Saleh Məmmədovun islaholunmaz kadr Vidadi Hüseynovu vəzifədə saxlamaqda məqsədi nədir?

23:33 31-05-2021 459
Korrupsiya elə bir bəladır ki, ona mübtəla olan şəxs əliəyriliyi övladlarına da ötürür. Haram tikə ilə böyütdüyü bioloji varislərini öz oğurluqlarına şərik edir. Ağcabədi rayon 33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun həyat və fəaliyyəti, yaşam tərzi buna əyani misaldır desək, yanılmarıq.

Dəryaz qəzetinin redaksiyasına məlumat verən mənbə onu da bildirir ki, adam ötən əsrin 90-cı illərində dövlət əmlakını mənimsəmə ittihamı ilə məhbəs həyatı yaşayıb. Sonradan cismi türmədən azad olsa da, ruhu şeytandan qurtula bilməyib. Hansısa kanallarla avtoyol təsərrüfatına “xod” tapıb və 33 saylı Yol İstismar İdarəsinə qənim kəsilib.
 
Görünür, azadlıqdan məhrum olunma cəzası onu islah etmədiyindən, cəmiyyətdən təcrid edildiyi müddətdə itirdiklərini qısa müddətdə kompensasiya etmək üçün iki-üç qat artıq səylə çalışıb, köhnə metodla işdəycələrini davam etdirərək, nəhayətsiz kapitala yiyələnib.
 
Ağdam yolunun üstündə özünə yanacaqdoldurma məntəqəsi, asfalt zavodu, karxanalar açıb, Bakıda “novostroykalarda” bir neçə mənzil alıb, Binəqədidə böyük ticarət mərkəzi inşa etdirib icarəyə verib, özünə və korrupsiya ortağı olan oğlu Fərid Cavadova bahalı avtomobillər kolleksiyası yığıb.
 
Məlumatda bildirilir ki, Vidadi Hüseynovun rayonun mərkəzində möhtəşəm imarəti, ticarət obyektləri, Bakıda mənzilləri, bahalı “Lexsus” markalı avtomobili var. Vidadi Hüseynovun oğlu Fuad isə qiyməti yüz min manatdan yuxarı olan “Range Rover” sürür. Sözsüz ki, siyahısı natamam olan bütün bu sadaladığımız daşınar və daşınmaz əmlakı idarə rəisinin quru maaşla aldığını düşünmək sadəlövhlük olar.

33 saylı Yol İstismar İdarəsinin demək olar bütün tender və kotirovkalarının bir qayda olaraq daimi “qalibi” Vidadinin oğluna məxsus, 10 manatlıq nizamnamə kapitalı ilə yaradılmış “Fərid Ağcabədi” MMC-dir.  Belə çıxır ki, Yol İstismar İdarəsinin sifarişini həmin firmaya “pas etməklə”, yaxud, idarənin texnikasını firmaya “icarəyə” verməklə Vidadi Hüseynov özü — özü ilə müqavilə bağlayır, dövlət vəsaitini sağ cibindən çıxarıb sol cibinə qoyur.

Onu da bildirək ki, Ağcabədi rayon avtomobil yollarının səviyysəinə görən ən acınaqlı vəziyyətdə olan azsaylı rayonlardan biridir. Bu rayonun yollarının tikintisi və təmiri üçün ayrılan pullar effektli şəkildə istifadə olunmur. Bunun səbəbi isə Ağcabədidə yol tikintisində ailə inhisarının olması ilə bağlıdır.

Bir qayda olaraq Ağabədi rayonun əsaslı təmiri ilə bağlı tenderləri Fuad Vidadi oğlu Cəfərovun direktor olduğu "Fərid” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanır.

Məsələn, ötən ilin iyul ayında Ağabədi rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin elan etdiyi və 530 min manat büdcə vəsaitinin ayrıldığı tenderi məhz "Fərid” MMC-i qazanıb.
 
"Fərid” MMC-nin direktoru Fuad Cəfərov Ağcabədi 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi müəllimin oğludur.
 
Fuad dövlət büdcəsinin yarım milyondan artıq pulun 10 manatlıq "Fərid” MMC-i ilə sahib çıxa bilib. Bundan sonra isə atasının rəhbərlik elədiyi 33 saylı Yol İstismar İdarəsindən nəqliyyat və texnikanı "icarəyə” götürərək yolları əsaslı təmir edir. Həmin texnikaya görə "Fərid” MMC-nin 33 saylı Yol İstismar İdarəsinə nə qədər pul ödədiyi ata-oğuldan başqa kimsəyə məlum deyil. 33 saylı Yol İstismar İdarəsinin rəisi isə bu haqda danışmaq, cəmiyyətin informasiya almaq hüququna hörmət etmir.

Həmçinin, V.Hüseynovun rəhbərlik etdiyi idarənin ştat cədvəlində adı olan “ölü canlar”ın maaş kartlarını özündə saxladığı da bildirilir.

Bir müddət əvvəl isə söz yayılmışdı ki, Vidadiyə məxsus Qarqarçay üzərindəki karyerdəki quyulardan birinə iki azyaşlı uşaq düşüb. Amma uşaqların ölüm faktını Vidadi Hüseynov ört-basdır etməyə nail olub. Məsələdən xəbər tutan əhali etiraz edərək, idarə müdirindən ya karyeri bağlamağını, ya da təhlükəsizlik qaydalarını gücləndirməyi tələb ediblərsə də, hərçənd bu haqlı tələbə məhəl qoyan olmayıb.

Hadisə ilə bağlı verilən məlumatlarda bildirilirdi ki, dövlət qeydiyyatı olmayan həmin karyerdən idarə müdiri 24 saat dayanmadan qum və çınqıl çıxartdıraraq, satmaqla məşğuldur. Nəticədə, qazıntılar zamanı əmələ gələn böyük çalalara Qarqarçayın suyu dolur və ərazidə çoxlu sayda dərin gölməçələr əmələ gəlib.

Bütün bu məsələlərlə bağlı V.Hüseynovla telefon əlaqəsi saxlamaq, mövqeyini öyrənmək istədikdə zəngimizi cavablamadı. Suallarımızı onun vatsap nömrəsinə mesaj kimi göndərdikdə isə, nömrəmizi bloka saldı.

Maraqlıdır, görəsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri hörmətli Saleh Məmmədovun islaholunmaz kadr Vidadi Hüseynovu vəzifədə saxlamaqda məqsədi nədir? Cavabını gözləyən əsas sual elə budur.
 
Mənbə Deryaz.az