Rəbbin bəndələrinə Bəxşişləri

20:28 09-06-2021 198

Görmə sifəti və göz...

  Bir-biri ilə əlaqəsi olmasına baxmayaraq, tamamilə fərqli anlamlardır. Göz maddi bir əza kimi kordur. Çünki ruh olmazsa, o heç bir şey görə bilməz. Başqa sözlə, göz ruhun bu aləmi görə bilməsi üçün bir pəncərədir. İnsan da bu pəncərədən baxır. Fəqət görən pəncərə deyil. O, sadəcə bir alətdir. Qəlb də belədir. Qəlbimizlə inanırıq, fəqət inanan maddi ürək deyil. Qəlb bir rəbbani lətifədir. Vicdan onun təzahürü, beyin isə mühiti əks etdirəndir. Görmə sifətinin ehtiyacı, görünən əşyadır. Əşya olmazsa, bu sifət təbir caizsə ac qalar.

Qəlbdəki bəzi həqiqət çəyirdəkləri də onun ehtiyac duyduğu şeylərlə təmin olunduğu təqdirdə yaşayıb meyvə verər. Maddi ürəkdən fərqli olaraq, ruhani qəlbin ehtiyacları bu aləmdə təcəlli edən məna, hikmət və həqiqətlərdir. Bilinməzlər diyarı sayılan qəlb imanın yeridir. "Ərşi-səmaya sığmıram. Fəqət imanlı bəndənin qəlbinə sığaram" - Rəbb kəlamı da buna işarədir. Yaradanını istədiyi üçün arayıb tapan və Onu şanlı dəlillərlə bəyan edən vicdan da, bu rəbbani lətifəyə məhz qəlb ilə birlikdə nail olur. Buna qəlbin görən gözü - bəsirət deyilir.

 Bəsirət

 Bəsirət, könül huşyarlığı (ayıq-sayıqlıq), ağıl diqqətliyi və ruh şüurluluğudur. Bəsirət, həqiqəti qəlb vasitəsilə hiss edib qavramaq, əşya və hadisələrin daxilini və mahiyyətini idrak etmək deməkdir.

Bəsirət hadisəni hiss edib duymaq üçün bəndənin qəlbinə Allah tərəfindən ehsan edilən qüdsi bir duyğu, incə diqqət, ibrət alınacaq hidayət, irşad və istiqamət (orta yol) səbəbləri deməkdir. Bu baxımdan, bəsirət beyyinə (açıq-aydın sübut, şahidlik) və hüccət (dəlil) mənalarını da ehtiva edir. Bəsirət, idrak edən və anlayan lətifənin özüdür. Bəsirəti Rəbbin nuru hesab edən Peyğəmbər (ə) buyurub: "Mömin Allahın nuru ilə baxar".

Bəsirətin ziddi qəflətdir. Yəni xəbərsiz, diqqətsiz, biliksiz, kor-koranə yaşamaq, biganəlikdir. Qəflətə düşən insan, nəticəsini düşünmədən qoxumuş bir çirkabı müşkü əmbər bilib sürmə kimi gözünə də çəkə bilər. Belələri həm də qarşı tərəfin müsbət və mənfi tərəflərini görməyən, öz imkanlarını kor-koranə həddən artıq şişirdən, özünütəhlil və özünütənqiddən xoşlanmayan insanlardır.

 Fərasət

 Fərasət dərin seziş, zehin oyaqlığı, bir şeyi tez anlama qabiliyyəti, bir kimsənin niyyət və düşüncəsini, xarakter və qabiliyyətini sima və halından anlamaq deməkdir. Bəsirət ilə fərasət arasında çox cüzi fərq olsa da, fəqət fərasət bəsirətin daha da dərinləşməsi deməkdir. Qəlbinin gözü fərasətlə açılan insana görə, varlıq yarpaq-yarpaq bir kitab, canlı və cansız məxluqat isə min bir məna ilə danışan hikmətli sözlərdir. "Əlbəttə, bunda bəsirət və fərasəti olanlar üçün neçə-neçə ibrətlər vardır!" (Hicr, 75).

