Səfər Mehdiyev Ramiz Rzayevin rəis qardaşına bata bilmədi – 1 milyonluq iş…

23:47 31-05-2021 549

Dövlət Gömrük Komitəsində və onun ayrı-ayrı strukturlarında baş verənlərdən qulaq hər gün bir söz eşitməsə, bəlkə də kar olar. Məlum olur ki, gömrük orqanlarında yol verilən maxinasiyalar, bürokratiya, tayfaçılıq prinsipləri öz qaydasında davam edir, dəyişən mənzərə yoxdur. Səfər Mehdiyevin DGK sədri təyin edilməsi ilə bu halların qismən aradan qalxacağına ümid edənlər var idi.

Lakin ötən müddətdə onun fəaliyyəti, gömrük sistemində “köhnə hamam, köhnə tas” rejiminin saat kimi işləməsi ictimaiyyətdə pessimist bir rəy formalaşdırıb ki, Azərbaycanda bu sahə yaxın illərdə yaxşılığa doğru dəyişməyəcək, şəffaflıq təmin olunmayacaq, inhisarçılıq ləğv edilməyəcək. Çünki gömrük rəhbərliyi, onun regional rəisləri bunu istəmirlər. Ən dəhşətlisi budur ki, S.Mehdiyev ərazi gömrük rəisləri ilə bacarmır.

Bu xüsusda tia.az-a önəmli bir məlumat verən qaynağın sözlərinə görə, DGK sədrinin bata bilmədiyi məmurlardan biri Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Rauf Rzayev olub.

Məlumatlı mənbə bildirir ki, R.Rzayev heç də arxa-dayaqsız gömrük polkovniki deyil, o, Ali Məhkəmənin sədri Ramiz Rzayevin qardaşıdır.

Adı bir sıra qalmaqallı proseslərdə hallanmış Rauf Rzayev Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postunda işini davam etdirməkdədir və S.Mehdiyev ona “güldən ağır söz” deyə bilmir. Hətta bir müddət əvvəl DGK sədri ondan tələb etdiyini da qopara bilməyib.

Məlumata görə, bir müddət əvvəl keçirilən kollegiya iclasında S.Mehdiyev R.Rzayevi ayağa qaldıraraq ondan 1 milyon manatlıq kəsirlə bağlı izahat istəyib. Lakin ərazi gömrük rəisi iclasda hamının qarşısında tutarlıq cavab verə bilməyib.



Bu əyər-əskiklik, yeyinti ilə bağlı heç bir kontur arqument gətirə bilməyən R.Rzayev çox ciddi tələblə üzləşib. Xəbərdə deyilir ki, S.Mehdiyev ondan qəhətə çıxan 1 milyon manatı hansı yolla olursa-olsun yerinə qoymağı tələb edib. Əks təqdirdə gömrük rəisini prokurorluğa şikayət edəcəyi ilə qorxudub. Lakin iclasdan keçən dövr ərzində nə onun barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət edilib, nə 1 milyon manatlıq kəsirlə bağlı təftiş aparılıb, nə də R.Rzayev vəzifəsindən kənarlaşdırılıb.

İclasda göstərdiyi tələbkarlığı sona qədər davam etdirə bilməyən S.Mehdiyevə nə mane olduğu, hansı güclərin təsir göstərdiyi haqda müfəssəl məlumatlar yoxdur. Fakt ondan ibarətdir ki, R.Rzayev 1 milyonu yerinə kompensasiya etməyib, S.Mehdiyev ona bata bilməyib.

Bu işin nəticəsiz qalmasında gömrük rəisinin qardaşı olan Ali Məhkəmə sədrinin da rolu istisna edilmir. Mümkündür ki, Ramiz Rzayev qardaşını qoruyub və Səfər Mehdiyev ona bata bilməyib.

Qeyd edək ki, mətbuatda da gömrük rəisi Rauf Rzayev barəsində müxtəlif şikayətlər var. Onlardan biri Türkiyə vətəndaşı Kaynar Farukdur. Gömrükdə üzləşdiyi problemlə bağlı ona deyilib ki, S.Mehdiyev R.Rzayevə sözünü keçirə bilməyəcək, yaxşısı özü ilə dil tapsın. Göründüyü kimi, ayrı-ayrı detallar da reallığı dolayısı ilə təsdiqləyir.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə  tia.az