ORUC UCA ALLAHIN TƏRBİYƏ PROQRAMIDIR

20:08 09-06-2021 360

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

 (əvvəli ötən saylarımızda)

 QURANİ-KƏRİMDƏ KİTAB SÖZÜ İLƏ BAĞLI BU TƏRKİBLƏR DƏ VAR:

- “ümmül-Kitab” (“Kitabın anası”); (2/101)

- “əhli-Kitab” (“Kitab əhli”); (2/101)

- “Kitabullah” (Allahın Kitabı); (2/136)

- “Kitabi Rəbbukə” (Rəbbinin kitabı); (18/27)

- “Kitabun mubin” (apaçıq Kitab); (5/15)

“QURAN” sözü “q-r-ə” kökündəndir, “oxumaq” anlamını daşıyır. “Quran” sözü ilə bağlı beş görüş var: Fərraya görə “bənzər”, Əşariyə görə “bitişdirmək”, Zəccaca görə “toplayıb bir araya gətirmək”, bir görüşə görə “oxunan” mənalarını daşıyır. Şafiiyə görə heç bir sözdən törədilməyib, xas isimdir.

“QURAN” sözünün anlamı əşyanı bir-birinə yaxınlaşdırıb aralarındakı bağı kəşf etməkdir - oxumaq (anlamaq) bağ qurmaq, cəm etmək, birləşdirməkdir. Bir mətnin doğru anlaşılması söz-məna-məqsəd üçlüyünü bir arada tutmağa bağlıdır: nə deyir (məna), niyə deyir (məqsəd), necə deyir (söz). Quran sözü bilgini əldə etmək, ondan məna çıxarmaq və çatdırmaq mərhələlərinin üçünü də əhatə edir. Fulan vəznindəndir, həm ismi fail, həm də ismi məfuldur, bu vəzndə olan söz oxumağın bütün müsbət anlamları ilə dolu olan bir xitab vurğusu daşıyır. Qurani-Kərimin bir cismi, bir də ruhu var, cismi söz, ruhu mənadır.

“QURAN” sözü ilahi mətndə hər zaman eyni mənanı daşımaz. “Quran”, “daim oxunan, anlam imkanı tükənməz, oxumaqla anlamı əsla bitirilməyəcək olan” deməkdir. Qurani-Kərim bütün zamanlara və bütün məkanlara xitab edən “yaşayan möcüzə”dir, içində şübhə yoxdur, ayələri bir-birini inkar etməz, əksinə, bir-birini tamamlayar, ayələri ilə kainat ayələri arasında ziddiyyət yoxdur, elmi dəlillərlə uyum içindədir.

Qurani-Kərimdə “QURAN” sözü yetmiş dəfə işlədilmişdir. İlk dəfə işləndiyi yer Furkan surəsinin otuzuncu ayəsidir: “Və (o gün) Rəsul deyəcək: “Ey Rəbb! Mənim qövmüm bu Qurana vaxtı keçmiş, tərk edilmiş bir kitab kimi baxdı!” (25/30). QURANİ-KƏRİM düşünərək, anlayaraq, hiss edərək oxunmasını istəyir. Onu anlayanlara, Ona təslim olanlara, Onun ölçüləri ilə yaşayanlara bu dünyada anlamlı bir ömür, axirətdə cənnət vəd edir. Qurani-Kərimin üzərimizdə dörd haqqı var: oxumaq, anlamaq, dəyərlərini yaşamaq, öyrətmək;

3) “... SİZDƏN BİRİ BU AYA QOVUŞANDA ORUC TUTSUN, XƏSTƏ, YA DA YOLÇU OLAN KİMSƏ DƏ BAŞQA GÜNLƏRDƏ QƏZA ETSİN! ALLAH SİZİN ÜÇÜN ASANLIQ İSTƏR, SİZİ SIXINTIYA (ÇƏTİNLİYƏ) SALMAQ İSTƏMƏZ...”

  1. a) “Sizdən biri (kim) bu aya qovuşanda...”

Ayənin orijinalı belədir: kim bu aya - Ramazan ayına şahid olsa, yəni:

- kim bu ayda həyatda olsa, yaşasa;

- məhz bu ayda oruc tutsun;

- kim bu ayda oruc tutsa;

- kim bu ayda oruc tutmağa hazır olsa;

- kim bu ayın dəyərini qavrasa;

  1. b) “Oruc tutsun...”

