Azərbaycanda insanların pul köçürdüyü investisiya şirkəti saxtakar elan olundu

08:56 04-06-2021 405

Rusiya Mərkəzi Bankı Azərbaycanda da fəaliyyət göstərən “Crowed-invest” şirkətini qanunsuz fəaliyyət göstərən maliyyə şirkətlərinin siyahısına daxil edib.

Yeniavaz.com
 xəbər verir ki, bankın rəsmi səhifəsində maliyyə bazarında qanunsuz fəaliyyət əlamətləri aşkar edilmiş şirkətlərin siyahısı dərc olunub.

Bildirilib ki, Rusiya Mərkəzi Bankı, xüsusi bir izləmə sisteminin köməyi ilə, vətəndaşların və təşkilatların müraciətləri əsasında qanunsuz fəaliyyət əlamətləri olan şirkətləri və layihələri müəyyənləşdirir.

Qeyd olunub ki, vətəndaşların və təşkilatların investisiya risklərini azaltmaq üçün Rusiya Mərkəzi Bankı sözügedən şirkətlərin siyahısını açıqlayır. Bu kateqoriyaya daxil olan şirkətlər adətən "maliyyə piramidası", qanunsuz kreditor, qiymətli kağızlar bazarında qeyri-qanuni professional iştirakçı fəaliyyəti ilə məşğul olanlardır.

Azərbaycanda da fəaliyyət göstərən “Crowed-invest” şirkətinin isə “maliyyə pramidası” fəaliyyəti ilə məşğul olduğu açıqlanıb. Bildirilib ki, Rusiya Federasiyasında maliyyə xidmətlərinin əksəriyyətini təmin etmək üçün bazar iştirakçısı Rusiya Mərkəzi Bankından lisenziyaya sahib olmalı və ya tənzimləyicinin reyestrinə daxil edilməlidir.

Bu şərt yerinə yetirilmədiyi təqdirdə, böyük ehtimalla təşkilat qeyri-qanuni fəaliyyət göstərir və istehlakçıları aldada bilər.

Qeyd edək ki, “Crowed-invest” şirkəti müəyyən bir investisiya qarşılığında insanları sistemə əlavə edir və onların şirkətə cəlb edəcəyi digər investorlar qarşılığında müəyyən ödənişlər vəd edir.

Mənbə Yeniavaz.com