Agentlik Tərtər və Bərdə icra hakimiyyətləri ilə İŞBİRLİYİNDƏDİR? – Ekoloji terror BÖYÜYÜR

21:52 01-06-2021 342

Azərbaycanda faydalı qazıntlardan istifadədə özbaşınalıq və qanunsuzluğun  hökm sürdüyü barədə yazılar dərc etmişdik. Kəlbəcər, Ağdərə, Bərdə və Tərtər rayonları ərazisindən axan Tərtərçaydan normativlərə zidd və qeyri-qanuni yollarla qum-çınqıl istehsal olunduğunu, qeyri-qanuni yollarla milyonlarla manat sərvət əldə edildiyini qeyd etmişdik.

Hətta Tərtərçaya 13 qum üyüdən qurğunun (drabilka) cəlb olunduğunu, hər birinin gündəlik 400 kub qum və çınqıl çıxardığını, dərinliklə bağlı normativlərin pozulduğunu əks etdirən foto və videogörüntülər təqdim etmişdik. Üstəlik bu işlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin icazəsi olmadan Bərdə və Tərtər rayon icra hakimiyyətlərinin rəhbərliyi altında reallaşdığını yazmışdıq.

Məsələ ilə bağlı Bizim.Media saytında dərc edilən ard-arda yazılardan sonra Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi də sahibkarlara və müvafiq yerli icra hakimiyyətlərinə çağırışlar edərək, qanunsuz daşınmanın dayandırlması, eləcə də ekoloji terrorun qarşısının alınması tələbi ilə çıxış etmişdi.

Amma sümürülən milyonlardan əl çəkmək istəməyən Bərdə və Tərtər icra hakimiyyətləri sözügedən qanun pozuntusunu nəzarətedici quruma məhəl qoymadan davam etdirmişdi.

1622551423_1-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəhbəri Samir Qurbanov saytımıza açıqlamasında deyib ki, Tərtərçayda aparılan qeyri-qanuni qazıntı işləri ilə bağlı məsələnin Bizim.Media saytı tərəfindən ictimailəşməsi və gündəmə gətirilməsi problemin həllinə bilavasitə yardımçı olub: “Sizin siqnaldan sonra nümayəndə heyətimiz orada olub və müvafiq işlər görülüb. Buna bənzər hallar olarsa, mütləq bölüşün. Biz ciddi nəzarət edirik və belə halların qarşısın almaq üçün hər cür tədbir görürük”, deyə qurum rəsmisi əlavə edib. 

Bundan sonra saytımıza daxil olan məlumata görə qanunsuz qum və çınğıl biznesi bu gün də davam etdirilir.

Daha doğrusu Bərdədə qum-çınqıl istehsalını aparan drabilkaların fəaliyyəti gündüz saatlarında dayandırılsa da Tərtərdə bir neçə qum üyüdən qurğu (drabilka) gecə saatlarında işlək vəziyyətdə olduğu və yer təkində qazıntı işləri həyata keçirdiyi bildirilir. Ekoloji fəlakət hesabına mənimsənilən sərvətlərin isə kimlərin cibinə axdığı məlum deyil. Bir sözlə nə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi icra hakimiyyətləri ilə bacara bilir, nə də sözügedən icra strukturlarına “dur” deyən tapılır.

Cavabdeh qurumlar qanunsuz istehsalın qarşısına almağa heç cür müvəffəq ola bilmirlər.

Halbuki Agentlik istənilən ərazidə aparılan qeyri-qanuni istehsalla bağlı müvafiq tədbir və cərimələr tətbiq etdiyini bəyan edir.

Bəs Tərtər və Bərdədə onların sözü niyə keçmir?

Bir neçə dəfə ictimailəşən məsələ niyə həllini tapmır?

Bəlkə görülən işlərdə “əl birliyi” var?


Hər halda cavablar bizlə bərabər ictimaiyyət üçün də maraqlıdır. Amma bu məsələdə yalnız bir qənaətə gəlmək olar. Demək ki, Agentliyin mübarizə üsulları səmərəli və şəffaf deyil... 

Məsələ ilə bağlı Tərtər və Bərdə icra hakimiyyətlərindən mövqe almaq mümkün olmayıb. 

Qeyd edək ki, yer təki haqqında qanunvericilliyə əsasən yerli icra hakimiyyətləri yer səthinə münasibətdə sərəncam verə bilərlər, yer təkinə deyil.

Yerin altında ehtiyat varsa, buna səlahiyyətli qurum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyidir.

Agentlik yerin təkindən istifadəyə icazə sənədi verdikdə yerli icra hakimiyyəti müvafiq torpaq ayırma sənədinin verilməsini təmin edə bilər. Sözügedən məsələdə Agentlik Tərtər, Bərdə icra hakimiyyətlərinə, nə də hansısa sahibkara yer təkindən istifadəyə görə icazə sənədi vermədiyini bildirib. Hər halda qurum rəsmiləri saytımıza belə deyiblər. 

Mövzunu diqqətdə saxlayacağıq. 

Mənbə Bizim.Media