Korrupsiyanın akademik sxemi

17:32 29-05-2021 432

May 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ümumi yığıncağında çıxış edən Ramiz Mehdiyev elmi müəssisə və təşkilatlarda idarəçiliyin arzuolunmaz səviyyədə olduğunu deyib.

Mehdiyev ötən illərdə akademiyanın balansındakı bəzi torpaqların qanunsuz şəkildə özəlləşdirilərək ayrı-ayrı şirkətlərə satıldığını və bir çox problemlərin olduğunu vurğulayıb.

AMEA prezidentinin bu çıxışı ictimaiyyətin müəyyən kəsimi üçün yeni olsa da, medianı ciddi izləyən oxucular üçün heç də yeni deyildi, çünki AMEA-da baş verən korrupsiya halları ilə bağlı ölkə mətbuatında müntəzəm olaraq faktlara əsaslanmış yazılar dərc edilib.

Maraqlıdır ki, əvvəlki illərdəki olduğu kimi AMEA-nın elmi müəssisələrində və institutlarında baş verən korrupsiya halları, şübhəli dövlət satınalmaları hələ də qalmaqdadır, yəni Ramiz Mehdiyevin dövründə də...

Görünən isə odur ki, bir vaxtlar "böyük" dövlət idarəçiliyində əsas fiqurlardan biri sayılan və "Boz kardinal" kimi xarakterizə edilən Mehdiyevin sözü "balaca" akademiyada keçmir, ya da daha sözünü "bal"la deyil, "daş"la kəsirlər...

Verno boşuna demirdi: "İnqilab öz balalarını yeyir..."

Arqument.az-ın araşdırmalarına görə, AMEA-da şübhəli dövlət satınalmaları həyata keçirən təşkilatlardan biri Zoologiya İnstitutudur.

Akademiyanın ən bərbad institutlarından sayılan Zoologiya İnstitutu nədənsə uzun illərdir ki, dövlət satınalmalarında saxta şirkətlərlə işləməyə üstünlük verir.

Bəs Zoologiya İnstitunun sifarişçi olduğu satınalmalarla bağlı gerçək vəziyyət necədir?

Coratlı Həqiqət nənə AMEA-ya kimyəvi maddə satır...

Zoologiya İnstitutu 2018-ci ilin aprel ayının 6-da 4 lot üzrə (mebel inventarları - 10.792, kimyəvi maddələr - 12.000, dəftərxana və təsərrüfat malları - 6998, avadanlıqlar - 16.753 manat) ümumi məbləği 46.543 manat olan satınalmaya yekun vurub.

Qeyd edilən satınalmaların hamısının qalibi "Orman TT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

2018-ci ildə təsis edilən "Orman TT" MMC hansısa şəxs və ya şəxslərin "otkad" əməliyyatları üçün yaratdığı şirkətdir, çünki bu şirkətin nə əlaqə telefonu, nə faktiki ünvanı var.

MMC-nin qanuni təmsilçisi Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Mahmudova Həqiqət Əhmədağa qızıdır.

1945-ci ildə anadan olan Həqiqət nənə dövlətdən aldığı pensiya ilə birtəhər dolanır və adına yaradılan şirkətdən xəbərsiz olduğunu deyir.

"Orman TT" MMC təsis edildikdən qısa müddət sonra dövlət satınalmalarında iştirak edərək "qalib" olsa da, vergi borcunu ödəməkdən yayınıb. Hazırda şirkətin dövlətə 26.770 manat vergi borcu var.

Şirkətin hüquqi ünvanı isə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv, ev 38 ünvanıdır.

"Cari təmir"in pulları hara getdi?

Elə həmin il, yəni 2018-ci ilin oktyabr ayının 25-də Zoologiya İnstitutu daha bir satınalmaya yekun vurub. "Cari təmir" lotu üzrə keçirilən satınalmanın qalibi "Lətifoğlu" MMC olub.

2015-ci ildə təsis edilən 10 manat nizamnamə kapitalı olan "Lətifoğlu" MMC-nin qanuni təmsilçisi Nuriyev Əli Lətif oğludur. Əslən Qubadlı rayonunun Saray kəndindən olan Əli Nuriyev AMEA-nın İşlər İdarəsinin o zamankı müdiri Fətəli Abdullayevin qohumu olduğu deyilir.

2018-ci ildə AMEA-nın İşlər İdarəsi Lətifoğlu MMC adlı şirkətə bir milyon, 2019-cu ilin fevral ayının 22-də isə 12 lot "Təmir Tikinti" işləri üzrə 680.000 manatlıq tender müqaviləsi imzalayıb. Lakin imzalanan müqavilələr üzrə işlərin əksəriyyətinin yerinə yetirilmədiyi deyilir.

