“NİZAMİ İLİ”nin “ELM GÜNÜ” VƏ ELMİMİZİN GÜNÜ İLƏ BAĞLI DÜŞÜNCƏLƏR

20:36 09-06-2021 225

AMEA rəhbərliyinin "fəaliyyəti" elmimizə hansı zərbələr vurur?

 Redaksiyadan: Mövzunun aktuallığını və əhatəliyini, vətəndaş yanğısını nəzərə alıb «Azpolitika.info» saytında verilmiş bu yazını gələcək tarix üçün qəzetimizdə dərc etməyi məqsədəuyğun hesab etdik.

  “Hər bir yerdə müasir menecment olmalıdır, idarəetmə olmalıdır. Son vaxtlar apardığım kadr islahatları onu göstərir. Harada ki, müasir menecment, müasir idarəetmə, dürüstlük, təmizlik, vicdan varsa, orada nəticə də olacaqdır”.

Prezident İlham Əliyev

 Haşiyə: Elmimizlə bağlı bu yazı kimlərisə ittiham etmək deyil. Yalnız tənqid və ittiham bizi elmdə daha neçə on illər geri ata bilər. Yazı hazırda XXI əsrdə inkişafın mühərriki, milli varlığın qurtuluş amili olan bir sahədəki vəziyyətlə bağlı düşündürmək cəhdi, Azərbaycan elmində necə dönüş yaratmalı, - sualına cavab axtarışıdır. Elmimizin vəziyyəti ilə narahat olan hər kəsin və bir xalq olaraq hamımızın elmi səfərbərlik üçün fikir mübadiləsinə dəvətdir..

    (Əvvəli qəzetin ötən saylarında)

 Qabaqcıl təcrübələrdə dövlət elm siyasətinin reallaşdırılması və elmin idarəçiliyinə məsul elm administrasiyası mövcuddur

 Azərbaycanda dövlət elm siyasətini, elmin idarəçiliyini həyata keçirən rəsmi qurumunun, elm administrasiyasının yaradılması, infrastrukturunun təşkilatlanması yönündə ciddi struktur islahatlar həyata keçirilməsi günün tələbidir. Son onilliklərdə milli elmimiz dünyada demək olar ki, analoqu olmayan, adında “elm” sözü olmayan, dövlət elm siyasətini həyata keçirən rəsmi dövlət qurumunun-nazirlik yaxud komitənin olmadığı şəraitdə mövcud olub.

Azərbaycanda müstəqillikdən sonra tam 30 il müddətində elmin idarəçilik “zəncirini” formalaşdıran mühüm aralıq həlqə-Elm siyasətini həyata keçirən nazirlik yaxud başqa qurum olmamışdır. İcraedici idarəçilik səviyyəsində dövlət elm siyasətinin hazırlanması və normativ hüquqi tənzimlənməsi işinə əvəzsiz töhfə verməli olan analoji qurumun olmaması bu sahədə səmərəli idarəçiliyin formalaşmamasını şərtləndirən səbəblərdən biridir.

Bununla müqayisədə, son onilliklərdə milli elmimiz dünyada demək olar ki, analoqu olmayan, adında “Elm” sözü olmayan, dövlət elm siyasətini həyata keçirən rəsmi dövlət qurumunun-nazirlik yaxud komitənin olmadığı şəraitdə mövcud olub. Belə vəziyyətdə, son onillərdə elmin nüfuzunu artıran,onu təbliğ edən mühitin formalaşması üçün sistemyaradıcı, özəl səlahiyyətə/statusa malik AMEA və onun kurasiyasında olan elmi təşkilatlanma-infrastruktur modelinin təkmilləşməyə ehtiyacı var. Ölkədə elmi tədqiqat təşkilatlarının 100-dən 90 faizinin yalnız paytaxtda yerləşməsi özü də elmi infrastrukturun qeyri-rasional yerləşdirilməsini göstərir.

Bununla yanaşı, ötən müddətdə bütün qabaqcıl təcrübələrdə olduğu kimi, dövlət elm siyasətini həyata keçirən elmin idarəçiliyinə məsul elm administrasiyası, Komitə, Nazirlik, Agentlik və s. yaradılmayıb. 2016-cı il tarixli "Elm haqqında" Qanunun 11-ci maddəsinə əsasən AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil edən və təmin edən, elmi həyata keçirən dövlət elmi təşkilatı" statusu verilib. Bununla yanaşı, dünyanın heç bir yerində Akademiyalar, dövlətin ali elmi-texniki siyasətini həyata keçirən administrativ qurum deyil, tədqiqat qurumları olduğu üçün, AMEA özünün inzibatı idarəçilik orqan, elmi administrasiya səviyyəsində səmərələliyini təsdiqləyə bilməyib.

