Bu gün Vətən müharibəsi şəhidinin 23 yaşı tamam olur

13:30 02-06-2021 333

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin doğum günüdür.

Xəbər veririk ki, Rəfibəyli Əbdülrza Şamməd oğlu 1998-ci il iyunun 2-də Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 49 ünvanında anadan olub.

O, 2004-2015-ci illərdə Bakı şəhəri Tahir İmanov adına 57 nömrəli tam orta məktəbi bitirib.

Məktəbi bitirdikdən sonra 2016-cı ildə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə artilleriyaçı olan Ə.Rəfibəyli 2018-ci ilin yanvar ayında xidmətini başa vurub.

Ötən il Vətən müharibəsi başlayan zaman N saylı hərbi hissədə təlimlərə qatılıb. Təlimlərdən sonra ötən il sentyabrın 27-də Füzuli rayonu N saylı hərbi hissəsindən artilleriyaçı kimi Vətən müharibəsinə qoşulub.

Ə.Rəfibəyli Füzulinin, Xocavəndin azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. O, ötən il oktyabrın 23-də ildə Xocavənd yaxınlığında şəhidlik zirvəsinə ucalıb.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ə.Rəfibəyli ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.