Oruc ayələrində Qurani-Kərimin nazil olmağa başladığı RAMAZAN AYINDA oruc tutmağın fərz olduğunu göstərən üç ifadə var:

- “oruc sizə yazıldı” (“kutibə”) - cümlədəki “yazıldı” feili “fərz qılındı” anlamını daşıyır, yəni Ramazan ayında oruc tutmaq ilahi əmrdir;

- “bu aya şahid olan oruc tutsun”;

- “o günləri - Ramazan ayındakı sayılı günləri (bir ay, 29/30 gün) tamamlayın”, yəni uca Allahın Ramazan orucu ilə bağlı əmrini yerinə yetirin;

  1. c) “... Xəstə, ya da yolçu olan kimsə də başqa günlərdə qəza etsin!”

Bu cümlə yüz səksən dördüncü ayənin mətnində var idi, bir də təkrar edildi, yəni xəstə və yolçularla bağlı hökm öz qüvvəsini saxlayır, öncəki cümlə insanları oruca hazırlayan mətnin içərisində idi, indi isə hökm verilmişdir.

Bir insan Ramazan ayında xəstə olsa (öncəki ayənin şərhində şərtləri açıqladıq), sonra sağlamlığına qovuşsa, orucunu qəza etməlidir. Xəstə bir insanın sağalmaq ümudi olmasa, o, orucunu qəza etməz, günə gün fidyə verər. Ramazan ayında yolçu olan (səfəri) bir insan yolçuluq bitəndən sonra orucunu qəza etməli - günə gün tutmalıdır (yolçu olduğu halda orucunu tutmağa gücü çatarsa, orucunu tutar).

QƏZA ORUCUNUN (vaxtında - Ramazan ayında tutulan oruc əda, sonra tutulan oruc qəza adlanır) ard-arda (fasilə verilmədən) tutulması ilə bağlı hər hansı bir dəlil yoxdur. Doğru olan qəza orucunu gecikdirmədən tutmaqdır, belə ki bu, uca Allahın haqqıdır, bir də insan nə zaman öləcəyini bilməz. Ramazan orucunun qəzası oruc tutmaq haram olan günlər istisna hər zaman yerinə yetirilə bilər. Allah Rəsulu buyurmuşdur ki, iki zaman dilimində oruc tutmayın: a) Ramazan bayramının birinci günü; b) Qurban bayramı günləri.

QƏZA ORUCU ard-arda da (fasiləsiz), bəlli aralıqlarla da tutula bilər. İmam Əbu Hənifə qəza orucunun tutulması üçün bəlli bir vaxt müəyyən etməmiş, ilk fürsət ortaya çıxanda tutulmasının doğru olduğunu söyləmişdir. İmam Şafii isə demişdir ki, qəza orucu sıradakı Ramazan ayınadək tutulmalıdır. Bu vaxt dilimində qəza orucunu tutmayan kimsə qəza orucunu tutmaqla birgə fidyə də verməlidir.

  1. b) “... ALLAH SİZİN ÜÇÜN ASANLIQ İSTƏR, SİZİ SIXINTIYA (ÇƏTİNLİYƏ) SALMAQ İSTƏMƏZ...”

İslam dininin önəmli tərbiyə ölçülərindən biri də asanlaşdırmaqdır. Uca Allahın xəstə və yolçulara izin verməsi asanlıq qapısını açmasıdır. Bunun bir örnəyi də oruc tutmaq imkanı olmayanlara (oruc tutmaq imkanı olmayacaq dərəcədə yaşlı olan, sağalmaz xəstəliyi olan insan) fidyə yolunu göstərməsidir (fidyə vermək imkanı varsa, verər, yoxsa uca Allaha dua edər, Ondan bağışlanma istəyər).

Burada bir məsələni də vurğulamaq istəyirəm ki, orucun asan tutulması üçün saxur yeməyi yeyilməlidir (imsaqdan öncə yeyilən yemək). Bir sıra müsəlmanlar ya tənbəllikdən, ya da saxur yeməyi yemədən oruc tutmağın daha fəzilətli olduğunu düşünərək iyirmi dörd saat oruc ölçüsü tətbiq edirlər. Bu, yanlış addımdır, insanı bezdirər, yorar, orucun bərəkətindən məhrum edər. Adam saxur yeməyini yemir, bütün günü yatır, oruc tutduğunu zənn edir. RAMAZAN AYI yatma (təbii ki, zəruri ölçüdə yatacaqsan) ayı deyil, çalışma, oxuma, düşünmə, yardımlaşma ayıdır, ailənin və insanların sənin üzərində haqqı var, o haqqı yerinə yetirməlisən.

