Vergi borcu olan şirkət FHN-nin 1,7 milyon manatlıq tenderində qalib oldu – TƏFƏRRÜAT

13:37 07-06-2021 432

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Şahdağ Təchizat” MMC FHN-nin Maddi Texniki-Təchizat İdarəsinə şəxsi heyət üçün səhra geyim dəstləri və digər yumşaq inventarlar satacaq və qarşılığında 1 milyon 765 min 787,4 manat alacaq.

Tender müsabiqəsinin qalibi olan “Şahdağ Təchizat” MMC – 17.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin hüquqi ünvanı Quba rayonu, Quba şəhəri, Dəvədabanı, ev 6-da yerləşir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Rasim İntiqam oğludur.

Məlumat üçün bildirək ki, “Şahdağ Təchizat” MMC daha əvvəl də FHN-nin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi olub. "Şahdağ Təchizat" MMC 2020-ci ilin iyul ayında FHN-yə 3,8 milyon manat dəyərində yumuşaq inventarlar satıb. Ötən il mətbuatda "Şahdağ Təchizat" MMC-nin dövlət büdcəsinə vergi borcunun olduğu yazılıb.

Tender müsabiqəsilə bağlı maraqlı məqamlardan biri odur ki, hal-hazırda da "Şahdağ Təchizat" MMC-nin dövlət büdcəsinə 83 min 128 manat 55 qəpik vergi borcu var.

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.