Ağsaqqal palamentarilərdən saqqalı ağlara hörmətsizlik

19:52 02-06-2021 495

Bu məmləkətdə gənclik 35, qocalıq 65 yaşında bitir

 Yazının əvvəlində iki faktı diqqətinizə çatdırım.  Birincisi, Azərbaycanda fəaliyyət göstərən əksər banklar yaşı 65-i keçmiş şəxslərə kredit vermir. Yaxud, bu krediti almaq üçün zamin tələb edirlər ki, işdir-şayətdir ölüb eləsən, krediti o şəxs ödəyəcək. Bu elə ilk baxışdan yaşlı insanlara qarşı hörmətsizlik və eyni zamanda təhqirdir. Azərbaycan dövlətinin qəbul etdiyi qanunlardan irəli gələn bir təhqir. Çünki dövlət, bu dövlətin möhtərəm və möhtəşəm məmurları, deputatları sinələrinə döyərək sübut etməyə çalışırlar ki, ölkəmizdə insanların orta yaş həddi ildən-ilə yüksəlir. Bu da dövlətin yaşlı insanlara diqqət və qayğısının nəticəsidir. Məhz buna görə də, pensiyaya çıxmaq üçün yaş həddini artırdılar. Onu da diqqətinizə çatdırım ki, dünyanın hər yerində əks proses baş verir.

 Bankların sərgilədiyi mövqe isə həm də dövlətin qanunlarına sayğısızlıqdır. Bütün dünyada qəbul olunmuş qaydalara görə, insan pensiyaya çıxdıqdan sonra ən azı 10-15 il istirahət etmək huququna malikdir. Bizim hökumətin ağıllı başları da hesablayıblar ki, Azərbaycan insanı ən azından 75-80 yaş yaşayır. Banklar isə israr edir ki, 65 yaşı varsa, artıq ölüdür, vəssalam! Dövlət Yol Polisi də, banklardan geri qalmır. Belə ki, 65 yaşından sonra sürücülük vəsiqəsini dəyişmək istəyən vətəndaşlara məhdudiyyət tətbiq edir. Bir sözlə, istər banklar, istərsə də Dövlət Yol Polisi göz görə-görə insana irad tutur ki, sən nə  üçün bu qədər yaşamısan, ölmək vaxtındır. Yaşlı insan üçün bundan ağır bir təhqir ola bilərmi? Ola bilməz! Bir sözlə, belə çıxır ki, yaşı 65-i keçən insanlar da, koronavirus kimi, bu dövlətin başbəlasına çevriliblər. Eyni zamanda diqqət edin, bu təklifi verənlərin, bu qanunu qəbul edənlərin də, böyük əksəriyyətinin yaşı 65-i keçib. Bu insanlar bir növ öz ölümlərinə fərman verirlər. Gülməlidir, elə deyilmi?

Keçək 35 yaş məsələsinə. Ölkəmizdə MİDA (Mənzil İnşaat Dövlət Agentliyi) adında bir qurum fəaliyyət göstərir. Deyilənlərə görə, bu qurumun vəzifəsi imkansız insanları güzəştli şərtlərlə ipoteka krediti şəklində mənzillə təmin etməkdir. Burada güzəştli şərtlərlə mənzil almaq istəyən şəxslər qarşısına qoyulan çoxsaylı şərtlərdən biri də, məhz yaş həddinin 35-dən yuxarı olmamasıdır.

Bu gün ölkəmizdə on minlərlə gənc evsizlik üzündən ailə qurmur. Heç kim valideynlərinin sovet dönəmindən qalan, heç bir normal kommunal şəraiti olmayan, 30-40-45 kv/m evə gəlin gətirmək istəmir. Buna şərait və imkan da yoxdur. Aylıq qazancı (aylıq 300-350 manat) da kirayə haqqını ödəməyə imkan vermir. Belə olduğu halda, gənc insanlar çıxış yolunu harada axtarmalıdırlar? Mənə belə gəlir ki, MİDA, məhz bu problemin həlli üçün yaradılıb. Həll edə bilirmi? Bax, əsas məsələ də budur.

Son məlumatlara görə, Azərbaycan İpoteka və Zəmanət Fonduna (İKZF) 2020-ci il üçün dövlət büdcəsindən 90 milyon manat pul ayrılıb. Həmin pulun 70 milyon manatı MİDA-ya verilib ki, imkansız insanların mənzillə təmin olunmasına yardım etsin. MİDA isə həmin puldan cəmi 20 milyon manatı xərcləyib, 50 milyon manat isə istifadəsiz qalıb. Sual olunur, nə üçün? Minlərlə insan ev almaq arzusunda olduğu bir zamanda, pul da olduğu halda insanlar nə üçün evlə təmin olunmurlar? Burada məsələ heç də pulun necə və haraya xərclənməsində deyil, əksinə pulun ölü vəziyyətdə qalmasındadır. Nə üçün insanlar bu pulu alıb öz problemlərini həll etməsinlər? MİDA açıqlama verib ki, 2020-ci ilin iyul ayının 24-də müəyyən edilmiş 70 milyon manat güzəştli ipoteka krediti vəsaitindən 20 milyon manatı ötən ilin sonuna qədər vətəndaşlar tərəfindən istifadə edilib. MİDA həmçinin bildirib ki, qalan 50 milyon vəsaitdən 2021-ci ilin əvvəlindən istifadə olunur.

Dövlət büdcəsindən ayrılan vəsaitin 70 faizə yaxın bir hissəsinin istifadə olunmaması onu deməyə əsas verir ki, ya bu qurumlar öz fəaliyyətlərini düzgün qura bilmir, ya da vətəndaşlar qarşısında qoyulan şərtlər imkan vermir ki, onlar bu vəsaitdən istafadə etsinlər. Hesab edirəm ki, buna görə də bu məsələyə yenidən baxılmalıdır. Çünki dövlət insanların mənzillə təmin olunması üçün vəsait tapır, ayırır, pul isə istifadəsiz qalır.

Yadınızdadırsa, bir vaxtlar ölkəmizdə imkansız insanlar üçün sosial evlərin tikilməsi məsələsi müzakirə olundu və həmin layihə sonradan MİDA kimi ortaya çıxdı. Dövlətin insanları pulsuz, yaxud az miqdarda vəsaitlə evlə təmin etmək layihəsi də, bəzi işbazların təkidi ilə güzəştli ipoteka kredit şəklində zühür etdi. Bu da nəticəsi. Onu da yaddan çıxarmaq olmaz ki, ölkəmizdə çalışan insanların (evə ehtiyacı olanlar) böyük əksəriyyətinin qazancı orta əmək haqqından da aşağı səviyyədə olduğundan onlar təklif olunan məbləği ödəməkdə çətinlik çəkirlər. Digər bir səbəb 35 yaşdan yuxarılara qoyulan məhdudiyyətlə bağlıdır.

Əslində, əsl sosial evlər sovet dönəmində insanlara təmənnasız verilən evlərdir ki, Azərbaycan hökumətinin həmin layihəni gerçəkləşdirmək imkanı var və layihəyə müəyyən korrektələr də etmək mümkündür. Məsələn, evə ehtiyacı olan hər kəs qeydiyyata alınır, onlara növbəlilik şərti ilə mənzil verilir. Həmin şəxslər isə imkanları daxilində kommunal xərclərdən əlavə ayda 50-100 manat pul ödəyirlər. Ödəniş başa çatdıqda ev, mənzil vətəndaşın mülkiyyətinə verilir. O vaxta qədər isə ev hökumətin əmlakı olur və vətəndaşa ancaq orada yaşamaq hüququ verilir. Belə bir layihə həyata keçirilərsə, inanıram ki, az bir zamanda ölkədə bütün evsiz insanları mənzillə təmin etmək olar. Bu iş üçün hazırda həbsdə yatan rüşvətxorların, korrupsionerlərin pullarından da yararlanmaq pis olmazdı.

Əsas məsələ odur ki, dövlət insanlara inansın və yaş həddi aradan qaldarılsın. Atası ödəyə bilmədiyini oğlu, onun ödəyə bilmədiyini orada yaşayan nəvəsi ödəyəcək. Kasıblar həmişə halallığı üstünlük veriblər, nəinki yalana.

Əslində, 35 yaş həyatın başlanğıcıdır, 65 isə istirahətə getmək vaxtı. Yaddan çıxarmayın ki, Allahtəalanın bəxş etdiyi bu ömrü insan kimi yaşamaq üçün həm dövlətin, həm də hər birimizin üzərinə böyük məsuliyyət düşür. Yaşın nə fərqi var ki...

 Yusif Seyid