AQTA vaxtı keçmiş zay məhsulların tarixini dəyişərək təkrar satışa çıxarır?

20:31 05-06-2021 306

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli pul qazanmağın ən bədnam yolunu tapıb.

Yenicag.az xəbər verir ki, AQTA vaxtı keçmiş zay məhsulların tarixini dəyişərək təkrar satışa çıxarır. Qurumun əsas missiyası qida təhlükəsizliyinə nəzarət etmək olduğu halda əhaliyə xarab, vaxtı ötmüş malları yedizdirir.

Bu faktı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqləyib. O, yenicag.az-a deyib ki, AQTA və bəzi supermarketlər satışdan çıxarılan vaxtı keçmiş malları təkrar istehlakçılara qaytarır.

Onun sözlərinə görə, supermarketlər və qidanın təhlükəsizliyinə nəzarət edən bəzi orqanlar vaxtı keçmiş qidaların insanların masasına çatmasına səbəb olurlar.

Ümumiyyətlə, Q.Təhməzlinin rəhbəri olduğu AQTA bu illər ərzində özünü doğrulda bilməyib. Qurumun qida sənayesində bir “MTN bandası” kimi fəaliyyət göstərdiyi haqda zaman-zaman ittihamlar səslənir.

İddialara görə, AQTA əməkdaşları sahibkarları incidir, restoranların, şadlıq evlərinin mətbəxlərinə daxil olaraq cərimələmək üçün min bir bəhanə axtarır.

Bundan başqa, AQTA-nın tələbinə uyğun olaraq, heyvanları kəsim məntəqəsində kəsdikdə, hər kiloqram ət üçün 1 manat ödəyirlər, daşıma xərcini də bura əlavə etdikdə, aylıq məsrəfləri 1500 manata çatır. Ancaq qəssablar bu işin də “çarə”sini tapıblar.

Onlar AQTA-nın əməkdaşlarına aylıq 500 manat verməklə, heyvanları əvvəlki qaydada kəsməyə davam edirlər. Yəni AQTA nümayəndələri qəssablardan aldıqları 500 manatın qarşılığında qurumun haqqında danışılan qərarının pozulmasına şərait yaradırlar.

Digər tərəfdən, qəssabxanalarla yanaşı, restoran və kafelər də AQTA-nın basqısından kənarda qalmayıblar. Təsəvvür edin, Agentliyin əməkdaşları kafe və restoranlara girir, oradakı ərzaqları yoxlayır, mütləq bir “səhv” taparaq müəssisəyə 1700 manat cərimə yazıb gedirlər. Səbəb?

Agentlik təmsilçiləri restoran və kafe sahiblərindən onların bazardan aldıqları ərzaq məhsullarının sənədlərini tələb edirlər.

Onlara bildirəndə ki, ərzaq bazardan alınıb və onu siz yoxlayıb satışına icazə verməlisiniz, o zaman ağına-bozuna baxmadan 1700 manat cərimə yazıb gedirlər. Çox maraqlıdır, əgər iaşə müəssisələrindəki ərzaq standartlara cavab vermirsə, AQTA həmin məhsulların bazarlarda satışına necə icazə verir?

Mənbə Yenicag.az