Sultan Mahmudun hökmdarlığı zamanı (1808-1839) xalq bir dövlət məmurunun rüşvət almasından əziyyət çəkirdi. Bu münkər əməl, "Möminin fərasətindən qorxun. O, Allahın nəzərilə baxar" - Peyğəmbər (ə) kəlamını iş prinsipinə çevirən Sultanı çox narahat edirdi. Rüşvətxoru isə heç vəchlə ifşa etmək olmurdu. Bir gün Sültan rüşvətxor məmuru çağırıb dedi: "Səhər tezdən bu 50 qızılı Ayasofa qapısında oturan mömin bir dərvişə verərsən. Özün də möminin fərasətindən qorx". Səhərin açılmasını səbirsizliklə gözləyən məmur həmin dərvişi tapıb qızıl olan torbanı ona verdi. Fəqət məmur, hökmdar verdiyi qızılın 45-ni özünə götürmüşdü. Dərviş isə libasını dəyişən Sultan Mahmud idi. Rüşvətxor məmuru layiqincə cəzalandıran Sultanın son sözü bu oldu: "Axı sənə demişdim ki, möminin fərasətindən qorx!".

 Bəsirət və fərasətin növləri və mahiyyəti

 Bəsirət və fərasət vəhbi (Allah vergisi) və kəsbi (öyrənmə, çalışma yolu) olur. Onun vəhbi tərəfi İlahi ehsan və Rəbbani ilham əsəri kimi bir nur parıltısı və mərifət feyzidir. Kəsbi növü isə iman və saleh əməldə, gözəl xasiyyət və ilahi hikməti anlamada, maddi-mənəvi hiss və duyğuları elm və mərifətlə inkişaf etdirərək, Allahın inayətilə əldə edilən və qəlb ilə vicdanda hasil olan bir nemətdir.

Bəsirət və fərasət imanın özəlliklərindən biridir. Mömin məhz həmin dəyərlərlə hadisə və əşyanın daxilini görür, gizli olan məna və hikmətləri sezərək dərk edir. Bəsirət və fərasətin ruhu və mahiyyətində sağlam iman, ciddi izan (itaət, tanıma, etiraf etmə) var. İmansız bir bəsirət və fərasətin ciddiliyi, davamlılığı mümkün olmadığı kimi, bəsirət və fərasətsiz iman da kamil sayılmır. Zira qaranlıqda maddi göz bir şeyi tam görə bilmədiyi kimi, küfr və sapıqlıq zülmətində olan qəlb gözü (bəsirət) də bir şeyə yaramaz və həqiqəti də görə bilməz. Yəni, göz yaradılanı görüb, bəsirət isə Yaradanı görməzsə, insan qərib (yazıq) və qüsurlu olar. Deməli, hər bir mömin iman və izanın dərəcəsinə görə bəsirət və fərasət sahibidir.

 Bəsirət və fərasətin əhəmiyyəti

 Bəsirət və fərasət Allahın Bəsir (gizli və açıq hər şeyi görən), Xəbir (hər şeyin daxili və xaricindən xəbərdar), Lətif (bütün işlərin incəliklərini bilən, incə şeylər yaradan) və Raqib (bütün varlıqlara nəzarət edən) isimlərinin təcəllisidir. Bəsirət və fərasət əhli məhz bu isimlərin ondakı təcəlləsinə görə gözü açıq, oyaq və diqqətli şəxs olur. Belələri həmişə təmkinli və tədbirlidirlər. Onlar bilirlər ki, kədərli tale göydən düşmür. O, çox vaxt insanın xəta və nadanlığından doğur. İbrətalma və bəsirətdən istifadə etmənin yeganə yolu insanın qəlb bəsirətinə, ağıl istiqamətinə və vicdan huşyarlığına qovuşmasıdır. Elə həmin səbəbdən də Quranın bütün ayələri bəsirət və fərasətə dəvətdir. "(Ya Məhəmməd!) De ki: "Bu mənim yolumdur. Mən Allaha (kor-koranə deyil) bəsirətlə dəvət edirəm. Və mənə tabe olanlar da bu bəsirət üzrə hərəkət edərlər" (Yusif, 108).

