Səfər Mehdiyev sələfinin “vurduğu” kadrları niyə qaytardı? – Kənan Məmmədovla Ədalət Hüseynəliyevin dosyesi…

22:50 27-05-2021 396

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu posta təyin olunduqdan sonra Aydın Əliyevin “vurduğu” kadrları irəli çəkməyə başladı. DGK sədri sələfinin dövründə vəzifədən uzaqlaşdırılmış və onunla həmyerli olan gömrükçüləri yüksək postlara yerləşdirdi.

Halbuki həmin şəxslər Aydın Əliyevin rəhbərliyi vaxtında yol verdiyi maxinasiyalara, nöqsanlara görə gömrük sistemindən kənarlaşdırılmışdılar.

TİA.Az
-a daxil olan məlumata görə, həmin gömrük məmurlarından biri Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov və onun müavini Ədalət Hüseynəliyevdir. Səfər Mehdiyevlə həmkəndli olan (əslən nehrəmlidirlər – red) Kənan Məmmədovla Ədalət Hüseynəliyev Aydın Əliyevin zamanında çalışıblar.

Məlumatda deyilir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi o dövrdə Xaçmaz Gömrük İdarəsinin rəis müavin işləyib. Onun hazırda müavini vəzifəsini tutan Ədalət Hüseynəliyev isə Astara gömrük idarəsinin rəisi olub.

Kənan Məmmədov həmçinin Tovuz gömrük idarəsinin rəisi də olub. Lakin hər iki gömrük rütbəlisi yol verdiyi səhvlərin ucbatından Aydın Əliyevin qəzəbinə tuş gələrək gömrük sıralarından uzaqlaşdırılıblar.

Belə ki, Kənan Məmmədov Xaçmazda gömrük rəisinin müavini olduğu zaman ölkədən xaricə kapital çıxarışını təşkil edib və bu pul transferini hansısa sıravi vətəndaşın əli ilə reallaşdırmağa cəhd göstərib.

Amma məsələdən duyuq düşən Aydın Əliyev məsələni araşdırıb və Kənan Məmmədovu cəzalandıraraq gömrükdəki fəaliyyətinə son qoyub.

Astaranın gömrük rəisi işləmiş Ədalət Hüseynəliyevin isə ayağında 4 milyon manat yeyinti qaldığı iddiaları səslənməkdədir. Bu məsələ o zamankı DGK rəisinə məruzə edildikdən sonra gömrük orqanları daxilində istintaq başlanıb və Hüseynəliyev sorğu-suala tutulub.

İşin əsas məğzi ifşa edildikdən sonra qaçmağa yeri olmayan Astaranın gömrük rəisi vəziyyətdən çıxış üçün əskik olan pulun 2 milyonunu qaytarıb. O, bununla həbsdən yaxasını birtəhər qurtara bilib. Ancaq vəzifədə bundan artıq qala bilməyib və A.Əliyev onunla vidalaşıb.

Məlumatlı qaynağın sözlərinə görə, S.Mehdiyev isə həmin reputasiyası zədəli, əməllərinə görə işindən uzaqlaşdırılmış həmyerlilərini nəinki gömrüyə qaytarıb, hətta onlara yaxşı vəzifə peşkəş edib.

Hazırda Kənan Məmmədov məlum olduğu kimi Bakı Baş Gömrük İdarəsinin rəisidir, Ədalət Hüseynəliyev isə müavini vəzifəsini daşıyır. Maraqlıdır, “gömrükdə 1 manat rüşvət olsa, istefa verərəm” deyən Səfər Mehdiyevi bu cür kadrlarla işləməyə nə vadar edir? Onların bu vəzifələrə gəlişi gömrük sistemində .əffaflığı da təmin etməyib.

“Lion Centre” MMC-nin direktoru, tanınmış iş adamı Ramil Aslanov Prezident İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya açıq mətnlə müraciətində bildirmişdi ki, Kənan Məmmədovun mebel idxalı işində Azərbaycanda birinci olması sirr deyil.

Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

Mənbə TİA.Az