Bakı sakinlərini qorxuya salan mənzərə: “Narkomanlar blokda narkotik çəkir...” VİDEO-FOTO

22:53 27-05-2021 369

Bakıda binaların blokuna toplaşan narkotik istifadəçiləri sakinləri qorxuya salıb. Həmin şəxslər narkotik maddələrdən bloklarda istifadə edir.

“Nizami” kinoteatrı ilə üzbəüz, Həzi Aslanov 121 ünvanında yerləşən binanın sakinləri Musavat.com-a bildirib ki, artıq aylardır davam edən bu problem qarşısında çıxılmaz vəziyyətdə qalıblar.

Sakinlər bununla bağlı bir neçə dəfə polisə müraciət etdiklərini deyirlər:

“Polisə müraciət edirik. Gəlib bu adamları buradan uzaqlaşdırırlar. Amma bir neçə gün sonra başqaları peyda olur”.

Sakinlər deyir ki, heç kim axşam saatlarında bloka çıxa bilmir: “Günün istənilən saatında gəlirlər. Axşamlar da ancaq bura yığışırlar. Ən azı 2-3 nəfər olurlar. Müxtəlif növ narkotik vasitələrdən istifadə edirlər. Onlar narkotik çəkir, biz də video. İynələrin şpirisləri pilləkanda doludur. Blokdan tualet kimi istifadə olunduğundan üfunət iyi gəlir. Gecələr qışqırırlar. Biz onların səsinə oyanırıq. Bəzən əllərində bıçaq olur. Gün ərzində onların hansı halda olduğunu bilmirsən. Qorxa-qorxa yaşayırıq ki, kiməsə nəsə edərlər. Heç kim bloka tək girə bilmir. Evə gələndə zəng edirik ki, kimsə qarşımıza çıxsın və ya onların blokda olub-olmadıqlarına baxsın”.

Sakinlər bildirir ki, ən azı blokların qapısı müvafiq qurumlıar tərəfindən bağlansa, bu problemin qarşısını almaq olar: “Bura düz şəhərin mərkəzidir. Bloklara istənilən adam, istənilən məqsədlə girə bilir. Qapılara domofon qoyub sakinlər üçün açar verməlidirlər. Bir çox yerlərdə belədir. Amma Bakının düz mərkəzində bizim qarşılaşdığımız problemə baxın. Polisə müraciət edəndə bu adamları aparırlar. Sonra başqaları gəlir. Digər qurumlardan maraqlanan yoxdur. Bu adamlar göz görə-görə məhv olur, bizi də normal yaşamağa qoymurlar”.

Mənbə Musavat.com