Jurnalistlər binasının komendantı da saxlanılıb - Əli Həsənovda həbs olunacaqmı?

00:36 12-06-2021 351

Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. 

milletinsesi.info-ın əldə məlumata görə, Binyamin İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.

Baş Prokurorluğunun mətbuat xidmətindən milletinsesi.info-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bir müddət öncə mediada gedən məlumatda bildirilirdi ki, Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Həmin vaxt müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilib. 

Media da yayılan xəbərdə bildirilirdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.

Korrupsiya idarəsinə çağırılan jurnalistlər Prezidentin sabiq köməkçisi Əli Həsənov və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istisna etmir. 

Media işçilərinin ölkə başçısına müraciətlərində qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov və Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə edib:

“Ona yaltaqlana bilmədiyimiz üçün dövlət vəsaiti ilə tikilmiş ik jurnalist binasından mənzil almaq imkanından məhrum olmuş, KİVDF-nin ayırdığı qrantlardan kənarda qalmış, Mətbuat Şurasının və KİVDF-nin jurnalistlər üçün təşkil etdiyi heç bir tədbirə çağırılmamışıq.

Əli Həsənovun mediaya nəzarət etdiyi dövrdə demək olar ki, biz təcrid olunmuş şəraitdə olum-qalım mübarizəsi aparmışıq. Ona yaltaqlananlar isə bu müddətdə demək olar ki, evi ola-ola ev aldılar, hətta həmin evləri kirayə verdilər, hətta bu gün ölkənin elan saytlarında Sizin göstərişinizlə ev almaq imkanı olmayan jurnalistlər üçün tikilmiş binalarda hansısa evlərin satıldığına, kirayə verildiyinə dair elanlara rast gəlinir. Çünki evlərin bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilib.

Ev alanlar siyahısında elə şəxslərin adı var ki, onların xarici ölkələri gəzmək üçün təyyarələrdə xərclədiyi pulla şəhərin mərkəzində villa tikmək olardı, 50-100 minlik maşın sürənlər, ev almaq üçün həyat yoldaşını boşayanlar, daha kimlər, kimlər. Bunları həmişə demişik, yazmışıq, lakin səsimizi eşidilməyə qoymayıblar. Bu gün artıq onlar Sizin bir sərəncamınızla tarixin qaranlıq arxivinə atılıblar.

Lakin biz haqq-ədalətin bərpa olunmasını istəyirik. 2019-cu ildən ölkəmizdə islahatların ikinci dalğası başlamış, bu gün daha güclü şəkildə, daha sürətlə davam etməkdədir. Hüquq-mühafizə orqanlarının Sizin siyasi iradənizə söykənərək korrupsiyaya qarşı sərt və uğurlu mübarizəsi hər bir vətəndaş kimi biz jurnalistlərin də ürəyincədir və biz bunu ürəkdən dəstəkləyirik. Lakin bu tədbirlərin mətbuat sahəsində də aparılmasını istəyirik. Uzun illər mətbuata ayrılan milyonlar hara, necə xərclənib məlum deyil, milyonlar xərclənən mətbuat ictimai rəyə təsir gücündə deyilsə, onda o qədər vəsait nəyə xərclənib? Jurnalistlər binasında evlər kimlərə verilib? Sizə müraciətimiz də bu məsələlərlə bağlıdır.

2013 və 2017-ci ildə mənzil şəraitinin yaxşılaşdırılmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxmışdır. Belə ki, ictimai – siyasi məsələlər üzrə sabiq köməkçiniz Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ağır şəraitdə yaşayan, mənzilə ehtiyacı olan jurnalistlərin müraciətlərini nəzərə almamışlar, mənzil verilməsi üçün tərtib olunan siyahıda adı olan əksəriyyət bir və daha çox fərdi mənzil sahibi olan, baş redaktor, baş redaktor müavini, redaktor və jurnalistlərin, uzun müddətdir jurnalistikadan uzaq olan, dövlət qulluqçusu olan mətbuat katiblərinin, jurnalistikaya aidiyyatı olmayan, lakin Əli Həsənova, Vüqar Səfərliyə və Əflatun Amaşova yaxın olan şəxslərin adları qeyd olunmuşdur.

Ona görə də Sizə bu müraciəti ünvanlayaraq xahiş edirik ki, jurnalistlər üçün tikilən binalarda mənzil verilən zaman, başda Əli Həsənov olmaqla Vüqar Səfərlinin, Əflatun Amaşovun, Nuşirəvan Məhərrəmlinin və başqalarının hüquqa və qanunazidd əməllərinin araşdırılması, hüquqi qiymət verilməsi, evi ola-ola Jurnalistlər binasında ev alan, kirayə verilən, satılan mənzillərin həmin şəxslərdən geri alınaraq həqiqi ehtiyacı olan şəxslərə verilməsi üçün göstəriş verəsiniz”.

Ölkə başçısına müraciət edən media işçilərinin siyahısı:

1.Xanlar Sətullayev, Yenilik.az saytı, baş redaktor

2. Kərim Kərimli, “Teas Press” redaktor, Qarabağ müharibəsi veteranı

3. Mais Əlizadə, Türkiyədə Azərbaycan,T ürk və əcnəbi media qurumlarıyla əməkdaşlıq edən jurnalist, təhlilçi, tərcüməçi, filologiya elmləri namizədi

4. Vəfa Fərəcova, müstəqil jurnalist

5. Şəfayət Avılbəyli, Baku Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri

6. Raminə Eyvazqızı, Ayna. Az saytı, jurnalist.

7. Rövşən Əsədov, correct. az, redaktor.

8. Fərqanə Sədirova, müstəqil jurnalist.

9. Amil Hacıyev, müstəqil jurnalist

10. Pərviz Hüseynli (Pərviz Hüseyn), Axşam. Az saytı, jurnalist.

11. Gülnaz Qənbərli, müstəqil jurnalist.

12. Əzizə İsmayılova, jurnalist, radioaparıcı.

13. Elmidar Əliyev, Aztoday. az saytı, redaktor.

14. Həbibə Abdulla, Afn. az saytı, baş direktor

15. Nürəddin Xoca teref. az, redaktor

16. Pervanə Sultanova müstəqil jurnalist

17. Fikrət Fəraməzoğlu, müstəqil jurnalist,

18. Nigar Orucova Oxu. az saytı, jurnalist

19. Babək Cahandarov müstəqil jurnalist

20. Zaur Qərib oğlu “Reaksiya Media Group”, baş direktor

21. Cəmilə Hətəmxanova, Real TV, jurnalist

22. Azər Niftiyev, Sosium.az portalı, baş redaktor

23 Dilşad Yusifova, müstəqil jurnalist

24. Arzu Umut, müstəqil jurnalist

25. Sənan Məhərrəmov, müstəqil beynəlxalq idman jurnalisti, combatsport.az Döyüş Sənətləri Analitiki Multi-İdman Portalının baş redaktoru

26. Əli Aqşin Rafiqoğlu – Report informasiya agentliyinin müxbiri.

27. Xəyalə Süleymanqızı FaktAt.az fakt-arasdirma təhlil analitik informasiya agentliyi, jurnalist

28. Bəhruz Salmanov, xeberlent. az saytı, baş redaktor

29. Elxan Qənbərli, 7-gun.com saytı, jurnalist

30. Züleyxa Nadir, müstəqil jurnalist

31. Nicat Haciyev, Zerkalo. az, jurnalist.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq demokratik cəmiyyətin əsas atributlarından olan kütləvi informasiya vasitələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, bu mühüm sahə üzrə dövlətin dəstək siyasətinə öz qanunsuz əməlləri ilə kölgə salan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna  dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək  xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə  “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub. 

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.