Sedat Pekerin adamlarına qarşı əməliyyat – 3 nəfər saxlanıldı

20:34 29-05-2021 450

Sedat Peker və tərəfdarlarına qarşı keçirilən ilk əməliyyat zamanı ünvanında tapılmayan şəxslərə qarşı bu gün İstanbul və Çanaqqala şəhərlərində yenidən əməliyyat keçirilib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, axtarışda olan şəxslərə qarşı keçirilən əməliyyat zamanı 3 nəfər saxlanılıb.

Qeyd edək ki, aprel ayında baş tutan əməliyyat zamanı İstanbul polisi açıqlama vermiş və Sedat Pekerin də aralarında olduğu 63 nəfər haqqında “cinayət xarakterli təşkilat yaratmaq”, “planlaşdıraraq mənimsəmək”, “qəsb etmək”, “korrupsiya”, “xəsarət yetirmə”, “hədələmə” və “başqasının azadlığını məhdudlaşdırmaq” halları ilə bağlı iddia qaldırıldığını elan etmişdi.

Daha sonra isə S. Peker “youtube” vasitəsilə 6 video paylaşıb və aralarında daxili işlər naziri Süleyman Soylu da olmaqla Türkiyənin bir çox tanınmış siması haqqında müxtəlif iddialar səsləndirib.

O, bu zaman, tanınmış azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdan da danışıb və Mənsimovun haqsız həbs edildiyini iddia edib. S. Pekerin iddiasına görə, M. Mənsimov Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarın göstərişi ilə, mülklərini ələ keçirmək üçün həbs edilib.


Peker həmçinin, Antalyada yaxın mühafizəçisi tərəfindən güllələnərək qətlə yetirilən azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyəyə Mübariz Mənsimovu öldürmək üçün M. Ağar tərəfindən gətirildiyini iddia edir.