“NİZAMİ İLİ”nin “ELM GÜNÜ” VƏ ELMİMİZİN GÜNÜ İLƏ BAĞLI DÜŞÜNCƏLƏR

19:43 02-06-2021 630

AMEA rəhbərliyinin "fəaliyyəti" elmimizə hansı zərbələr vurur?

 “Hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır”.

Prezident İlham Əliyev

 Haşiyə: Elmimizlə bağlı bu yazı kimlərisə ittiham etmək deyil. Yalnız tənqid və ittiham bizi elmdə daha neçə on illər geri ata bilər. Yazı hazırda XXI əsrdə inkişafın mühərriki, milli varlığın qurtuluş amili olan bir sahədəki vəziyyətlə bağlı düşündürmək cəhdi, Azərbaycan elmində necə dönüş yaratmalı, - sualına cavab axtarışıdır. Elmimizin vəziyyəti ilə narahat olan hər kəsin və bir xalq olaraq hamımızın elmi səfərbərlik üçün fikir mübadiləsinə dəvətdir..

    (Əvvəli qəzetin ötən saylarında)

 2019-cu ilin avqust ayında AMEA rəhbərliyi dəyişdi. AMEA-da yeni prezident olsa da, alim-akademik və elm sahəsi ilə 30 illik dövrdə ən yaxından tanış olan şəxs elmi rəhbərliyə gəldi və islahatlar bəyanatını verdi.

Ölkədə elm sahəsi ilə uzun illər tanışlığı olan şəxsin vəziyyətə dərindən bələd olması haradasa müsbət gözləntilər də yaratdı. AMEA tarixində ilk mətbuat konfransı keçirildi. Mövcud problemlər açıqlandı. Maraqlıdır ki, problemlərin yenə də mütləq olaraq, maddi amillə bağlılığı qabardıldı. Sadəcə bu açıqlamanı və yaranmasından 60 il binasız fəaliyyət göstərən, fədakarlıq resursuna güvənən ABŞ MEA-nın yuxarıdakı misalını müqayisəsi göstərir ki, elmimiz naminə başlanğıcdan “ürək yanğısı, milli səfərbərlik və fədakarlıq kimi insan amili” bu hünümüzdə də bir kənarda, dərk edilməmiş səviyyədə qalıb.

Sitat: “Azərbaycanda elmə ayrılan vəsaiti 81-82 faizi əmək haqqı, vergilər, sosial yardımların ödənilməsinə, 10% -i kommunal xidmətlər, rabitə və internet xərclərinə sərf edilir. Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan qazanılan qrantlar hesabına alınan cihazların səmərəliliyi 20 faizi ötmür..:Bir neçə institut xaricində heç bir əməli işlər aparılmayıb. Gənclərin sayı 10-20 faizdir... fundamental sahə inkişaf etməyib.” Beləliklə, AMEA- sosial təminat qurumuna(“sobesə”),büdcənin ancaq əmək haqqına sərf edildiyi təşkilata çevrilməsi təsəvvürü möhkəmləndi.

İslahatlar çərçivəsində AMEA institutlarında Avropa təcrübəsi əsasında baş (ümumi işlər) və icraçı direktor (elmi işlər) vəzifələrinin yaradılması, “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın qəbul olunduğu bildirilib.

Sözügedən sənədin təhlili ayrıca mövzudur. Proqram sənədin 5 illik zaman əhatəsi fonunda, onun 7 səhifə olması heç bir nikbin ümidlərə yer qoymur. Həcm, forma baxımından, analoji konseptual,doktrinal sənədlərlə müqayisə belə edilməyən proqramın məzmunu da müzakirə mövzusudur. Çağdaş qlobal elmi reallıqla, yaşanan elmi inqilabın sayca necənci olması ilə bağlı AMEA-nın rəhbərliyinin təsəvvürləri dövlət elm siyasətindən fərqli olması aşkara çıxır. Məs., prezidentin sərəncamı ilə “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradıldığı halda,AMEA rəhbərinin 2020-ci il Elm günü və AMEA-nın 75 illiyi ilə bağlı məqaləsdə qeyd edilir.

