Kürdəmir sakini: Mənə dedilər ki, get Səlim Müslümova qarşı iddia qaldır

13:42 02-06-2021 261

“Dəfələrlə nazirliyə müraciət etmişəm, nə nazirin, nə də müavininin qəbuluna düşə bilirəm”

Kürdəmir rayon sakini, 27 yaşlı Laçın Nazim oğlu Cabbarovun şikayəti var. O deyir ki, 2012-ci ildə hərbi xidmətdə olarkən vulqar psoriaz adlanan dəri xəstəliyindən əziyyət çəkib və 1 ay 15 gün hospitalda müalicə alıb. Bundan sonra hərbi həkim komissiyasının 62-ci b maddəsinin 2-ci qrafasına əsasən sülh dövründə yararsız, müharibə dövrü üçün məhdud yararlı olaraq ehtiyata buraxılıb.

Laçın Cabbarov deyir ki, həmin ildən başlayaraq əlillik dərəcəsi almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin ona əlillik dərəcəsi təyin edilməyib. Hər dəfə nazirliyin cavabında yenidən müalicəyə ehtiyacı olduğu bildirilib.

“Əgər sağalmaq şansım vardısa, niyə hərbi həkimlər sağaldıb yenidən hərbi xidmətə yollamırdı?”- deyən Laçın Cabbarovun problemi nəhayət, 2019-cu ilin sonlarında həllini tapıb. Həmin il, noyabrın 30-da əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Kürdəmirdə vətəndaşları qəbul edərkən Laçın Cabbarovu da dinləyib:

“Görüşdən 4 gün sonra mənə ikinci qrup əlillik təyin olundu. Ötən illərdə əlillik dərəcəsi almamışdım və buna görə Dövlət Sığorta Kommerisiya Şirkəti mənə 3850 manat məbləğində sığorta haqqı ödəməlidir. Bu haqda da nazirə dedim və o müavini Anar müəllimə göstəriş verdi ki, vətəndaşın problemini həll edin. Ancaq hələ də həmin pulu ala bilmirəm.

Dəfələrlə nazirliyə müraciət etmişəm, nə nazirin, nə də müavininin qəbuluna düşə bilirəm. Nazirliyin Lyudmila və Rauf Babayev adlı əməkdaşları isə deyirlər ki, cənab nazir səmimi olaraq bir söz işlədib, indi onu tələb etməyim düz deyil. Mənə deyirlər ki, onların işi sığorta ilə bağlı deyil, bunu həll edə bilməzlər”.

Laçın Cabbarov deyir ki, çoxsaylı müraciətlərindən sonra nazirlikdən ona “gedin, Kürdəmir rayonundakı Heydər Əliyev Mərkəzindən kamera görüntüləri gətirin, inanaq ki, nazir sizə bu sözü deyib” cavabını veriblər.

Şikayətçi nazirliyin şöbə müdiri Elnur Abbasovun “Zoom” proqramı vasitəsilə keçirdiyi qəbula da qoşulub:

“O da dedi ki, bu məsələ heç cür həllini tapmayacaq. Dedi, sənin problemin Səlim Müslümovun nazir olduğu dövrdə olub və bunun hazırkı nazirliyə heç bir aidiyyati yoxdur. Mənə Səlim Müslümovun məhkəməsinə çıxmağı, mənim də bir iddia qaldırmağımı məsləhət bildi. Bu da alınmasa, Prezident Administrasiyasına məktub ünvanlamağımı çıxış yolu kimi göstərdi”.

Laçın Cabbarov deyir ki, məmurlar bilərəkdən insanları incidir, onları intihara doğru sürükləyir: “Mənim özümü öldürmək fikrim yoxdur, amma problemlərimin həlli üçün sona qədər gedəcəm”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə məsələni araşdıracaqlarını deyiblər.