ALLAH RƏSULU buyurur:

“Saxur yeməyi yeyin. Belə ki saxurda bərəkət var” - saxur yeməyinin bərəkətləri sırasında bunları saya bilərik: oruc tutmağı asanlaşdırır, ailəni bir araya toplayır, yardımlaşmanı öyrədir, oruc şüurunu gücləndirir, səhər namazını vaxtında qılmağa yol açır...

“Bizim orucumuz ilə kitab əhlinin (yəhudi və xristianların) orucu arasındakı fərq saxur yeməyinə qalxmamızdır”.

“Nübüvvət (Elçilik) əməllərindən biri də iftarın təcili (tam vaxtında) yeyilməsi, saxurun da gecikdirilməsidir (yemək vaxtını orucun başlamasına çox az qalanadək uzadın)”, bu yolla oruc dönəmində aç qalma vaxtınız qısalır, nəticədə, oruc tutmaq asanlaşır, yəni iftar yeməyini tələsdirin, saxur yeməyini gecikdirin.

“Müsəlmanlar vaxtı tamam olan kimi (gecikdirmədən) iftar etsələr, hər zaman xeyirlə birgədirlər”.

BİR ÖNƏMLİ MƏSƏLƏ DƏ VAR: təmtəraqlı, zəngin, bahalı iftar süfrələri orucu anlamamaqdır, Ramazanın ruhuna ziddir, israfdır, Qurani-Kərimin ayəsi ilə desək, israf edənlər şeytanın qardaşlarıdır, iftardan sonra əyləncə məclisləri təşkil etmək də əsla Ramazanın ruhuna və ədəbinə uyğun deyil. Oruc tutmaq çox önəmli bir ibadətdir, onu festivala çevirərək bərəkətindən məhrum qalmayaq, unutmayaq ki, Ramazanın ruhu Qurani-Kərimdir.

4) “... (O), ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAMAĞINIZI, SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU UCALTMAĞINIZI VƏ ŞÜKÜR ETMƏYİNİZİ İSTƏR”

Öncəki cümlə ilə bağ quraq: uca Allah buyurdu ki, O, sizin üçün asanlıq istər, sizi sıxıntıya (çətinliyə) salmaq istəməz. Bu cümlə isə oruc adlı ilahi tərbiyə proqramının üç hökmünü açıqlayır: a) oruc günlərinin sayını tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın; c) şükür edin;

  1. a) ORUC GÜNLƏRİNİN SAYINI TAMAMLAYIN

Orucu ilahi tərbiyə proqramı adlandırdıq. Bu proqramın - reseptin müəllifi uca Allahdır, tərbiyənin (ilahi müalicə sisteminin) nəticə verməsi üçün şərtlər var: proqramı oxu, anla, tətbiq et, bir də bəlli bir vaxta ehtiyacı var. Bu vaxt bir aydır - Ramazan ayıdır, Qurani-Kərimin nazil olmağa başladığı aydır. Proqram deyir ki, bir ay imsaqdan iftaradək yemə, içmə, cinsi münasibətdə olma, gözünü, qulağını, dilini haramdan qoru, Qurani-Kərim oxu, anla, dəyərlərini həyatına daşı ki, bədənin maddi, ağıl, qəlb, vicdan və iradən mənəvi zəhərlərdən təmizlənsin, arın ki, artasan, dəyər qazanasan, fitrət insanı olasan.

“Oruc günlərinin sayını tamamlayın” cümləsi yüz əksən dördüncü ayədəki “sayılı günlər” ifadəsini açıqlayır, deyir ki, o günlər RAMAZAN AYIDIR, ikincisi, oruc ibadətinin fərz olduğunu göstərir. Oruc tərbiyə proqramının müddəti bir ay, bərəkəti ən azı bir il (hər il təkrar olunur), savabı ömür boyu davam edir, mükafatı uca Allaha aiddir.

  1. b) “SİZİ DOĞRU YOLA QOVUŞDURDUĞU ÜÇÜN ONU (UCA ALLAHI) UCALDIN”

 (Ardı var)

 Siracəddin Hacı