Sitat: “Bu gün sivilizasiya informasiya epoxasına daxil olub, onu üçüncü sənaye inqilabı da adlandırırlar”. Həmin məqalədə sözü gedən “proqram-sənədin”,sitat: “yaxın on ildə aşağıdakı başlıca istiqamətlərini müəyyənləşdirir: elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsi; struktur islahatlarının həyata keçirilməsi və idarəçiliyin təkmilləşdirilməsi;elmi infrastrukturun modernləşdirilməsi;elmi işçilərin attestasiyasının keçirilməsi, elmi kadrların hazırlıq keyfiyyətinin daha da yaxşılaşdırılması; elmin maliyyələşdirilməsinin optimallaşdırılması və elmi əməyin ödənilməsi;...”

Sadəcə təsəvvür edək ki, 10 ilə biz hələ prioritetləri müəyyən etməli, idarəçiliyi təkmilləşdirməli olsaq, sonrakı illərimiz də nə qədər gerilədiyimizi hesablamağa sərf edilə bilər..

Pandemiya dünyada elmə münasibətdə yaratdığı görünməmiş rəğbət, pərəstiş Azərbaycanda sanki əks effekt verib.Durğunluq və özünü doğrultma bəhanəsinə çevrilib.

Dünyada elmin maddi bazası ilə eyni-bərabər dərəcədə, elmin səmərəli, düzgün “yaxşı idarəçilik” adlanan siyasət əsasında təşkili uğurların əsas səbəblərindəndir. Ölkəmizdə elmin idarəçiliyi sahəsində ali orqan statuslu qurumun indiyə qədər struktur və funksional olaraq, “düzgün idarəçilik” modelinin formalaşması yönündə səyləri gözlənilən nəticələri verməyib.

Hazırda elmimizin idarəçilik və təşkilat sistemini səciyyələndirən əsas xüsusiyyəti islahatların “imitasiyası” kimi adlandırmaq olar. Mövcud elmin idarəçilik modeli və mexanizmləri elmi sıçrayışlı inkişafı uçun stimul, motivasiya yaratmaqdan uzaqdır. Belə ki, elmin idarəçiliyi olduqca geniş, çoxşaxəli fəaliyyət sahəsi olub, kadr siyasəti, tədqiqat infrastrukturu, maliyyənin səmərəli sərfi, elmi mühitin yaradılması üçüm sosial kommunikasiya və koordinasiya, elmi ictimaiyyətin şəbəkələşməsi, elmi məhsul verilməsini motivasiya etmək, maraq mühitinin yaradılması üçün elmin populyarlaşdırma tədbirlərini keçirmək, peşəkarlığın artmasına dəstək, intensiv beynəlxalq əməkdaşlıq münasibətlərinin, elm diplomatiyasının qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, idarəçilikdə kollegial orqanların yaradılması, strateji elmi prioritetlər seçimi, təşkilat daxili sağlam rəqabətin təmin edilməsi və s. əhatə edir.Qeyd edilən konkret istiqamətlər AMEA fəaliyyətində hiss edilməz dərəcədə olub.

Hazırda elmi mühitin yaradılması üçün sosila şəbəkələr böyük imkanlar yaradıb. Xüsusilə də pandemiya dövründə bütün sosial şəbəkələr üzərindən aparıldığını nəzərə alsaq, elmimizin idarə edən qurumların fəallığı müşahidə edilməyib. 1995-ci ildə ölkədə yaradılan ilk veb saytın AMEA-saytı olsa da, onun sosial şəbəkələrdə fəaliyyətinin öncüllüyü barədə ilk sıralarda olması hiss edilmir. (FB səhifəsində sonuncu postu-yarım il əvvələ(10 sentyabra 2020) aiddir .)

 Elm siyasətinin qanunverici əsaslarının mövcud çağırışlara adekvat yenilənməsində fəallıq və təşəbbüs zəifdir

 Elmin inqilabi sahələri üzrə rəsmi sənədlərin qəbul edilməsində gecikmələr mövcuddur. Azərbaycanda elmi-texniki siyasətlə bağlı qanunverici sənədlər, konsepsiya və proqramların XXI əsrin inkişaf trendlərinə uyğun yenilənməsi, strateji prioritetlərlə bağlı ayrıca dövlət sənədlərinin hazırlanması növbəsini gözləyir. Sözü gedən sənədlərin hazırlanmasına elmi ictimaiyyət tərəfindən təşəbbüslər göstərilməsi çox vacibdir. Tarix göstərir ki, tək bir belə təşəbbüs (məs. F.Ruzveltin elm üzrə məsləhətçisi Vannevar Buşun 1 səhifəlik məktubu) elmin gedişatını dəyişməyə qadirdir.

