Əfqan Nağıyevin həbsdəki qardaşından şikayətçilərin sayı artır

19:33 06-06-2021 396

Bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə əməliyyatı ilə həbs olunan və sonradan müəmmalı şəkildə azadlığa buraxılan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin rəisi  general-leytenant Əfqan Nağıyevin həbsdə olan qardaşı Elxan Nağıyevdən şikayətçilərin sayı durmadan artır.

Bu barədə Gununsesi.info-ya daxil olan xəbərdə bildirilir.

Qeyd edək ki, dələduzluqda ittiham olunan Elxan Nağıyev ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək,  onları Dövlət Sərhəd Xidmətinə, o cümlədən digər dövlət orqanlarında işə düzəltmək adıyla aldadaraq, külli miqdarda pullarını mənimsəyib.

Uzun müddətli araşdırmalardan sonra Elxan Nağıyev barəsində məhkəmənin hökmü ilə həbs qərarı verilib. Hazırda istintaq altında olan Nağıyevə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunub.

Redaksiyamıza daxil olan məlumatda Elxan Nağıyevdən şikayətlərin sayının artdığı deyilir. Məlumata görə,  Elxan Nağıyev tərəfindən aldadılan daha bir neçə şəxs istintaq orqanına müraciət edib.

Həmin müraciətlərin araşdırılması səbəbinə görə, Nağıyevin cinayət işinin istintaqı uzadılıb.

Şikayətçilərdən biri Namil Əliyevdir. Sabirabad sakini olan Namil Əliyevdən 7 manat alaraq, onu Dövlət Sərhəd Xidmətində işə düzəldəcəyini vəd edən Elxan Nağıyev aldığı pulu mənimsəyib. Bu günə qədər şikayətçi olmayan Namil Əliyevə gözləmək tövsiyyə olunsa da pullarını geri ala bilməyib.

Qeyd edək ki, bir neçə ay əvvəl   Bakı Hərbi Məhkəməsi onun qardaşı Əfqan Nağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçmişdi.

Rəsmi açıqlamaya görə, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar.

İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

Sonradan azadlığa çıxan Əfqan Nağıyev öz işinin başına qayıdıb.

Mənbə Gununsesi.info