İlham Əhmədov- 65

19:10 23-06-2021 531

Təhsil innovasiyalarının yorulmaz tədqiqatçısı

 İlham Əhmədov 1973-cü ildə Abşeron rayonu Xırdalan qəsəbə 2-saylı məktəbi bitirmişdir. Həmin dövrlərdə SSRİ-nin tanınmış universitetlərinin nəznində yuxarı sinif şagirdləri üçün dərinləşdirilmiş proqramlarla tədris aparan qiyabi riyaziyyat, qiyabi fizika kimi məktəblər fəaliyyət göstərirdi. İlham müəllim 9-10-cu siniflərdə oxuyarkən, paralel olaraq, M. Lomonosov adına MDU-nin nəznində qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, 1973-cü ildə, V.İ. Lenin adına APİ-nin (indiki ADPU) riyaziyyat fakultəsinə daxil olmuş, 1977-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1978-ci tədris ilində Abşeron rayonu Xırdalan qəsəbə 2 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmişdir.

1978-1981-ci illərdə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) elmi işçi kimi fəaliyyət göstərən İ. Əhmədov 1981-ci ildə V.İ. Lenin adına APİ-də “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1982-1983-cü illərdə hərbi xidməti başa vurduqdan sonra, 1984-1986-cı illərdə, aspiranturada təhsilini davam etdirmişdir. Aspirantura təhsilinin sonunda, 1986-cı ildə, Kiyev şəhərində “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında)” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.

İlham müəllim 1988-1993-ci illərdə ADPU gənc alimlər şurasının sədri olmuş, 1986-1991-ci illərdə ADPU-da “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim, 1991-ci ildən dosent vəzifəsində çalışmışdır. 1998-2007-ci illərdə isə ADPU-da “Hesablama riyaziyyatı və İnformatika” kafedrasında dosent vəzifəsində çalışmışdır.

2005-ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə Layihəsində “Distant təhsil” üzrə milli məsləhətçi, 2007-2017-ci illərdə ADPU “İKT, Monitorinq və Qiymətlənduirmə Mərkəzi”nin direktoru vəzifəsində çalışmış, 2017-cı ildən hal-hazıradək ADPU “Kompüter elmləri” kafedrasının dosentidir. 2008-2018-ci illərdə ADPU-nun böyük Elmi şurasının üzvü olmuşdur.

İlham müəllim 2011-ci ildə elm və təhsil sahəsində səmərəli fəaliyyəintə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, dəfələrlə ADPU rektorunun əmri ilə təşəkkürnamə və mükafatlara layiq görülmüşdür. Onun elmi-metodiki yaradıcılığı əsasən təhsilin informatlaşması, təhsil innovasiyalarının yaradılması və idarəedilməsi, ali təhsilin inkişaf problemləri ilə bağlıdır. Respublikada və xaricdə (Türkiyə və MDB-də) 120-dən çox elmi-metodik məqaləsi dərc olunmuşdur. Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxstan, Moldova, Gürcüstan və Özbəkstanda beynəlxalq konfranslarda məruzələrlə çıxış etmiş, 2010-2017- cü illərdə, müxtəlif vaxtda, TC Anadolu Universitetinin, RF “Müasir Humanitar Akademiya” və “Sinergiya” universitetlərinin Distant təhsil bölümünün Azərbaycan Proqramlarında elmi məsləhətçi olmuşdur.

 Pedaqoji elmin və müasir təhsil problemlərinin məhsuldar tədqiqatçılarından sayılan p.ü.f.d., dosent İlham Bəşir oğlu Əhmədovun bu yaxınlarda 65 yaşı tamam olur. İlham müəllim 40 ildir ki, ADPU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. ADPU-dakı 4 illik tələbəliyini də əlavə etsək, onun həyatının 44 ili ADPU ilə bağlıdır. O, 1956-cı il iyunun 28-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası, professor Bəşir Əhmədov, respublikanın görkəmli pedaqoqu, pedaqogika və azərbaycan dilinin tədrisi metodikası üzrə tanınmış alim, nümunəvi bir ziyalı idi.

2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Smart təhsil”, “Universitetlərin strateji idarəedilməsi” v.s.) dair silsilə mühazirələr oxumuşdur. YUNESCO-nun “Təhsildə İKT” İnstitutunun (Moskva ş.) Azərbaycandan olan milli eksperti kimi (2011-2013) fəaliyyət göstərmiş, bu İnstitutun təşkil etdiyi beynəlxalq konfranslarda 5 dəfə (Moskva ş. və Sankt-Peterburq ş.) təhsilin informatlaşması məsələlərinə dair məruzələr etmişdir.

Respublika TN-nin “Azərbaycan məktəbi” jurnalı və ADPU-nun təsis etdiyi “Təhsildə İKT” jurnalının Redaksiya Şurasının, habelə, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, şuranın elmi katibi, 5 il ADPU-nun elmi-metodik şurasının üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Hal hazırda İlham müəllimin elmi rəhbərliyi ilə 5 nəfər doktorant təhsilin informatlaşması sahəsində dissertasiya üzərində işləyir. O, 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İB-nin həmtəsisçisi və icraçı direktorudur.

