Polis özbaşınalığı...

20:13 09-06-2021 486

Kim haqlıdır?

 Redaksiyamıza Ağsu rayonunun Gəgəli kənd sakini, tarixçi-alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Gəgəli Bələdiyyəsinin sədri Xəlilli Fariz Sabir oğlunun dövlət başçısına, daxili işlər nazirinə və məhkəmə hüquq şurasna ünvanladığı məktubu daxil olub. Məktubda Ağsu polisi tərəfindən Fariz müəllimə qarşı törədilən haqsızlıqlardan bəhs edilir. Bir sıra texniki düzəlişlərlə məktubu olduğu kimi dərc edirik.

 - 24.05.2021-ci ildə Gəgəli Bələdiyyəsinin qərarına əsasən "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı" MMC yaratmaq məqsədilə MMC-yə direktor təyin edilən, şəhid leytenant Kamran Quluzadənin atası Pərviz Quliyevlə aidiyyatı sənədləşmələri hazırlamaq üçün Şamaxı və Ağsu şəhərlərində olduq. Ağsu şəhərində olarkən Heydər Əliyev parkının girişində, tələsdiyimdən (saat 17.00-da magistrlərimin illik dissertasiya hesabatı iclası başlancaqdı) maşından çıxarkən qoruyucu tibbi maska taxmağı unutdum. Yanımda olan qohumum Həzi Həsənov mənə maskanı taxmadığımı xatırlatdı. Mən dərhal maska götürmək üçün maşının yanına qayıtdım. Bu 3-5 dəqiqəlik müddətdə bizi kənardan izləyən polis əməkdaşı Şıxəliyev Zəka məni yanına çağırdı. Polisin əmrinə tabe olmağın vacibliyini nəzərə alaraq, maşına, maska ardınca deyil, polisə yaxınlaşdım. Polis özünü təqdim etdi və mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi. Mən də bunun fərqində olduğumu, unutduğumu və maşından maska götürməyə getdiyimi dedim. O, mənə artıq gec olduğunu və protokol tərtib edilməli olduğunu bildirdi. Mən də, "buyurun, protokolumu yerində tərtib edin", - dedim. Əlavə etdim ki, mənim saat 17.00-da Teams proqramı ilə magistrlərimin dissertasiya hesabatı baş tutacaq və mən məruzəçiyəm. Polis əməkdaşı Zəka Şıxəliyev yerində protokol tərtib etmək hüququnun olmadığını, protokolun, yalnız polis idarəsində tərtib oluna biləcəyini dedi. O halda mən izahat istədim - rəisimiz belə təlimat verib, deyə polis əməkdaşı cavab verdi. Bu hadisə mərkəzi küçədə baş verdiyi üçün Gəgəli kəndinin sakinlərindən orada olanlar var idı, yaxınlaşdılar, mənim ziyalı olduğumu, tarixçi-alim və müəllim olduğumu, həm də Gəgəli Bələdiyyəsinin sədri olduğumu dedilər. "Sədr" sözünü eşidən kimi Zəka Şıxəliyev polis rəisinin müavini Vüsal Əliyevə zəng elədi. Vüsal Əliyev Zəka Şıxəliyevə təcili onu bölməyə gətirin əmrini verdi. Bu məqamda mənimlə olan şəhid atası Pərviz Quliyev və qohumum Həzi Həsənov maskamı mənə gətirdilər və Zəka Şıxəliyevdən dəfələrlə xahiş etdilər ki, protokolu yazsın, gedək. Bizə məhəl qoyulmadı. Polis maşını gəldi və mən heç bir etiraz etmədən maşına oturdum. Polis idarəsində telefonumu aldılar və mənə magistr dissertasiyaları ilə bağlı tələbələrimin hesabatına qoşula bilməyəcəyimi deməyə belə, imkan vermədilər. Şəhid atası Pərviz Quliyev də mənimlə gəlmək istədi, xahiş etdim ki, gəlməsin. Bu məqamda qarşımıza polis rəisinin müavini Vüsal Əliyev çıxdı. Məni görən kimi nalayiq, ziyalı heysiyyatıma toxunan ifadələr işlətdi. Mən unutduğumu, səhvimi tez anladığımı və polisin iradından əvvəl maşından maskamı götürməyə getdiyimi dedim. Vüsal Əliyev dedi ki, bir dəqiqə də açıq havada maskasız olmaz. Mən də polis rəisinin müavini Vüsal Əliyevin özünə irad tutdum ki, sizinlə məsafəmiz bir metrdən azdır və mən maskalı, siz isə maskasızsınız, sizin haqqınızda kim protokol tərtib edəcək? Vüsal Əliyev əsəbləşdi və əmr elədi ki məni həbs etsinlər. Məni ikinci mərtəbəyə gətirdilər, qarşıma çıxan bütün polis əməkdaşları maskasız idi. Mən də hamısına bir müəllim və ziyalı kimi irad tutdum. Mənim haqqımda ittihamı Vüsal Əliyevin əmri ilə dəyişdilər. O otağında əsəbi halda gəzişir, qapını çırpır və mənim qanun pozuntuma 510 və 535.1 maddələrinin də əlavə olunmasını tələb edirdi. Doğrusu, bu maddələrin nə anlama gəldiyini heç bilmirdim. Protokola imza atmağımı istədilər, oxudum. Xuliqanlıq, polisə müqavimət göstərməyi gördüm və imzalamadım. Mənə Azərbaycan Respublikasının qanun keşikçiləri tərəfindən böhtan atılması və şərlənməyim pis təsir elədi. Mən ömrünü elmə həsr eləmiş adamam, insan yetişdirən müəlliməm, bir bələdiyyənin sədriyəm insanları qanuna, qanunçuluğa çağırıram. Mən günahkar deyiləm. Mən Azərbaycan polisindən humanizm gözlədiyim halda şərləndim.

