Ceyhun Bayramov Ermənistana çağırış etdi

20:25 04-06-2021 333

Xarici İşlər naziri Ceyhun Bayramov Kəlbəcərdə minaya düşərək şəhid olan mülki vətəndaşlarla bağlı açıqlama verib. milletinsesi.info-ın məlumatına görə, C.Bayramov “Twitter” hesabında hadisədən kədərləndiyini bildirib.

Nazir Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırıb.

“Ermənistan hər gün bu tələbi rədd edir, bu isə daha çox həyatın təhlükə altında olması deməkdir”, - deyə C.Bayramov əlavə edib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.