Xaçmazın Fərzəlioba kəndində ağaclar kütləvi kəsilir - VİDEO

08:52 04-06-2021 495

Xaçmaz rayonunun Fərzəlioba kəndində ağaclar kütləvi kəsilir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Videoda bildirilib ki, sağlam və cavan palıd ağaclarından ibarət meşə zolağı məqsədli şəkildə məhv edilir. Həmçinin qeyd olunub ki, sözügedən meşəlik məhz əkmə üsulla, dövlət nəzarətində salınıb. Bununla belə, həmin yaşıllıq insafsızlıqla məhv edilir.

 

“Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Xaçmaz rayonunun Fərzəlioba kəndinidə xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyi faktı müəyyən edilib”.

Bunu milletinsesi.info-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Xaçmazda ağacların kəsilməsinə münasinət bildirən zaman qeyd edib.

O qeyd edib ki, həmin ərazidə belə bir fakt qeydə alınıb: “May ayının 25-dən etibarən əməkdaşlarımız tərəfindən bu ərazidə sənədləşmə və ölçmə işləri aparılıb. Araşdırma zamanı təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib”.

Nazirlik rəsmisi onu da bildirib ki, ərazidə iş aparan “Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.

İ.İbrahimova əlavə edib ki, hazırda Xaçmaz Rayon Prokurorluğunda bununla bağlı araşdırma aparılır.