İşçilərinə milyonluq forma geyindirən məmur... - Video

22:49 27-05-2021 432

Bakı Nəqliyyat Agentliyi hələ də 2020-ci il maliyyə hesabatını əlçatan etməyib. Bunun səbəbi bəlli olmasa da, Bakı Bus MMC-nin BNA-nın tərkibindən çıxarılması və quruma Müşahidə Şurasının yaradılması çox şeydən xəbər verir. Yəni artıq ən yüksək səviyyədə BNA etibarını itirib və burdakı maliyyə məsələlərindən ciddi narazılıq var.

Əslində elə BNA-nın əsas gəliri Bakı Bus MMC ilə bağlıdır. Bu həddən artıq rahat və müasir standartlara uyğun avtobusların getdikcə Bakıdakı marşrut şəbəkəsini əlinə alması qayət normal idi. Bu avtobuslar isə dövlət büdcəsinə hesabına, Birinci Avropa Oyunları zamanı alınmışdı və daha sonra ictimai nəqliyyata təslim edildi.

Xatırlayıram, Nəqliyyat Nazirliyi ləğv edilməmişdən öncə müstəqil sərnişin daşıyıcıları bir neçə illik marşrut xəttinin icarəsi üçün 1-2 milyon manat arasında rüşvət verdiklərini iddia edirdilər. Əvəzində eyni xətt üzrə bir neçə marşrut açılsa da, sərnişin daşımalarını icra edənlər bütün xərcləri özləri çəkir, üstəlik, külli miqdarda qazanc da əldə edirdilər.

Ancaq nədənsə eyni xətt üzrə marşrutlar ləğv edilib, bir marşrutda cəmləşdiriləndən və Bakı Bus MMC bu xətt üzrə keçirilən tenderi udandan sonra da BNA-nın illik hesabatında ciddi gəlir müşahidə olunmadı. Nəinki olunmadı, hətta BNA illik hesabatları yaymamaqla necə “şəffaf” işlədiyini nümayiş etdirməkdədir.

BNA nələrə nail olub?

Yalnız müstəqil daşıyıcıları bazardan çıxardı (müstəqil daşıyıcıların sərnişindaşımadan çıxmasını şərtləndirən obyektiv səbəblər də var və bu, qətiyyən diqqətdən yayınmamalıdır: köhnə avtobuslar, pis xidmət, sürücülərin sərnişin üçün yarışması nəticəsində təhlükəli sürüşlər və s.), kart sisteminə keçidi sürətləndirdi, təzəlikcə də avtobus zolaqları çəkməklə məşğuldur.

BNA-nın yüksək qazanc əldə etməsi və ciddi işlər görməsi üçün dövlət nələr etməyib ki? Dotasiya verib, dayanma-durma cərimələrini bu qurumun yazmasına imkan tanıyıb – yəni DYP-nin səlahiyyətlərinin bir hissəsini bu quruma hədiyyə edib, sərnişindaşımada müstəsna dominantlığına şərait yaradıb və s.

Əvəzində Bakıda tıxaclar aradan qalxmır, BNA avtobusları kart sisteminə keçdikcə marşrutlararası intervallar itib – bəzən bir dəqiqəyə eyni xətt üzrə 5 avtobus ardıcıl düzülür, bəzən bir saat avtobus gəlmir. Başqa sözlə, intellektual idarəetmə yoxdur!

BNA Nəqliyyat Nazirliyinin miraslarına yiyə durmur və yaxud ona pul xərcləmək istəmir: dayanacaqlarda quraşdırılan onlayn lövhələr fəaliyyət göstərmədən zibillik olur, “intellektual mərkəzlər” yalnız avtobusların orda mərkəzləşməsinə və Bakı kəndlərinə istiqamətlənməsinə “hesablanıb” – sanki BNA Bakının özü üçün “daxili avtovağzallar” yaratmaqla, yer zəbt etmək və tıxacları artırmaqla məşğul olur.

Tıxaclar izlənilmir, sıxlıq olar ərazilərdən nəqliyyatın hərəkətini təmin etmək üçün əks yolların açılması prosesi getmir. Yol polisi sıxlıq olan ərazilərə özünü çatdırmayanda faktiki olaraq həmin küçələr dözülməz olur.

BNA-nın “intellektual idarəetməsi” sosial şəbəkə hesabından yalnız “filan yerlərdə tıxac var” və “buna görə marşrut avtobusları gecikir” kimi gülünc bəhanə yaymaqdan o tərəfə keçmir.

Kart sistemi varsa və şəbəkə bu qədər şəffafdırsa, BNA-nın gəlirləri niyə “şəffaflaşmır”?

Nəqliyyat eksperti Ərşad Hüseynov ARB-nin efirində elan etdi ki, avtobus sürücüsünün uniformasının qiyməti 500 manatdan baha rəsmiləşdirilir.

BNA bu heyrətamiz rəqəmə cavab verməyib.

BNA rəsmi açıqlama vermədi ki, nə vaxt tender keçirilib, tenderdə kim qalib gəlib və niyə bazarda 20 manata olan göy rəngli köynək-şalvar sürücülərə 500 manatdan baha rəsmiləşib?

Bəs, avtobusların detalları necə? Təmir işlərinə nə qədər büdcə ayrılıb və detalların dəyişdirilməsində doğrudanmı şişirtmə yoxdur?

Heç nə bəlli deyil və görünür bütün bunlar BNA ilə bağlı hökumətin ciddi tədbirlər görməsini, Bakı Bus MMC-ni bu qurumdan almasını, Müşahidə Şurası yaratmasını zəruriləşdirib.

Yəqin ki, BNA-ya bir audit yoxlamasına da ehtiyac yaranacaq.

Mənbə axar.az