Deputat Şahin İsmayılovu seçicilər Beyləqanda boykot etdilər

20:39 09-06-2021 306

 Saxta mandatın bədəli çox ağırdır

 Bu yazımda oxu-culara 2015-ci ildən Beyləqan rayonuna deputat təyin olunmuş Şahin İsmayılovun 23 may 2021-ci il tarixdə ikinci Qarabağ müharibəsində 17 nəfər şəhid vermiş Beyləqan rayonunun Kəbirli kənd seçiciləri tərəfindən boykot edilməsiylə bağlı artıq sosial şəbəkələrdə də yayılmış olayın bəzi nüanslarına toxunacağam.

Öncə Şahin İsmayılov barədə qısa məlumat verməyi vacib sayıram.

Şahin İsmayılov 2015-ci ildə Milli Məclisə təyin olunana qədər o, respublika gənclər təşkilatının sədri vəzifəsini tutmaqla yanaşı, eyni zamanda FETÖ terror təşkilatının Azərbaycandakı uzantısının rəhbəri Elnur Aslanovun yaxın köməkçilərindən olub. FETÖ təşkilatında göstərdiyi fəallığa görə, təşkilat rəhbəri Elnur Aslanov tərəfindən dəfələrlə mükafatlandırılıb.

Hamı bilir ki, FETÖ-çular (Fətullah Gülən hərakatının üzvləri) 2016-cı ilin iyul ayının 15-16-da qardaş Türkiyədə dövlət çevrilişinə cəhd etdilər və nəticədə 250-dən çox insan şəhid edildi!

Həmin vaxtdan FETÖ terrorçu təşkilat elan edildi. Amma həmin təşkilatın Azərbaycandakı uzantısının fəallarının heç biri həbs olunmadı, əksinə onların bir neçəsi müxtəlif vəzifələrə irəli çəkil, hətta dideputat mandatı qazandı, o cümlədən Şahin İsmayılov da!...

Şahin İsmayılov ona görə əhali tərəfindən boykot edilir ki, o, deputat təyin olduğu Beyləqan rayonunda 5 il ərzində deputat kimi, heç bir iş görməyib. Seçicilərə verdiyi vədlərin birini belə yerinə yetirməyib. Hətta 44 günlük ikinci Qarabağ müharibəsində 130 nəfər şəhid vermiş rayonda bir nəfər şəhidin dəfnində belə, iştirak etməyib, şəhid ailələrinin dərdinə şərik olmayıb!

Rayon əhalisi Şahin İsmayılovla görüşmək nədir, heç onu görmək belə istəmir. Rayon əhalisi üçün tanış olmayan, deputat üçün lazım olan bacarıq, qabiliyyət və mənəvi keyfiyyətlərə yiyələnməmiş, təcrübəsiz gəncin yüz minlik rayona deputat təyin olunması əslində hakimiyyətin nöqsanıdır. Xalqın rəyinə əhəmiyyət vermədən, hakimiyyət qollarının hamısının ölkədə şəxsi münasibət əsasında formalaşması tək deputatları yox, Milli Məclisin özünü xalq üçün lazımsız orqana çevirib...

Kənd əhalisinin Şahin İsmayılova münasibətinin bir anını canlı görmək üçün onun Kəbirli kəndində əhali tərəfindən boykot olunduğunu əks etdirən videonu yəqin tamaşaçılar Paralel TV-də izləyiblər.

Hesab edirəm ki, Şahin İsmayılov çox gəncdir və şəxsiyyətinə hörmət edən gənc olaraq, özü də deputat kimi fəaliyyətindən razı deyil. Bunu hiss etmək o qədər də çətin deyil. Amma əhali içərisində rüsvay olmağın ona necə təsir etdiyini yalnız Şahin İsmayılovun özü daha yaxşı hiss edir. Ola bilər ki hansısa insan özünə hörmət etməsin, amma düşünürəm ki, hər bir vətəndaş, xüsusilə millət vəkili daşıdığı titula hörmət etməlidir- istefa verməlidir.

 Röyal Əsədli