Mənim haqqımda sənədləri topladılar və Ağsu şəhər məhkəməsinə göndərdilər. Məhkəmə iş saatı bitməsinə baxmayaraq, təşkil olundu, üç polis danışdı, məni ittiham elədilər. Mən isə vəkilsiz, şahidlərim dinlənilmədən özüm özümü müdafiə etməli oldum. Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə təqsirli bildi və 535.1 maddəsi ilə 200 (iki yüz) manat cərimələdi. Mən məhkəmə qərarının ədalətsiz olduğunu, hüquqlarımın pozulduğunu, adı çəkilən maddələrin mənim şərəf və ləyaqətimi alçaltdığını bir daha bildirirəm.

Bildirmək istəyirəm ki, tabeliyinizdə olan polis işçiləri mənə böhtan atıblar. "Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq" adı ilə şərlənmişəm. Əgər polis rəisinin müavini Vüsal Əliyevin maska taxmamasını ona irad tutmağım bu maddəni tövsif etmək deməkdirsə, onda qanunçuluq haradadır? Mənə xırda xuliqanlıq da yazıblar. Mən xırda xuliqanlıq etməmişəm, ictimai qaydanı pozmamışam, mən heç kimi hədələməmişəm. Mənə nə deyiblərsə, hamısına əməl eləmişəm.

Mən polis rəisinin müavini Vüsal Əliyevi ikinci dəfədir ki, görürdüm. Birinci dəfə Şəhid Kamran Quluzadənin dəfninin sonrakı günü Gəgəli kəndinə karantin qaydalarına zidd olaraq özbaşına post qurması və şəhidin anım mərasiminə gələnləri kənddən uzaqlaşdırması ilə yadda qalıb. O zaman mən Nazirlər Kabinetinin qərarını onlara xatırlatdım və postun quraşdırılması üçün onların səlahiyyətli olmadığını bildirdim. Mərhum başçı Vahid Tağıyev bunu başa düşdü və postun götürülməsini xahiş etdi. Çünki Gəgəli camaatını ayağa qaldırmışdı. Bir dəfə internetdə axtarış edin və görəcəksiniz ki, işçiniz Vüsal Əliyev və onun əmrində olanlar polis adını ləkələyir və Ağsu camaatını narazı salır. Mən şəxsən protokolun yerində tərtib edilməməsini rüşvətxorluqla əlaqələndirirəm və başıma gələnlərdən sonra da haqlı olduğunu düşünürəm.

Mənim təməl hüquqlarım pozulub. Konstitusiyanın 24-cü maddəsinə görə insan ləyaqəti qorunur və ona hörmət edilir. Polis əməkdaşları mənim insan kimi ləyaqətimi nəinki qorumadılar, əksinə humanizmdən uzaq olaraq alçatdılar və şərlədilər. 25-ci maddəyə görə hamı qanun və məhkəmə qarşısında bərabər olduğu halda, polis rəisinin müavini maska taxmayaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edir, məni isə maska taxmamaqda günahlandırır. Məhkəmədə mən qeyri-bərabər şəraitdə şahidlərim olduğu halda tək, polislər üç nəfər müdafiə ediblər. Mən polis rəisinin müavini Vüsal Əliyevin maska taxmadığı halda məni maska taxmamağa görə cərimələməsinin qanuna zidd və qeyri-bərabərlik olduğunu düşünürəm. Bu hadisədə mənim təhlükəsiz yaşamaq, şəxsi toxunulmazlıq, əmək, şərəf və ləyaqətin müdafiəsi kimi hüquqlarım pozulub. Mənim hüquqlarımın bərpa olunmasına köməklik göstərməyinizi, günahkarların araşdırılmasını və cəzalandırılmasını xahiş edirəm.

Mənə Ağsu rayon Polis şöbəsinin rəisi Fəxrəddin Abbasov cavab məktubu yazılıb. Məktub təəssüf doğurur. Birincisi, məktubun blank hissəsi düzgün tərtib edilməyib. Məktubda əks olunan telefon nömrəsi Ağsu rayonu Polis Şöbəsinə məxsus deyil və işləmir. Kürdəmirə aid telefon nömrədir. İkincisi, məktubda mənim adım iki yerdə yazılıb, hər ikisi yanlışdır. Mənim adım Farizdir, Sabir deyil. Üçüncüsü, hadisənin baş verdiyi tarix yanlış göstərilib - hadisə 25.05.2021-ci il tarixdə deyil, 24.05.2021-ci il tarixdə baş verib. Dördüncüsü, yanlışlıqlar davam etmiş, hadisənin təsviri və mənə istinad edilən ifadələr qəbuledilməzdir. Görün, mənim kimi bir alimi necə savadsız dövlət qulluqçuları mühakimə edir. Etiraz edirəm, haqq, ədalət üzə çıxsın!

Redaksiyadan: Biz bir mətbu orqanı olaraq vətəndaşın şikayət ərizəsini olduğu kimi dərc edir, qarşı tərəfin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.

 Akif Nəsirli