"Qardaşım İlham Əliyevin qonağı olacağıq" - Rəcəb Tayyib Ərdoğan Şuşaya edəcəyi səfərdən danışdı VİDEO

14:28 10-06-2021 216

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə Avropa Çempionatının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək Türkiyə-Uels qarşılaşmasını birlikdə izləyəcək.

Proqnoz.com-un məlumatına görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bunu Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının iclasında bildirib.

“Qarşıdan İtaliya-Türkiyə qarşılaşması gəlir. Bu oyuna böyük əhəmiyyət veririk. İnşallah, milli komandamızın İtaliyadan müvəffəqiyyətlə qayıdacağı halda, biz də Azərbaycanda ikinci qarşılaşmanı İlham Əliyev qardaşımla birlikdə izləyəcəyik. Proqramımızı buna uyğun tərtib etmişik”, - deyə R.T.Ərdoğan bildirib.

Rəcəb Tayyib Ərdoğan Şuşaya edəcəyi səfərdən də danışıb: “Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altında olan torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla bölgədəki bütün tərəflərə yeni imkanlar açır.