 Elmin inkişafı uğrunda zamanın milli səfərbərlik çağırışı və aidiyyətli qurumlar

 2021-ci il “Elmə alternativ yoxdur” hikmətinin müəllifi, “bəşərin ən uca fikir dağı” (M.Araz) “Nizaminin ili”dir. Sahənin inkişafı üçün lazımi potensialımız, Qərb , Şərq-Asiya elm modellərinin təcrübəsini təhlil imkanı da, dünyada elmə ən çox dəyər verən, maarif və bilik vurğunu olan, dünyəvilik örnəyi olan Azərbaycan xalqı var.

Tarixi parlaq şəxsiyyətlərlə, dərin araşdırmalarla, tanınmış elmi nəticələrlə zəngin olan,arxitektura baxımından da elm məbədi olan Milli Elmlər Akademiyasının, ölkənin əsas intellektual qüvvələri və nəhəng yaradıcılıq potensialının cəmləşdiyi zəka ünvanı, ABŞ dakı kimi “Xalqın Elm Evi” olması günün tələbidir. Nizami ilində elmimizdə idarəçilik və s. sahələrdə köklü islahatların reallaşması, dönüş yaradılması bir milli ideologiyamız səviyyəsinə qalxmalıdır. Burada yanlış olan “kiçik ölkə” kompleksini aşılayanlara dirəniş göstərməliyik. Çünki süni intellekt əsrində “kiçik və ya böyük” nisbi anlayışlara çevrilir.

Ölkədə "Nizami ili",dünyada "əsrin savaşı" elan edilən bir ildə AMEA-kollektivi adından dövlətimizin elm sahəsində dönüş və zəfər yaratmaq hədəfləri ətrafında elmi debat,dialoq və müzakirələr əvəzinə, yalnız akademiya rəhbərini dəstək, müdafiə yaxud israrlı təkzib bəyanatları elm institutumuzun nüfuzuna ağır zərbələri vurmaqdadır. Cəmiyyət AMEA-dan Big Data,Süni intellekt, 5G texnologiya, dronlar, vaksinlər, sosial robotlar və s.elmi inqilab cəbhələrindən qaynar xəbərlər, sayca az olsa da müsbət nailiyyətlərin dönə-dönə təbliğini gözləyir. Elm hər cür siyasiləşmə,qruplaşma və s bəyanatlarının verildiyi yer deyil, cəmiyyətin elm adlı bu ali,kübar fəaliyyət sahəsindən gözləntilərinə cavab verən nüfuz və ehtirama layiq zəka institutu, intellekt məbədidir.

Xalqımızın milli sərvəti ünvanı olan, olmalı olan AMEA nəinki bu qurumda, bütün cəmiyyətdə imkan və potensialı milli səfərbərlik elan edən, milli elmi həmlə nöqtəsinə çevrilməlidir. Əsrin savaşının elm cəbhəsində aparıldığı əsrdə biz AMEA-nın dünyanın 5637 ən nüfuzlu elmi təşkilatı arasında 745-ci yerdə qərar tutması ilə təskinlik tapa bilmərik.

Elm hər cür siyasiləşmə,qruplaşma və s bəyanatlarının verildiyi yer deyil, cəmiyyətin elm adlı bu ali, kübar fəaliyyət sahəsindən gözləntilərinə cavab verən nüfuz və ehtirama layiq zəka institutu, intellekt məbədidir. Mediada AMEA rəhbərliyinin ilginc vəzifə təyinatları, eyni institutların adının dəfələrlə dəyişdirilməsi,kollektivinin daxili çəkişmələr, haqq-hesab çürütmə və münaqişə xəbərləri hələlik nəinki qurum daxilində konstruktiv həllini tapmaqda, əksinə daha da artmaqdadır.

Pandemiya dövrü qurumda verilən açıqlamalar gülüş hədəfinə çevrildi. Bütün dünya Akademik strukturlar bütün səviyyələrdə qərar vermə, elmi dərəcə və adların verilməsi, dissertasiya müdafiəsinin təşkili və seçkilərin keçirilməsində lazımi şəffaflığı və kollegiallığı təmin etsə də Azərbaycanda hələlik heç bir addım atılmayıb.