"Lətifoğlu" MMC-nin hazırda dövlətə 33.615 manat vergi borcu var.

Zoologiyada direktor dəyişdi, amma "adət" dəyişmədi

Zoologiya İnstitu 2020-ci ilin sentyabr ayının 3-də daha 4 lot üzrə sifarişçi olduğu satınalmalara yekun vurub. Bu satınalmaların ümumi məbləği 67.374 manat təşkil edib.

Bütün lotlar "mətbəə işləri, maşın və avadanlıq, dəftərxana və təsərrüfat, inventarların satın alınması" predmeti üzrə aparılıb. "Mətbəə işləri, maşın və avadanlıq, dəftərxana və təsərrüfat, inventarların satın alınması" lotu üzrə 22.875 manat smetası olan satınalmanın qalibi "İnklud LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "Vintage Klass" MMC və "Colden Luks" MMC qalib elan ediliblər.

"Vintage Klass" MMC Zoologiya İnstitunun 2 satınalmasının qalibi elan edilib. Qalib elan edilən MMC-lərin 3-ü də eyni ildə 2019-cu ildə təsis edilib.

Şirkətlərdən ikisi, "Vintage Klass" MMC və "İnklud LTD" MMC isə 2019-cu ilin eyni ayında, iyul ayında təsis edilib. "Vintage Klass" MMC və "İnklud LTD" MMC-nin nizamnamə kapitalı 10 manat, "Colden Luks" MMC-nin nizamnamə kapitalı isə 5 manat təşkil edir.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Bu MMC-lərin heç birinin hansı profil üzrə fəaliyyət göstərdiyi, əlaqə telefonu, faktiki ünvanı barədə məlumatlar yoxdur.

"Dövlət Satınalmaları Haqqında" Qanuna görə satınalmalarda iştirak etmək istəyən təşkilatların sifarişçi qurumların tender komissiyasına təqdim edəcəyi sənədlərdən biri də iddiaçının vergi mükəlləfiyyəti barədədir.

Qanunun tələblərinə görə dövlət büdcəsinə vergi borcu olan təşkilatların satınalmalarda iştirakı qadağandır. Zoologiya İnstitunun cari ildə sifarişçi olduğu satınalmalarda bu qanunu da gözardı edib. Belə ki, İnstitutun sifarişçi olduğu satınalmaların qalibi elan edilən MMC-lərin dövlət büdcəsinə külli-miqdarda borcları var.

Məsələn, hazırda "Vintage Klass" MMC-nin dövlətə olan borcu 7818, "İnklud LTD" MMC-nin 5695, "Colden Luks" MMC-nin isə 9652 manat vergi borcu var. İnstitut isə bildirir ki, sözügedən şirkətlər satınalmalarda iştirak etdiyi zaman vergi borcları olmayıb.

İşlər İdarəsi: "Akademik düyünlərin" məkanı

Ötən ay AMEA-nın İşlər İdarəsi növbəti satınalmaya yekun vurdu. 2021-ci ildə "illik müxtəlif sərfiyyat və xüsusi tətbiqetmə malları" lotu üzrə keçirilən bu satınalmanın qalibi "Service and Supply Ltd” MMC elan edilib.

11 manat nizamnamə kapitalı olan "Service and Supply Ltd” MMC-nin hüquqi ünvanı Süleyman Sani Axundov, ev 2, m. 25, qanuni təmsilçisi isə Rasimli Kəmalə Rasim qızıdır.

MMC-nin qanuni təmsilçisi Kəmalə Rasimli AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.

"Dövlət satınalmaları haqqında” Qanunun müddəalarına görə satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan təşkilatlar iddiaçı kimi dövlət satınalmalarında iştirak edə bilməzlər.

Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli isə "Service and Supply Ltd.” MMC-nin qanuni təmsilçisi yox, təsisçisi olduğunu deyir.

İddialara görə, Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimlini AMEA-nın İşlər İdarəsinə aparan "yol" İnstitutun hazırkı rəhbərliyindən keçir. Belə ki, Zoologiya İnstitunun direktor vəzifəsini hazırda idarə edən Ələddin Eyvazov 2020-ci ilin mart ayından noyabr ayınadək AMEA-nın İşlər İdarəsində müdir müavini vəzifəsində çalışıb.

AMEA-dan "Arqument.az"ın sorğusuna cavab verilməyib.

Mənbə Arqument.az