Rusiya Jurnalistlər Birliyinin katibi: “Ermənistandan minalanmış ərazilərin xəritəsini tələb edirik”

20:26 05-06-2021 306

Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunda minanın partlaması nəticəsində üç nəfərin ölməsi və bir neçə nəfərin yaralanması ekspert və jurnalist cəmiyyətində də reaksiyaya səbəb olub. Həlak olanlar AzTV kanalının operatoru Sirac Abışov, AZƏRTAC xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Kəlbəcər rayon İcra Hakimiyyətinin Susuzluq kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevdir.

Rusiya Jurnalistlər Birliyinin katibi Rafael Hüseynov bununla bağlı Caliber.Az-la söhbətləşib.

O qeyd edib ki, xüsusilə münaqişə ocaqlarında media nümayəndələrinin işinin təhlükəsizliyinə diqqət yetirmək lazımdır:

“Təəssüf ki, bir faciə baş verdi. Və bu, ümumiyyətlə, heç bir qarşıdurmanın olmadığı bir yerdə baş verdi. Biz Ermənistanı xəritələri (minalanmış ərazilərin-red.) paylaşmağa çağırırıq. Bu cür yerlərdə işləməyin təhlükəli olmasını düşünmək çox vacibdir”.

R.Hüseynov əlavə edib ki, vaxtilə “Komsomolskaya Pravda”nın hərbi şöbəsinin redaktoru olaraq bir neçə dəfə Əfqanıstana uçub və orada nələrin baş verdiyini görüb:

“Əlbətdə itkilər də var idi, ancaq ölənlərin sayı az idi”.

Mütəxəssis bildirib ki, razılığın şərtləri həyata keçirilməlidir:

“Azərbaycan və Ermənistan istənilən halda yanaşı yaşayacaqlar. Sərhəd hər iki tərəfin razılığı ilə qurulacaq. Ötən ilin noyabrında Rusiyanın iştirakı ilə əldə edilmiş razılaşmaları həyata keçirilməlidir”.