Beynəxalq Bankın şöbələri və bankomatların qarşısındakı sıxlıq nəylə bağlıdır?

23:53 31-05-2021 342

Məşhur “Beynəlxalq Bank işi” ilə Azərbaycan tarixində ən böyük məbləğdə bank talançılığına imza atmış, dövlətə dəyəri milyardlarla dollarla ölçülən zərər vurmuş, ölkənin bank sektoruna olan inamın sarsıdılmasında mühüm rol oynamış Beynəlxalq Bank, nə qədər qəribə görünsə də, bir çox göstəricilərinə görə Azərbaycanın ən iri və aparıcı banklarından biri olaraq qalır. 

Milyardlarla dövlət vəsaiti hesabına “ayaq üstə” qalan bank hazırda maaş, pensiya kartları və digər istiqamətlər üzrə əksər dövlət müəssisələrinə, vətəndaşlara, irili-xırdalı çoxsaylı şirkətlərə xidmətlər göstərməkdədir.

Bəs, bankın xidmət səviyyəsi qənaətbəxş sayıla bilərmi? Aşğağıdakı fotolar Beynəlxalq Bankın “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən “Nizami” filialının önündəki növbəni, basabası əks etdirir. Eyni mənzərəni “Xətai ASAN-2” filialı və digər bir çox filialların da qarşısında görə bilərsiniz. 

Bu mənzərənin bir neçə səbəbi var. Əlbətə ki, əsas səbəb Azərbaycanın bank sektorunun anormallığı və bu sahədə də digər sahələrdəki kimi inhisarçılığın yüksək səviyyədə olmasıdır. Əksər dövlət qurumlarının maliyyə əməliyyatlarının, pensiya və müavinətlərin, maaşların ödənilməsinin, eləcə də özəl strukturların bank əməliyyatlarının məhz məlum bir neçə iri banka “yönləndirilməsi” nəticədə bu cür acınacaqlı vəziyyətin yaranmasına səbəb olur.

Belə görünür ki, Elman Rüstəmovun “sistem bankları” deyib, insanları məhz belə banklara etibar etməyə çağırdığı Beynəlxalq Bank kimi banklar nə qədər çox sayda müştərilə “təmin edilsə” də, onlar insanlara tam, müasir və səviyyəli şəkildə xidmət göstərmək iqtidarında deyillər. Bu bankların ya filiallarının və personallarının sayı, ya da iş keyfiyyəti müştərilərin növbəsiz, əziyyətsiz, yüksək keyfiyyətli xidmətlə təmin olunmasına imkan vermir. Əgər belə olmasaydı, xüsusilə də indiki pandemiya dövründə filialların qarşısında bu cür sıxlığı müşahidə etməzdik və vətəndaşlar saatlarla növbə gözləməzdilər.

İnsanların, məsələn, valyuta mübadiləsi üçün “qara bazar”a üz tutması da çox zaman məhz bankların qarşısındakı növbələr, bank əməkdaşlarının süründürməçiliyi və ləngliyi ucbatından baş verir. Cəmi 100 dolları dəyişmək üçün Beynəlxalq Bank kimi şəxsiyyət vəsiqəsi tələb edən, müştəriyə az qala 5-6 sənədə imza atdıran bir bankın qarşısında təbii ki, böyük növbələr olacaq. Eynilə də maaş və pensiya kartları ilə bağlı oxşar vəziyyət müşahidə olunur, çox vaxt bankomatların qarşısında “insan seli” yaşanır. 

Bütün bunlar və qeyd etmədiyimiz digər məqamlar göstərir ki, Azərbaycanın bank sisteminin təkcə maliyyə-kredit, bizneslə qarşılıqlı əlaqə, hesabatlılıq və digər istiqamətlərlə yanaşı, müştərilərə xidmət sahəsində də böyük islahatlara ehtiyacı var.

Vətəndaşlara əziyyət vermək, onları saatlarla növbələrdə gözlətmək, aşağı səviyyəli, keyfiyyətsiz xidmətlə insanların əsəblərilə oyanamaq heç bir banka başucalığı gətirmir. Beynəlxalq Bankın timsalında məlum işlə bağlı dövlətə, xalqa vurulan milyardlarla dollarlıq zərər azmış kimi, bir də insanların sağlamlığına bu cür ziyan vurulması ümumiyyətlə, heç bir əndazəyə sığmır.

1ec5e743-f12c-43b5-a00e-3508a0fe4fe338a65fb5-e43d-40fe-aefe-e84fd1718d5c77495d4c-4c14-48af-b123-f82aa190c10c