İki erməni müharibə cinayətkarını mühakimə etmək Azərbaycanın hüququdur – ŞƏRH

21:57 01-06-2021 468

Azərbaycanın saxladığı erməni yaraqlıları ədalət mühakiməsinə cəlb etməyə hüququ var.

Söhbət ondan gedir ki, iyunun 2-də Birinci Qarabağ Müharibəsi zamanı və ondan sonra azərbaycanlılara qarşı cinayətlərə imza atan Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi keçiriləcək.

İndi isə bəzi dairələr özlərinə əl qataraq bütün hərbi əsirlərin geri qaytarılması tələbi ilə çıxış edirlər və az qala həmin şəxslərin də hərbi əsir obrazından təqdimatını aparırlar.

Azərbaycan isə bütün hərbi əsirləri geri qaytardığını bildirib, yerdə qalanlar isə hərbi əsir yox, terrorçulardır.

Məsələ burasındadır ki, bəzi beynəlxalq təşkilatların çağırışı hüquqi əsaslardan çox qərəzli mövqenin ifadəsidir.

Müharibə cinayətləri törədənlərin ədalət önünə çıxarılması beynəlxalq təcrübədə də mövcuddur və bu hüquqi prosedurlardan kənara çıxmır.

İndi ermənilərin müharibə cinayətinin tərkibini yaradan əməllərdə iştirakı heç kimə sirr deyil.

Bu iki erməni yaraqlısının etdikləri beynəlxalq hüquqda da insanlıq əleyhinə törədilən cinayətlər kateqoriyasına aiddir.

“Mülki və Siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci bəndinə nəzər salaq.

Həmin bənddə göstərilir ki, hazırkı maddənin heç bir müddəası, törədildiyi anda beynəlxalq hüquq tərəfindən qəbul edilən ümumi hüquq prinsiplərinə uyğun olaraq cinayət əməli sayılan istənilən hərəkətə və xətaya görə istənilən şəxsin məhkəməyə verilməsinə və cəzalandırılmasına əngəl törətmir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 7-ci maddəsinin 2-ci bəndində göstərilir ki, bu maddə törədildiyi zaman sivil ölkələrin tanıdığı əsas hüquq prinsiplərinə müvafiq olaraq cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizlik törətməyə görə istənilən şəxsin mühakimə edilməsinə mane olmur.

Nəzərə almaq lazımdır ki, həmin ermənilər hərbi əsir yox, müharibə cinayətkarlarıdır, onlar Azərbaycanın yurisdiksiyasında olan ərazilərdə ən ağır cinayətlər törədiblər.

İndi Mkrtıçyan və Xosrovyanı hərbi əsir statusuna mindirmək cəhdləri məntiqsizdir. İkincisi, hərbi əsir statusu belə, beynəlxalq hüquqda müharibə cinayəti kimi təsbit olunan əməllərə görə məsuliyyətdən azad etmir.

Müharibə cinayətlərinə görə mühakiməyə dair beynəlxalq təcrübədə Nürnberq prosesini göstərmək olar.

Nürnberq prosesi, İkinci Dünya Müharibəsindən qalib çıxan müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Almaniyanın nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün qurulan məhkəmədir. Məhkəmələrdə nasist liderlərə cəzalar kəsilib, kimisə edam olunub, kimisi də həbs olunub.

Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa tribunalı) də Ratko Mladiç, Radovan Karaciç, Slobodan Miloşeviç kimi müharibə cinayətkarlarını mühakimə edib.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumata görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar.

Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib. Onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına işgəncələr verib.

Həmçinin 1999-cu ilin sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, İrəvana gətirilən və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə işgəncə verib.  

İstintaq materiallarına görə, Lüdvik Mkrtiçyan tərəfindən əsir götürülmüş 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və İrəvanda qanunsuz saxlanıldığı yerlərdə döyülüb, müxtəlif xarakterli işgəncələrə məruz qoyulub. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu avomat silahdan atəş açılaraq öldürülüb.

Lüdvik Mkrtiçyanın 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı bildirilir.

İstintaq müəyyən edib ki, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan isə 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verib, onlarla qəddar və qeyri-insani rəftar edib:

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri” Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. Onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Məlumatda deyilir ki, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci ilin 3 oktyabrında Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Göründüyü kimi, onlar müharibədən sonra da işgəncələrindən əl çəkməyiblər və bu, girov və əsirlərlə davranış qaydaları ilə daban-dabana ziddiyyət təşkil edir.

Aqşin Kərimov