Bildirilib ki, həmin tələbələrin təhsil haqlarını dövlət tərəfindən ödəniləcək. 

O əlavə edib ki, universitet rəhbərliyi həssas qrupa daxil olmayan tələbələrə belə təhsil haqlarının ödənilməsi ilə bağlı güzəştlərin edilməsi barədə göstəriş verib: “Universitetdən tələbənin qovulması ilə bağlı fikirlərin səsləndirilməsi böhtandır”. 

Daha ətraflı Baku TV-nin süjetində: