İmişlidə müharibə iştirakçıları sosial tələblərlə aksiya keçirib

23:17 02-06-2021 315

Bu gün, iyunun 2-də İmişli rayonunda bir qrup müharibə iştirakçısı yerli icra hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Onların sosial problemləri dilə gətirdiyi, süründürməçilikdən, biganəlikdən şikayətləndikləri bildirilir.

Bu barədə Azadlıq Radiosuna etirazçılar özləri məlumat veriblər.

İmişli rayon sakini Müşfiq İsmayılov bildirib ki, polislə onları hədələyirlər: "Açıq şəkildə deyirlər ki, gedin kimə istəyirsiniz şikayət edin. Bu qədər adam işsizdir. Problemlərimiz başımızdan aşır. Biz cənab prezidentdən xahiş edirik məmur özbaşınalığına son qoysun".

İmişli rayon sakini Kamil Zeynalov isə bildirib ki, müharəb vaxtı kəllə-beyin travması alıb, amma dolanması üçün iş tapa bilmir: "Biz kimdənsə əvəzsiz pul, maddi yardım istəmirik. İstəyirik öz zəhmətimiz hesabına halal çörək qazanaq. Ailələrimiz əziyyət çəkirlər. Aramızda eləsi var ki, yaşı ötür, amma imkansızlığa görə ailə qura bilmir".

Digər aksiya iştirakçısı Anar Kərimzadə veteranlara tam laqeyd yanaşma olduğunu bildirib: "Dəfələrlə dövlət orqanlarına müraciət etmişik. Müharibədən bəri iş tapa, evimizə çörək apara bilmirik. Nə bizə torpaq verirlər, nə də özünüməşğulluq proqramı ilə mal-material".

İmişli rayon sakini Cavidan Bəşirov neçə aydır veteran vəsiqəsi ala bilmədiyini bildirib: "Müharibə bitəndən yeddi ay ötüb. Bizə hələ də veteran vəsiqəsi verilməyib. Mən ağciyərimdən güllə yarası almışdım. Dörd ay yataq xəstəsi oldum. Bu müddətdə kimsə gəlib qapımı açmadı, mənimlə, ailəmin çətinlikləri ilə maraqlanmadı. İndi də bizi kimsə aramır, axtarmır. Bizi heç qəbul edən də yoxdur".

İmişli rayon İcra Hakimiyyətində qəbul edilmədiyini deyən müharibə iştirakçıları Bakıya doğru yürüş keçirməyə cəhd edib. Polis İmişli şəhərinin hüdudlarında etirazçıların qarşısını kəsib. Sonra aksiya iştirakçıları ilə İmişli rayon İcra Hakimiyyətinin inzibati binasında söhbət aparılıb. 

Bu məsələyə, hələlik, İmişli rayon İcra Hakimiyyəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Daxili işlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov milletinsesi.info-a bildirib ki, bu gün bir qrup rayon sakini sosial məsələlərlə bağlı rayon ərazisində toplaşmağa cəhd ediblər:

“İmişli Rayon Polis İdarəsinin əməkdaşları onlarla profilaktik söhbətlər aparıblar. Daha sonra isə İmişli Rayon İcra hakimiyyətinin başçısı və digər nümayəndələri sakinləri qəbul edib, onların problemlərini dinləyib. Baş verən toplaşma zamanı zor tətbiq edilməyib”, - deyə DİN rəsmisi əlavə edib.

Amma bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilmişdi ki, İkinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin ailələrinə, yaralılara özünüməşğulluq proqramı çərçivəsində də sosial dəstək göstərilir: "Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 1700-dən çox şəxs növbədənkənar olmaqla, özünüməşğulluq proqramına cəlb olunub. Onlardan 900-ü şəhid ailələrinin üzvləridir. Eyni zamanda, şəhid ailəsi üzvləri və qazilərdən ibarət 300 şəxsin məşğulluq məsələləri operativ şəkildə həll olunub. Onlar ödənişli ictimai işlər və əmək haqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramları çərçivəsində işlə təmin ediliblər".

Özünüməşğulluq proqramında vətəndaşlar, əsasən, dövlət hesabına iri - və xırdabuynuzlu mal-qara ilə təmin edilirlər.