Vətən müharibəsi qazisi Cavadov Nazim: “Əvvəlki iş yerimdə dedilər ki, get, başına çarə qıl” – VİDEO

13:40 02-06-2021 423

Bir qrup Vətən müharibəsi qazisi iyun ayının 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında məşğulluq problemləri ilə bağlı aksiya keçiriblər.

“Meydan TV”yə istinadla xəbər veririk ki, qazilər, müharibədən qayıtdıqdan sonra məşğulluq idarələrinə müraciət etsələr də, onlara iş verilmədiyini bildiriblər.

Qazi Cavadov Nazim Eldar oğlu bildirib ki, müharibədən əvvəlki işinə qayıtmaq istəsə də, çalışdığı qurum onu işə bərpa etməyib: “Müharibədən qabaq “Azərişıq”ın nəzdində fəaliyyət göstərən “Baku Elektrod” ASC-də işləmişəm. Müharibədən sonra getdim, müdür dedi ki, səni yenidən işə qəbul edəcəyik. Sənədlərimi toplayıb təqdim etdim. “Addelkadr” dedi ki, bu gün-sabah həll olar, sonra mənə dedi ki, qaqaş, get, başına çarə qıl”.


Dövlət Məşğulluq Agentliyindən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qəbula gələn 6 qazimizin hər biri nazirliyin əməkdaşları tərəfindən qəbul edilib və müraciətləri dinlənilib:

“5 Qazimizin müraciəti özünüməşğulluq proqramı, bir nəfərin isə iş ilə bağlı olub. Onlar proqrama cəlb edildiklərini qeyd edərək aktivlərin verilməsi prosesinin sürətləndirilməsini xahiş ediblər. Onlara bir daha proqramın icrası barədə məlumat verilib, əvvəlcə təlimlərə cəlb ediləcəkləri, daha sonra isə seçdikləri sahələr üzrə avadanlıqlarla təmin ediləcəkləri bildirilib.

Qazilərimizə özünüməşğulluqlarını qurmaları üçün təlimlərdə iştirakın vacibliyi və bu təlimlər zamanı onlara seçdikləri biznes sahələr üzrə lazımı bilik və bacarıqların tədris ediləcəyi qeyd edilib. İş üçün müraciət edən şəxsə isə mövcud vakansiyalar barədə məlumat verilib. Seçimi əsasında işlə təmin olunmasına yardım ediləcək. Dövlət Məşğulluq Agentliyi tərəfindən onların hər birinin məşğulluğunun təmin edilməsi üçün işlər aparılır. Yekun olaraq bildirim ki, qazilərimiz bu görüşdən razı ayrılıblar”.