Komitə sədri Bahar Muradova: “Erkən nikaha qarşı cəzaların sərtləşdirilməsi təklif olundu”

21:18 01-06-2021 342

“Biz ötən il Vətən müharibəsi zamanı həlak olan və zərər görmüş uşaqlarla bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək etiraf bəyanatları vermişik”. 

milletinsesi.info məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. 

Onun sözlırinə görə, bu proses hələ də davam etməkdədir: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün görüşlərində beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, digər ölkələrdə komitə ilə paralel fəaliyyət göstərən qurumların rəhbərliyi ilə müzakirələr zamanı bu məsələni gündəmə gətirir. Ölkə daxilində və xaricində bu məsələnin qınaq obyekti olması üçün dostlarımızı da bu prosesə cəlb edirik. İndiki halda, demək olar ki, istəklərimizə nail oluruq”. 

Komitə sədri qeyd edib ki, Azərbaycanın apardığı siyasət nəticəsində nə təcavüzkarı, nə təcavüzkarlıq siyasətini, nə onun konkret nəticələrini açıq şəkildə müdafiə etmək mümkün deyil: “Ona görə də bu gün Ermənistan durduğu yerdədir. Hesab edirəm ki, bu siyasət onları daha ciddi dalana aparacaq. Ölkədə azyaşlı qızların erkən evləndirilməsi və ana olmasına dair faktlar bizi çox narahat edir. Bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq”. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, burada söhbət nikahdan deyil erkən evlilikdən gedir: “Qanunla erkən nigahdan söhbət gedə bilməz. Bu kimi erkən evlilik faktları gizli gedən proseslərdir, hərçənd ki, ictimaiyyətə gizli qalsa da hadisə baş verən ərazilərdə ətrafda olan insanlar və qurumlar müvafiq dövlət orqanları bunu bəlkə də görür və bilirlər. Amma özlərini görməzliyə vururlar. Hadisədən xəbərdar olub səsini çıxarmayan şəxslərə görə bu kimi faktların yaşanması davam edir. Lakin qeyd etməliyəm ki, 2010-2011-ci illərdən bu yana Komitə və aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində bu faktlar azalmaqdadır. Elə bu faktların ən pik həddi də məhz 2011-ci ilə təsadüf edir”. 

Komitə sədri qeyd edib ki, bu məsələdə maarifləndirmə tədbirlərinə də, inzibati cəzalara və digər cəzalara da rəğmən bəzi ailələrdə bu kimi məsələlər hələ də davam edir: 

“Çox təəssüf ki, bu kimi məsələlər bəzi hallarda yaşlı nəslin nümayəndələrinin normal bilib, reallaşdırdığı hadisə olsa da, bəzi hallarda bunu təhsilli, cavan ailələrdə də müşahidə edirik.

Düşünürəm ki, bu artıq adət ənənədən kənara çıxır. Sadəcə bunun cinayət olduğunu bilərək əhəmiyyət vermədən reallaşdırmaq faktı kimi qəbul edilməli və cinayət qanunvericiliyi ilə qiymətləndirilməlidir. Biz bu məsələdə yanaşmaların və cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq. Bu istiqamətdə bəzi mövqelərimiz var amma bu təkcə bizim istəyimizdən asılı deyil. Müvafiq dövlət orqanları bizim mövqeimizi dəstəklədiyi, bu məsələyə parlamentdə baxıldığı və qanunvericiliyə dəyişiklik edildiyi halda cəzalar sərtləşdirilə bilər. Amma indiki halda düşünürəm ki, ən sərt cəza ictimai qınaqdır. İctimai qınaq zamanı da ailənin və erkən evliliyə cəlb olunan şəxslərin adları, ünvanları tanıdılmamalıdır”.