Fermerlər narazılıq edir: Maşınlar Azərbaycan-Rusiya sərhədində gözlədilir, məhsul çürüyür

21:01 03-06-2021 414

Qubad İbadoğlu: "Rusiyadan müstəsna asılılıq aradan qaldırılmalıdır"

Son günlər sosial şəbəkələrdə Xaçmaz, Göyçay, Quba, Goranboy və Cəlilabaddan olan fermerlərin etirazlarını görürük.

Onlar məhsullarını Rusiya bazarına çıxarmaqda çətinlik çəkdiklərindən, məhsullarının çürüyüb, əllərində qalmasından gileylənirlər, hətta bir neçə gün öncə Göyçaydan olan fermerlər buna görə etiraz aksiyası da keçirmişdi.

Fermerlər deyirlər ki, içi məhsulla dolu yük maşınları Azərbaycan-Rusiya sərhəddində gözlədilir, nəticədə içindəki məhsul mənzil başına çatmadan çürüyüb xarab olur.

Göyçaydan olan fermerlərin Meydan TV-yə göndərdikləri müraciətdə də bildirilir ki, onlar ailələrini məhz kənd təsərrüfatı ilə dolandırırlar.

Məhsul becərir Rusiya bazarına çıxarır, bununla dolanırlar. İndi qarşılaşdıqları problem həm ayların əziyyətini yerə vurur, həm də onlara dolanışıq problemi yaradır: “Kənd yerlərində başqa nə iş var? Əkinçiliklə, məhsul becərməklə dolanan adamlarıq. Niyə belə edirlər, anlamırıq. Artıq düşünürük ki, bunu qəsdən edib, insanları hökumətdən narazı salırlar”, - fermerlər bildirir.

Onlar qeyd edirlər ki, rayon yerlərində hamının az da olsa, əkin-biçinlə məşğul olduğu üçün yerli bazarda onların məhsuluna tələbat böyük olmur.

Bakı bazarına gəlincə, bildirirlər ki, həm daşınma xərcləri yüksəkdir, sərf etmir, həm də ora gedib çıxmaq hər adamın işi deyil: “Ancaq əlaqələri olan biri oralara qədər gedib çıxa bilər. Ya da elə qazandığının yarısını verməlisən ki, buna imkan verələr”.

Qubanın Zizik kəndindən olan fermer Vəfadar Əkbərov da Azadlıq Radiosuna məhsulun daşınmasının bahalığından danışıb. O deyib ki, yanvarda dizelin qiyməti qalxandan sonra məhsulun daşıma xərcləri də artıb.

O da bir də xərc çəkib, məhsulu paytaxt Bakıya aparmaqdansa, zibilə atmağı seçib: “Məni sosial şəbəkələrdə qınayırlar ki, niyə bunu zibilə atırsan, gətirib Bakıda satmırsan? Bakıya bunun bir yeşiyinin daşıma xərci 3 manata gəlib çıxır. Amma özünü heç 1 manata sata bilmirik. İndi mən neyniyim. İkinci dəfə ziyana düşüm?”

Xaçmazdan olan fermerin isə sosial şəbəkədə yaydığı videoda becərdiyi pomidorları evə doldurduğu görünür. O deyir ki, alıcısı yoxdur, məhsulu bazara çıxara bilmir. Nəticədə məhsulu evə sərib ki, sərində bir az gec xarab olsun.

Problemlə bağlı Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir ki, "Samur" Gömrük Postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir.

Sosial şəbəkələrdə fermerlərin etirazı, məhsullarının ziyan olması ilə bağlı çağırışları iqtisadçı Qubad İbadoğlunun da gözündən yayınmayıb.

 

Onun sözlərinə görə, Rusiya istiqamətində hərəkət edən yüzlərlə yük nəqliyyat vasitələri "Samur" gömrük postunda sərhəddi keçmək üçün növbə gözləyir: “Nəticədə Rusiyaya göndərilən meyvə-tərəvəzlər və bostan məhsulları yollarda xarab olur, bundan da itirən fermerlər olur. Bu il üçün fermerlərin xərcləri də əvvəlki illərlə müqayisədə xeyli artıb. Belə ki, daşınma məsrəfləri xeyli bahalaşıb”.

İqtisadçı problemin həlli üçün bəzi addımların atılmasını vacib sayır. Bunlardan biri ixrac bazarlarının şaxələnməsidir: “Rusiyadan müstəsna asılılıq aradan qaldırılmalıdır. Odur ki, yeni bazarlara çıxış imkanları araşdırılmalı, fermerlərə alternativ satış bazarları təklif olunmalı və yeni bazarlara çıxış stimullaşdırılmalıdır”.

İqtisadçı düşünür ki, daha bir addım Rusiya bazarlarına kənd təsərrüfatı məhsullarının daşınmasında alternativ variantlardan, xüsusilə də dəmiryol nəqliyyatından istifadə edilməsi ola bilər: “Eyni zamanda, kənd təsərrüfatı məhsullarının bazasında emal sənayesi inkişaf etdirilməlidir. Fermerlərə, onların mallarını bazarlara çıxaran şirkətlərə onlardan asılı olmayan səbəblərdən dəyən zərərlərin bərpası üçün sığorta mexanizmləri tətbiq olunmalıdır”.

Deputat Elman Nəsirov da parlamentdə çıxışında fermərlərin problemlərindən danışıb.

O deyib ki, Cəlilabad fermerləri kartof ixracı ilə bağlı problemlər yaşayırlar, məhsul əllərində qalıb. Deputat Gömrük Komitəsinin rəhbərliyini problemin həllinə çağırıb.

Qubad İbadoğlu isə deyir ki, yaranmış vəziyyətin günahı gömrük orqanlarında yox, Rusiya tərəfinin yaratdığı süni əngəllər və logistik problemlərdədir.