Bəsirət və fərasət əhli nə və necə deməyi, nə və necə etməyi qabaqcadan bildiyi üçün həm ibadətində, həm də dünyəvi əməlində işin xeyirli tərəfini görüb, sonda Allaha təvəkkül edər. N.Tusi (1201-1274) demişkən: "Divarı uçurmazdan əvvəl, o tərəfdə səni nə gözlədiyini öyrən". Bəsirət və fərasət əhlinin dost və düşmənləri tanıması, zahirən çirkin və ədalətsiz görünən əşya və hadisələrdə ilahi ədalət və hikməti sezməsi onları dəhşət, vəhşət, təlaş və təəccübdən xilas edər. Bəsirət gözü açıq olanlara ölmə-dirilmə hikməti aydın olduğu üçün, onlar ölümü Rəbbin bir ərməğanı, ölümsüzlüyü isə bəşər üçün ən dəhşətli sonluq və əbədi ölüm sayarlar. Çünki bəşər də daxil olmaqla, fauna və flora aləmi ölməsəydi, ölçüləri sonsuz olmayan Yer kürəsi gücdən düşüb qısır qalardı və nəticədə o, məxluqatı qida və digər nemətlərlə təmin edə bilməzdi.

"Görmək yalnız gözlə olmaz, görünüş baxanı aldada bilər" (Həz. Əli). Əslində bəsirət gözü kor olana gözlə görməyin faydası da yoxdur. Çünki gördüyümüz, eşitdiyimiz, bildiyimiz həqiqətlər kainatdakı məna və mahiyyətlərin çox cüzi hissəsini təşkil edir. Həmin səbəbdən onlar əşya və hadisələrdəki həqiqətləri tam aça bilmirlər. Əksinə, maddi gözü şikəst olub, mənəvi gözü açıq olan insanın həmin həqiqətləri dərk etməsi cəmiyyət üçün ilahi bir nemətdir. Bəşər tarixi sübut edib ki, belə insanların xeyiri bəsirətsiz gözlülərdən daha bərəkətlidir. "İstedadlı kor istedadsız gözlüdən daha yaxşı görür" (T.Fikrət, 1869-1915). Elə Quranın "heç görənlə görməyən, bilənlə bilməyən eynidirmi?" - kəlamı da insanın maddi yox, mənəvi gözünü, idrak səviyyəsini, vicdan və qəlbini nəzərdə tutur.

 Bəsirət və fərasətə çatma yolları

 "Sağlam bədəndə sağlam ruh olar" - kəlamına görə, göz və mədəsini haramdan, nəfsini şəhvətdən, dilini yalan və qeybətdən qorumaq, maddi və mənəviyyatını Quran və Peyğəmbər (ə) kəlamları ilə tərbiyə etmək, fəaliyyəti mütəmadi obyektiv təhlil etmək bəsirət və fərasət üçün vacib elementlərdir. Belə insanların bəsirət və fərasəti çaşmaz və başqalarını da çaşdırmaz.

Bəsirət və fərasəti təmin edən amillərdən biri də səbir, sədaqət, əmanət və qəlb səlamətliyidir. Zira qəlbi sağlam və salamat olmayanların bəsirəti də şikəst olar. Həmin səbəbdən uşaqların bəsirət və fərasət əhli olması üçün onların halal süd əmməsi və halalla bəslənməsi vacib şərtdir. Bunun üçün uşaq hələ bətində ikən ana halaldan yeyib, haramlara əl uzatmamalı, ata da halal qazanmalıdır. Halal süd və halal tikənin uşağın əxlaq və tərbiyəsində mühüm rolu olduğu kimi, bəsirətli və fərasətli olmasına da çox böyük təsiri var.

 Bəsirət və fərasət dövlət məmurları üçün qaçılmaz normativ dəyərdir

 Bəsirət və fərasət ölkə başçıları, din və siyasi xadimlər, alim və məmurlar üçün ən ümdə keyfiyyətlərdən biridir. Bu cövhər həm ölkənin daxili və xarici siyasətinin hazırlanıb həyata keçirilməsində, həm də "din dövlətdən ayrıdır, fəqət dinsiz cəmiyyət də yoxdur" prinsipinin felən işləkliyinin təmin edilməsində ilahi bir nurdur. Lakin o da məlumdur ki, gözün əşyaya hikmət nəzərilə baxması qəlb təmizliyi və iman nuru ilə mümkündür. Günəşin torpaqda deyil, təmiz güzgüdə özünü göstərməsi kimi, əşya və hadisələrdəki məna və həqiqətlər, ibrət və öyüdlər də, məhz belə qəlb və vicdanlarda təşəkkül tapır.

