Ölümsüzlüyə qovuşub

19:45 02-06-2021 342

Azğın ermənilərə qarşı yenilməz ordumuzun apardığı 44 günlük müharibənin demək olar ki, hər günü yaxın dostum, tərtərli Şakir Ağayevə zəng vurur, dərdlərimizi bölüşürdük. Şakir Bakıda yaşasa da onun əzizlərinin hamısı cəbhə bölgəsində-Tərtərdə yaşayır. Növbəti dəfə də biz telefon əlaqəsi yaradanda Şakir dostumuz mənə dedi ki, qardaş, Şəhid Xudayar heç bilirsən kimdir? Bildirdi ki, bizimlə Bakıda görüşən Yusif dayı yadındadırmı? Poeziya həvəskarı Yusif dayını deyirəm. Həmin anda bu sadəlövh, şair qəlbli ağsaqqal kişi yadıma düşdü. Şakir dostum məyus halda bildirdi ki, şəhid Xudayar Yusif dayının nəvəsidir. Bu bəd xəbər məni də hədsiz kədərləndirdi. Axı şəhidlərin hər biri bizim əzizlərimizdir, doğma balalarımızdır, namus və qeyrətimizi qoruyanlardır. Mən Şakir qardaşımın dəstəyi ilə Yusif kişi ilə əlaqə yarada bildim, ona təsəlli verdim. Xudayar haqqında Yusif babadan çox şey öyrənə bildim.

 İgid eloğlumuz, xalqın sevimlisi şəhid Xudayar Müslüm oğlu Yusifzadənin həyat tarixçəsinə nəzər yetirək: Xudayar 15 iyul 1998-ci ildə qədim tarixə malik olan Bərdə şəhərində dünyaya göz açıb. 2005-ci ildə Z. Əliyeva adına məktəb liseyinə daxil olub. 2016-cı ildə Bərdə şəhər 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. X. Yusifzadə hərbi xidmətini Bakı şəhərindəki “N” saylı hərbi hissədə başa vurub. O, daxili qoşunların dövlət sərhəd bölməsində ləyaqətlə xidmət edib. Dəfələrlə hərbi hissə komandanlığının təşəkkürlərini alıb.

Xudayarın atası Müslim Yusif oğlu Qurbanov gözəl qarmon ifaçısı olub. 1998-ci ilin 12 avqustunda atası vəfat edəndə Xudayar bir aylıq körpə idi. Bu ailədə bir bacı, 3 qardaş dünyaya gəlib. Çox çətinliklə, əzab-əziyyətlə böyüyən Xudayar əsl vətəndaş kimi böyüyüb, elinə, obasına, Vətənə bağlı bir gənc kimi yetişib. Bu vətənpərvərlik, torpağa bağlılıq onu göylərə qaldırdı, elin sevimlisinə, əzizinə çevirdi. 2020-ci ilin 27 sentyabrında döyüşlərə qatılan Xudayar Yusifzadə erməni quldurlarına qarşı amansız mübarizə aparır, onlara qan uddurur. Xudayar 22 oktyabrda Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir, cənnətməkan olur. Özünün məlahətli səsi ilə hamını valeh edən, musiqimizə qəlbən bağlı olan eloğlumuz ən yüksək bir zirvəyə yüksəldi. “Vətən yaxşıdır” mahnısı ilə xalqın qəlbinə yol tapan Xudayar Vətənin hər şeydən şirin olduğunu, Vətənə bağlılığını sübut etdi. O, Murov dağı, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayıl istiqamətində gedən qızğin döyüşlərin önündə güdib. Ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları ilə və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir. Şəhidlər heç vaxt ölmürlər, onlar ölümsüzlüyə qovuşur, ürəklərdə əbədi məskən salırlar. Və sonda üzümü Xudayarın əzizlərinə, öncə 81 yaşlı Yusif babaya, İradə anaya tutub deyirəm: Başınızı dik tutun, Xudayar yaşayır, onun əziz ruhu və xatirəsi hər birimizin qəlbindədir. Əzizimiz Xudayar haqqında yazdığım yazını qəlbimdən süzülüb gələn aşağıdakı misralarla sonlamaq istəyirəm. 81 yaşlı Yusif babanın da nəvəsinə həsr etdiyi şeiri oxuculara təqdim etməyi özümə borc bildim.

Ruhun şad olsun!

 Xudayar

 (Vətən uğrunda şəhid olmuş mərd eloğlumuz Xudayar Yusifzadəyə)

 

Qədim Bərdə torpağında doğuldu,

Əlçatmaz bir zirvə oldu Xudayar.

Qeyrəti, vicdanı oldu amalı,

Çiçəktək açılıb, soldu Xudayar!

 

Körpə ikən yetim qaldı atadan,

Acı tale yazdı ona yaradan,

Aldı ata iyini də anadan,

Qanadsız quş kimi qaldı Xudayar!

 

Qədəri, qisməti gətirdi acı,

Kəsildi hər yandan sanki əlacı,

Tək bacısı oldu başının tacı,

Döyüşlərdə zəfər çaldı Xudayar!

 

Füzulidə Polad kimi döyüşdü,

Şəhidliyə Zəngilanda yetişdi,

Adı nəğmə olub dillərə düşdü,

Ürəklərdə məskən saldı Xudayar!

 

Şux səsiylə o, sevdirdi özünü,

Hər əzaba vardı onun dözümü,

Öz qanilə söylədi öz sözünü,

Ən yüksək bir orden aldı Xudayar!

 

Vətənə can dedi, düşmənə qan-qan,

Məlahətli səsi hər kəsə dərman,

Fəxr edir onunla el-Azərbaycan,

Xalqın istəklisi oldu Xudayar!

 

Emin Baratoğlu, AYB-nin və AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı,

 

Prezident təqaüdçüsü, “Həkəri”nin “Qəbələ müxbiri.

 

Vurdun, Xudayar

 

(Şəhid nəvəm Xudayar Yusifzadənin əziz xatirəsinə)

 

Qeyrət, namus vardı sənin qanında,

Düşmənlə üz-üzə durdun, Xudayar,

Əmr verən kimi Ali Baş Komandan

Düşmənin başına vurdun, Xudayar!

 

Murov dağın siz mərdliklə aldınız,

Cəbrayıl uğrunda zəfər çaldınız,

Dığaları vəlvələyə saldınız,

Baxıb sən onlara güldün, Xudayar!

 

Vətən mahnısını oxudun, güldün,

Murdarların izin Vətəndən sildin,

Kişi tək döyüşdün, kişi tək öldün,

Şəhidlik adınl aldın, Xudayar!

 

Tanrı mənə bu itkiyə döz dedi,

Baban Yusif dərd əlindən söz dedi,

Xudayara sən bir dastan yaz dedi,

Neçə orden, medal aldın Xudayar,

Əbədi tarixdə qaldın, Xudayar!

 

Yusif Qurbanov, Bərdə şəhəri