“Saatlı Gənclər Evi”nin pul alıb işə götürən direktorunun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb

14:17 09-06-2021 279

Saatlıda pul alıb işə götürən direktor Əzizağa Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib.

Xatırladaq ki, “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Saatlı rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla Əzizağa Quliyevin “Saatlı Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman, Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat,  qızı Jalə Həvəskarini isə kompyuter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.