Məlumdur ki, imanın təqlidi və təhqiqi tərəfləri var. Bəsirət və fərasət sahibləri təqlid etməzlər. Onlar iman, elm və iradə vəhdətilə təhqiqi iman sahibləridir. Belə ki, həz. Əlinin əshabından olan Dibili-Yəməni, Quranın - "Gözlər Onu (görüb) dərk etməz! O, gözləri dərk edər. O, lətifdir. Və hər şeydən xəbərdardır!" (Ənam, 103) və "... Musa: "Ey Rəbbim! Özünü (cəmalını) mənə göstər Sənə baxım!" - dedi. Allah: "Sən Məni əsla görə bilməzsən" - buyurdu (Əraf, 143) ayələrinə istinadən həz. Əlidən soruşdu: "Ya Əli, Rəbbini gördünmü?" Kəramət sahibi həz. Əli dedi: "Görmədiyimə qulluq edərəmmi?"

Əshabın: "Onu necə gördün?" sorğusuna isə xəlifə cavab verdi: "Onu gözlər açıq-aydın görə bilməz, fəqət könüllər iman gerçəkliyilə görər. O, hər şeyə yaxındır, fəqət onlara bitişik deyil. Hər şeydən ayrıdır, fəqət onlara zidd deyil. Danışandır, fəqət düşünərək, dillə, dodaqla yox. Əşya düzəldəndir, yaradandır, alətlə yox. Böyükdür, irilikdə yox. Görəndir, duyğu ilə vəsfinə imkan yox. Acıyandır, könül yumşaqlığı ilə, tərifinə imkan yox. Ondan başqa hər görünən görünməyi bacarmaz və həm də hər görünməyən görünməməyi bacarmaz. O, əşyaya nüfuz etməz ki, desinlər oradadır. Əşyadan ayrı deyildir ki, "orada yoxdur" desinlər. Gözlər Onu görə bilməz, fəqət görməyən göz də Onu inkar edə bilməz".

Göründüyü kimi, istər özünü və Rəbbini dərkdə, istərsə də mənsub olduğu xalq və dövləti təmsil etmədə öndərlərin bəsirət və fərasət sahibi olmaları həm fərdi, həm də ictimai baxımdan Rəbbi razı salan ən böyük iman nemətidir. Peyğəmbər (ə) kəlamı ilə desək, "Dövlət və millət onu idarə edən məmurların bəsirət və fərasətləri ilə tanınır".

Qeyd olunan Peyğəmbər (ə) kəlamını bugünki Azərbaycana şamil etsək, görərik ki, ölkəmizin müstəqilliyini elan etməsi və sonrakı dövrlərdə bəsirət və fərasət sahiblərimizin müstəsna xidmətləri olub. 100 il bundan qabaq "Bir kərə yüksələn bayraq bir daha enməz" deyən M.Ə.Rəsulzadə də, ilk dəfə sovetlərin bayrağından imtina edib doğma üçrəngli bayrağımızı Naxçıvan parlamentində ucaldan Heydər Əliyev də ölkəni idarə edən bəsirət və fərasət ərləri idi. Onlar qəlb huşyarlığı ilə mürəkkəb hadisə və proseslərin daxilini, mahiyyətini dərin seziş və zehin oyaqlığı ilə qabaqcadan bilən öndərlər idi. Atəşkəs rejimindən dərhal sonra Əsrin Kontraktının bağlanması da, müasir Azərbaycanın müstəqil daxili və xarici siyasəti də ilahi nemət olan bəsirət və fərasətin meyvəsidir.

Lakin bugünkü inkişafımızdan öz nəfsləri üçün istifadə edən haramxor məmurlar da yox deyil. Onlar "Vətən, Xalq, Prezident, Din" sözlərini dillərində əzbər etsələr də, fəqət əməlləri onları əvvəl-axır cəmiyyətə tanıtdırır. Tanıtdırır ki, belə haramxorların aqibəti başqalarına ibrət olsun. Yeri gəlmişkən, belələrinə Quran dilində "istidrac"a uğrayanlar, yəni "mərtəbə-mərtəbə ucaldılaraq, birdən uçurumun dibinə atılanlar" deyilir. Şeytan bəsirətli və şərə fərasətli atlılardan (məmurlardan) gələn təhlükəni açıqlayan Qəzzali (1058-1111) deyib: "Bəsirət və fərasət atlı, bədən isə at kimidir. Atlının korluğu atın korluğundan müqayisə edilməz dərəcədə təhlükəlidir".

Bəsirət və fərasət Rəbbin verdiyi elə bir nemətdir ki, batil onun qarşısında duruş gətirə bilmir. Həmin səbəbdən işğal olunan torpaqlarımızın sülh və ya hərblə azad olunması da bizim bəsirət və fərasətimizdən asılı olacaq.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru