Məmurlar və ağcaqanadlar

18:58 23-06-2021 765

Hansı daha təhlükəlidir?

 Deyirlər ki,"qulaq hər gün yeni bir söz eşitməsə, kar olar". Bu məsəli müasirləşdirərək belə də demək olar, "göz gündə bir yeni xəbər oxumasa, kor olar"(müasir dildə desək, şok olar). Məni də həmişə məmurlarımızın tükənməyən nəfsləri şok edib. İnsana (məmura yox haaa, onların nəfsinin hüdudu yoxdur) nə qədər var-dövlət, sərvət, pul lazımdır ki, gözü doysun, bir gün dayanıb desin: "bəsdir, artıq mənə heç nə lazım deyil".

Bilirsiniz ki, bəzi həşəratlar öləcəkləri halda belə, insan qanı içməkdən vaz keçmirlər. Bu baxımdan, öz nəfsinə sahib çıxa bilməyən Azərbaycan məmurları ilə həmin həşəratların  müəyyən oxşarlıqları da var. Azərbaycan məmurları çox gözəl bildikləri halda ki, xalqın malına, dövlətin sərvətinə əl uzadanın əlini kəsərlər, yenə də nəfsini cilovlaya bilmirlər.

Diqqət etmisinizsə, ağcaqanadın birini öldürürsən, yanındakı uçub gedir, bilə-bilə ki, öldürüləcək, yenə də insanı sancmağa cəhd edir.

Son zamanlar öldürülən ağcaqanadlar kimi, ölkə məmurlarının da bir qismi həbsə atıldı, amma qalanları bundan ibrət dərsi aldılarmı? Əsla, hamı öz işindədir. Maraqlıdır ki, dünyanın hər yerində ən kiçik həşəratların belə yaşamı, fəaliyyəti araşdırıldığı halda, Azərbaycanda ağcaqanad-məmurların fəaliyyəti, yaşam tərzi heç kimi maraqlandırmır. Maraqlanan, bu barədə danışanları isə elə susdururlar ki, danışdığına peşiman olur. Bu sahədə araşdırma aparan alimlərimiz belə, demək olar ki, görünmürlər. Yaxud da, onlara belə tapşırılıb ki, bu məsələni açıb-ağartmasınlar. Neyləsin, o da yaşamaq istəyir. Əcnəbi ölkələrdə isə siyasətdən uzaq, başlarının ağrımasını istəməyən alimlər, adətən quşların, həşəratların tədqiqatları ilə məşğul olurlar və bəzən çox maraqlı nəticələr ortaya çıxarmağı da bacarırlar. Bəzilər hətta bütün həyatlarını bu işə sərf edirlər. Rusiyalı alim-həkim Aleksandr Myasnikov da ağcaqanadların nə üçün bütün insanları eyni dərəcədə sancmadıqlarını öyrənmək üçün uzun illər tədqiqat işləri aparıb. Nəhayət, belə bir nəticəyə gəlib ki, sən demə, ağcaqanadlarla, tamahkar məmurlar arasında "genetik" bağlılıq var. Yəni ağcaqanadlar da məmurlar kimi hər şeyin ən yaxşısına sahib olmağa can atırlar və əsasən də 1-ci qrup qan sahiblərini sancırlar. Bilirsiniz ki, tamahkar məmurlar da, ölkə büdcəsini, məmləkətin bütün pullu, gəlirli yerlərini ələ keçirərək sümürməklə məşğuldurlar.

Maraqlı bir fakta diqqət edin, alim iddia edir ki, ağcaqanad sancmalarının 80 faizi insanların ancaq 20 faizinin payına düşür. Azərbaycanda da büdcəni və dövləti talayanlar əhalinin 20 faizini, bu talandan zülm çəkənlər isə 80 faizini təşkil edir. Bir daha xatırlatmaq zorundayam ki, Azərbaycanda on minlərlə alim olsa da, bu məsələni araşdırmaqda heç kim maraqı deyil. Əslində, alimlərimiz çoxdur və onlara hansısa bir həşaratı tədqiq etmək lazım deyil ki, alim olsunlar. Məmur, yaxud deputat ol yetər, alimlik özü gələcək. O ki qaldı, ağcaqanadlarla məmurların "genetik bağlılıqları"na, bunu çox "ciddi" araşdırmaq lazımdır.

Onu da diqqətinizə çatdırım ki, hazırda ağcaqanadlarla mübarizə üçün bir çox kimyəvi zəhərləyici maddələr icad ediblər ki, effektləri də çox yüksəkdir. Lakin Azərbaycan hakimiyyətinin tamahkar məmurlara qarşı müxtəlif üsullarla apardığı mübarizə isə nədənsə heç bir müsbət nəticə vermir. Əksinə, məmur tamahkarlığı, artıq harınlığa, quduzluğa çevrilib.

Bu da məlumdur ki, ağcaqanadların yaratdığı ən böyük təhlükə malyariya xəstəliyinin yayılmasıdır. İnsanlar, məhz bu səbəbdən ağcaqanadlara qarşı aqressivlik nümayiş etdirirlər.

Tamahkar məmurların yaydığı ən böyük təhlükə isə ölkədə sosial ədalətin ayaqlar altına atılması, qanunlara hörmətsizlik, məmur özbaşınalığı, inhisarçılıq, rüşvətxorluq və korrupsiya səbəbindən yarana biləcək sosial partlayışdır. Bu baxımdan tamahkar məmurlar dövlət və hakimiyyət üçün daha təhlükəlidirlər.

Buna görə də hesab edirəm ki, tamahkar və acgöz məmurlara qarşı təkcə, hökumət və dövlət deyil, bütövlükdə cəmiyyət mübarizə aparmalıdır. Artıq elə bir dövrə çatmışıq ki, bıçaq sümüyə dirənib, quldura-quldur, rüşvətxora-rüşvətxor deməkdən çəkinməməliyik.

 

P.S. Uzun müddətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkədə saxta pensiya və əlillik təyinatlarına qarşı mübarizəni davam etdirir. Amma çox təəssüflər olsun ki, bu qanunsuzluqları törədən «məmur-ağcaqanadların» çox az bir hissəsi məsuliyyətə cəlb olunub. Ən əsası, bu qanunsuzluqların başında duran eks-nazir Səlim Müslümovun əməllərinə hüquqi qiymət verilməyib. Bu səbədən də saxtakarlıqların davam etməyəcəyinə heç bir inam yoxdur. İnam olmayan yerdə isə birlik və ədalət olmur!  

 Yusif Seyid