Şəhid jurnalistlə vida mərasimi keçirilib

20:13 05-06-2021 342

Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovla vida mərasimi keçirilib.

Proqnoz.com xəbər verir ki, mərasim Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evində keçirilib.

Şəhid jurnalist Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunub.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.