Elm sürəkli çəkişmə,siyasiləşmə, inkarçılıq mühitində elm heç zaman rəqabətədavamlı institutu kimi möhkəmlənə bilməz. Alim və tədqiqatçıların həlli vacib məsələlərlə bağlı təşkil edilən kütləvi debatları, təşəbbüs və fəallığının körükləmək, cəmiyyətdə elmə inam və etibarı yüksəltmək , elm və mədəniyyətin simvolu olmaq əvəzinə, istənilən tənqidə "xüsusi əməliyyat" rejimində ,"son döyüş" tərzində dözülməz, hər hansı obyektiv yaxud subyektiv tənqidə qarşı səngər qurmaq nəinki qeyri-rasional, həm də əsassız və destruktiv yanaşmadır.

Mövcud vəziyyətin düzəlməsi yönündə atılacaq addımların gecikdiyi nəinki hər gün, həm də hər saatı elmimizin "dönüş nöqtəsi" olacaq zamanın başlamasını o qədər gecikdirir, ümidsiz və bədbin perspektivləri göz önünə gətirir. Yalnız elmi ictimaiyyət deyil, bütövlükdə cəmiyyət olaraq, Azərbaycan elmini zəiflədərək onun məhvinə aparan tendensiyanın qarşısını almaq, ölkəmizi dünya intellektual elitasına qovuşdurma, elmimizə sahib çıxmaq ilk və müqəddəs vəzifədir.

AMEA-da ölkənin real ehtiyaclarına əsaslanan elmi tədqiqatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi, elmi işlərin planlaşdırılması və icrasının monitorinqi, nəticələrin keyfiyyət əsaslı qiymətləndirilməsi və həyata keçirilməsi yönündə ciddi məsələlər həllini gözləməkdədir.Hazırkı dövlət sifarişlərinə əsaslanan sistemi formal xarakter daşıyır. Nəinki cəmiyyət, əksər dövlət qurumları AMEA-nın müxtəlif elmi istiqamətlərdə- iqtisadi, sosial, mədəni və s. hansı işləri görə biləcəyinə dair malik olduğu imkanları, rolu və yeri barədə demək olar bir təsəvvürə malik deyil.

İnstitut,alim və tədqiqatçılların fəaliyyətinin səmərəliliyini qiymətləndirmək üçün beynəlxalq səviyyədə qəbul edilmiş-keyfiyyətə nəzarət adlanan elmi meyarların tətbiqi hələ gündəmdə deyil. AMEA rəsmilərinin verdiyi açıqlamalarda da hazırda elmimizdə başlıca trendlərinin - elm və alimin ictimai nüfuzunun ciddi şəkildə azalması, ”feminizasiyası”, elmi heyətin sürətlə “qocalması”, gənc kadrların xaricə güclü "beyin axını", peşəkar elmi kadrların sayının azalması, dünyada alimlərin sayında ümumi artımı fonunda, Azərbaycanda tədqiqatçıların sayı hər il azalması kimi müdhiş proseslər təşkil edir. Bu tendensiya özünü xüsusilə təbiət elmləri sahəsindəki kəskin biruzə verir. Bu meyillər yalnız elmimizi deyil, bütövlükdə cəmiyyətimizi hara aparacağını düşünmək belə-fəlakət duyumunu artırır.

Cari Nizami ilində-ölkəmizdə elm və təhsillə bağlı qarşıda duran vəzifələrlə bağlı strateji baxışını, qəbul edilmiş sənədlərin, vəzifələrin dünya elm və təhsilinin inkişaf trendləri, mütərəqqi hesab ediləcək ölkələrin təcrübəsi ilə müqayisəli təhlil və müzakirə etmək, elmimizin hazırkı vəziyyətdən çıxara biləcək islahatlara dair elmi ictimaiyyətin, bütövlükdə cəmiyyətin fikirləri ilə tanış olmaq, ölkəmizdə elmlə bağlı güclü sosial elm hərəkatı yaratmaq başlıca məqsədlərdən olmalıdır.

XXI əsr/ 2021-ci- “Nizami ili”nin, Zəfər tarixinin 1-ci və Müstəqilliyin 30-cu ilinin elmimizlə bağlı ciddi dönüş nöqtəsinə çevrilməsinə alternativ yoxdur.

 Tahirə Allahyarova,
Professor