4-cü sənaye inqilabının mühərriki - Süni intellektdir(Sİ). Dünyanın 40-dan artıq ölkəsi Süni İntellekt (Sİ) sahəsində milli strategiyalar yaxud analoji rəhbər sənədlər, milli proqramlar, fəaliyyət planı formatlı sənədlər qəbul edilib. Qabaqcıl ölkələrlə yanaşı, Şərqi Avropa,bəzi MDB dövlətləri, hətta Afrikada Keniya və s. ölkələr qlobal Sİ rəqabətinə qoşulmuşlar. Millli dövlətlər bütün resurlarını bu rəqabətdə səfərbər edib. Azərbaycan Sİ-lə bağlı milli strategiya qəbul edən və reytinqlərdə yer alan ölkələr sırasında yoxdur. Elmə investisiyaların elmin təşkilat infrastrukturu üzrə deyil, məqsədyönlü prioritet tədqiqatlar və istiqamətlər üzrə ayrılmasına önəm verilir. Azərbaycanda bu sahələrin məs,süni intellekt və yüksək texnologiyalar və s. kimi müəyyən edən konseptual sənədlərin təqdimi gecikir. “Elm haqqında” Qanunda “süni intellekt” sözünün olmamasını nəzərə alaraq,bu sahədə işlərin sürətləndirilməsi gündəmdədir. Ölkəmizdə sosial,iqtisadi-texnoloji sahələrlə bağlı rəsmi sənədlərin məzmununda elm sözünə rast gəlinməməsi yaxud olduqca az olması-arzu olunan hal deyil. Məs., “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sənəddə göstərilən 5 Milli Prioritetin heç birində “elmi-texnoloji” termini yoxdur. Nəinki 5 prioritet, həmçinin, sənədin mətnində ən son abzasda bircə kəlmə “elm” sözünü tapmaq mümkündür. Kobud müayisə ilə, elmin nüfuzunu artırmaq, elmə diqqəti cəlb etmək üçün “elm” sözünü nə qədər çox desək, şüurlara aşılasaq, o qədər çox fayda var.

Ölkəmizdə elmin inkişafı ilə bağlı özəl statusa malik AMEA-nın hazırkı formada səmərəli idarəçilklə bağlı dönüşə nail olmasına nikbinlik yaradan əsaslar yox dərəcəsindədir.

Bununla yanaşı, son əsrə yaxın müddətdə ölkədə elmi tədqiqat və təşkilatlanma modeli kimi formalaşan akademik elm modelinin dağıdılması, ləğvi və s.də kimi cəhdlər də qeyri-məqbul,riskli addım olardı. Yaradılacaq istənilən model “dağıdaq,sonra qurarıq” məntiqindən uzaq olmalıdır. Eyni zamanda bu o demək deyil ki, “dərdlərin çarəsi” yalnız qurumun hazırkı formada mövcudluğunu saxlamaq ola bilər.

Azərbaycanda elmin idarəçiliyi, menecmenti yaxud akademik idarəçilik adlandırılsın, elm haqqında elmlə bağlı ictimaiyyətşünasların tədqiqatları,uğurlu elm modellərinin təhlili də yox dərəcəsində olsa da, yazılan dəyərli kitabların geniş müzakirəsinə heç bir ehtiyac hiss edilməyib. (Məs.Azərbaycanda elm və onun təşkilati formaları Bakı – 2010);Elm haqqında elm. Bakı, 2011;Elmşünaslığa giriş. Bakı, 2010) Bundan fərqli olaraq, başqa ölkələrdə optimal təşkilatlanma modelləri nəinki davamlı müzakirə edilir,həmçinin “Elmi sahəsində ən yaxşı idarəçilik təcrübələri bankı” yaradılıb(məs. Rusiya)

Hazırda elmdə islahatların imitasiyası kimi mövcud vəziyyət dramatik adlandırıla bilər. Belə ki, vəziyyətin dərinlik-ağırlıq dərəcəsi elmin dinamikası və statistik data baza, potensialın qiymətləndirilməsi olmadığı üçün tam məlum deyil. Buna görə də müşahidələr əsasında deyə bilərik ki, hazırda elm institutu ümumi taleyüklü məqsədlər ətrafında səfərbər olan "vahid bir bütöv,korporativ qüvvə” kimi deyil, təcrid edilmiş, kommunikasiyasız və ünsiyyətsiz durumda mövcuddur. Alimlər arası elmi dialoq və ünsiyyətdən daha çox,çəkişmə-qütbləşmə sezilir.

 (Ardı var) 

Tahirə Allahyarova,
Professor