Bildiyimiz kimi, 1992-ci ildə qəbul imtahanlarında yenilik oldu, imtahanların test üsulu ilə aparılması qərarı verildi. Pedaqoji ictimaiyyət, şagird və valideynlər üçün bu yenilik gözlənilməz oldu, sanki, bir çaşqınlıq yaranmışdır, o vaxt ölkədə çox az adam test sistemi haqqında yetərli məlumata malik idi. Həmin ərəfədə İlham müəllimin rəhbərliyi ilə ADPU-da “Abituriyentlər üçün elekron test sinaq imtahanları sistemi” layihəsi çox az müddətdə hazırlandı və reallaşdırıldı. Cəmi 20 gün sonra artıq yüzlərlə abituriyent ADPU-da kompüter vasitəsi ilə test sınaq imtahanı verərək, test nümunələri ilə tanış olur, bilyini yoxlayır, test imtahanı ilə əlaqəli mövcud psixiloji gərginliyi qismən aradan qaldıra bilirdi. İlham Əhmədovun təşəbbüsu ilə ADPU-da “Ziya-İ” elm-istehsalat kiçik müəssisəsi təsis edildi və ADPU rektorunun əmri ilə o, universitetin dosentliyi ilə parallel, həm də bu firmanın direktoru vəzifəsini daşımışdır. Bu firma 10 ildən artıq müddətdə təhsil sektoru üçün səmərəli fəaliyyət göstərmiş, bir sıra təhsil innovasiyalarının ölkəmizə transfer edilməsinə nail olmuşdur (bu sahədəki fəaliyyət, əslində, başqa bir yazının mövzusudur).

Həmin vaxtlarda NK universitetlərdə elm-təhsil yönümlü kiçik müəssisə və firmaların yaradılması barədə qərar qəbul etmiş, universitetlərdə iqtisadiyyat üzrə prorektor vəzifələri təsis olunmuşdur. “Ziya-İ” universitetlərimizdə yaradılan ilk firmalardan idi ki, ən uzunömrlüsü və faydalısı kimi fəaliyyət göstərmişdir. Təəssüf ki, o vaxtlar universitetlərimizdə başlanmış bu lazımlı iş sonralar dayandırıldı. Belə ki, elmtutumlu bu innovasion firmaların universitetlərdə fəaliyyəti müasir startapların, elmi nəticələrin kommersiyalaşdırılmasının poliqonu ola bilərdi, universitetlər üçün pul qazanmağa əlavə imkan verərdi.

İlham Əhmədov vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial, təhsil və İKT yönümlü (o cümlədən, ADPU-nun universitetdaxili) layihələrdə layihə rəhbəri, menecer, məsləhətçi, ekspert v.s. qisimdə iştirak etmişdir. Bunlardan bəzilərini qeyd edə bilərik:

  1. “Abituriyentlər üçün elekron test sinaq imtahan sistemi” layihəsi. 1992-ci il. ADPU universitetdaxili layihə – layihə rəhbəri.
  2. “Abituriyentlərin peşəyönümü üzrə elektron test psixodiaqnostik sisteminin yaradılması”. 1992-ci il, ADPU universitetdaxili layihə – layihə rəhbəri.
  3. “TUSİ-PROFİ elekrton peşəseçmə və peşə məsləhəti sistemi” – ƏƏSMN və BMT İnkişaf proqramı ilə birgə layihə – layihə meneceri. 2003-cü il.
  4. Təhsil Nazirliyi və Dünya Bankının “Fasiləsiz Müəllim Hazırlığı Konsepsiya və Strategiyası” layihəsinin “Müəllim hazırlığında Distant Təhsil” blokunun müəllifi (layihənin eksperti olaraq). 2005-ci il.
  5. ADPU “VTS-Elektron imtahan sistemi” layihəsi – layihə rəhbəri. Universitetdaxili layihə. 2007-ci il.
  6. “ADPU-universitetin informasiya-təhsil portalı”, layihə rəhbəri. Universitetdaxili layihə. 2008-ci il.
  7. “ADPU-“Təhsildə İKT” elmi-metodik jurnalının yaradılması” layihəsi. (Son 10 ildə jurnal sistematik nəşr edilir) – layihə rəhbəri, jurnalın redaksiya heyətinin üzvü. Universitetdaxili layihə. 2008-ci il.
  8. “AMEA Elm-İnnovasiya Mərkəzi Portalının yaradılması”, layihə rəhbəri. 2010-cu il.
  9. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənc Ailə Akademiyası” Portalı, layihə meneceri. 2013-2014-cü ilər.
  10. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının qrantı hesabına reallaşan “Gənc seçici” Portalı, layihə meneceri. 2015-ci il.
  11. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrantı hesabına reallaşan “Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi” layihəsi, layihə rəhbəri. 2017-ci il v.s. layihələr.

İlham müəllim pedaqoji sahədə bir sıra aktual və perspektivli elmi problemlərin ilk tədqiqatçılarından, bu istiqamətdə yeni ideyalarla, təklif və tövsiyələrlə zəngin məqalələrin müəllifi olmuş, təhsil innovasiyalarının öz novatorluğu ilə fərqlənən tədqiqatçısı və təbliğatçısı kimi fəaliyyət göstərmişdir. Belə ki, təhsilin informatlaşmasına dair respublikada ilk məqaləni, 1985-ci ildə, İlham müəllim yazmışdır (“Azərbaycan məktəbi” jurnalında dərc edilmiş bu məqalədə pedaqoji mətbuatımızda ilk dəfə “distant təhsil” anlayışı istifadə olunmuşdur). Sonralar təhsilin informatlaşdırılması mövzusunda o, onlarca innovativ məzmunlu məqalələr yazmış, layihələr icra etmişdir. Bu gün bütün pedaqoji ali və orta ixtisas məktəblərində tədris olunan “Təhsildə İKT” fənni İlham müəllimin təklifi ilə, 2007-ci ildə, təhsil nazirliyi tərəfindən tədris planlarına daxil edilmişdir. Bu fənn üzrə ilk tədris proqramının tərtibi də TN tərəfindən ona həvalə olunmuşdur. O, az bir vaxtda bu fənn üzrə həmin proqramı hazırlayıb TN-ə təqdim etmişdir.

Distant təhsilə dair ölkəmizdə ilk Beynəlxalq konfrans 2001-ci ildə ADİU-nin təşkilatçılığı ilə keçirilmişdir. İlham müəllim bu tədbirdə distant təhsilə dair 2 məruzə etmiş, bu mövzuda ilk 2 məqaləsini dərc etdirmişdir. Bundan sonra onun əsas tədqiqat obyekti məhz distant təhsil problemləri olmuşdur. Vurğulayım ki, distant təhsil pedaqogikanın proqramlaşdırılmış təlim ideyalarının İKT vasitələri ilə yeni müstəvidə reallaşması demək idi. İlham müəllimin elmi tədqiqarları, namizədlik dissertasiyası da proqramaşdırılmış təlimə aid olduğu üçün bu məsələlər ona çox yaxın olmuşdur.

İlham müəllim 2005-ci ildə “AR distant təhsilin yaradılması və inkişafı strategiyası” adlı sənədi hazırlayıb Təhsil Nazirliyinə təqdim etmiş, son 20 ildə bu mövzuda onlarla məqalə yazmış, TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təəssüf ki, təhsil məmurları uzun müddət onun bu sahədəki innovasion çağırışlarına diqqətsiz qalmış, təkliflərə vaxtında və lazımınca reaksiya verməmişlər. Bu gün distant təhsillə əlaqəli ölkədə yaranmış gərgin vəziyyət onun haqlı olduğunu bir daha təsdiq etməkdədir.

İlham müəllimin bir təhsil eksperti kimi pandemiya dövründə distant və rəqəmsal təhsilə, ali məktəb problemlərinə həsr olunmuş 30-a yaxın analitik məqaləsi təhsil yönümlü müxtəlif saytlarda dərc etdirmiş, habelə, o, müvafiq mövzularla bağlı TV-lərə çoxsaylı müsahibələr vermişdir. Təhsildəki reallığı əks etdirən məqalələri, daha çox tənqidi məzmunda olsa da, konstruktivlik ruhu-məramı, yenilik elementlərinin zənginliyi ilə fərqlənir. Onun yazıları müəllifin yüksək peşəkarlığının, elmi-pedaqoji kamilliyinin ifadəsi və təsdiqidir. Təhsilimizin inkişafı üçün maraqlı və əhəmiyyətli ideyalar, təklif və tövsiyələr mənbəyidir.

Nəhayət, İlham müəllimin son vaxtlar “Virtual Turan Universiteti” ideyası ilə bağlı məqalə və çıxışları böyük maraq doğurmuş, Türk İnternet TV kanalı ondan bu mövzuda geniş müsahibə almışdır. Onun “Azərbaycan və Türkiyə universitetlərinin İKT bazasında sıx əməkdaşlığı, şəbəkə əlaqələrinin yaradılması universitetlərimizin sürətli inkişafına təkan ola bilər” ideyasına bu yaxınlarda Türkiyə milli təhsil naziri Ziya Selcuqun ölkəmizə səfəri zamanı da diqqət yetirilmişdir.

Qeyd edim ki, İlham müəllimin vaxtaşırı bir çox məqalələrini maraqla oxumuş, TV-lərə verdiyi müsahibələrini diqqətlə dinləmişəm. Hər dəfə də özü ilə bu yazıları və müsahibələri müzakirə etmişik. Hesab edirəm ki, bu məqalə və müsahibələrdə milli təhsil sistemimizin inkişafı üçün dəyərli ideyalar, innovasion təkliflər irəli sürülüb. Bu məqalə və müsahibələrin əksəriyyəti İnternetdə yerləşdirilib, maraqlananlar onlarla yaxından tanış ola bilərlər.

Dəyərli insan, məhsuldar alim-pedaqoq İlham müəllimin bu ay 65 yaşı tamam olur. Əziz dostumuzu-həmkarımızı bu münasibətlə təbrik edir, ona ailə həyatında və gələcək elmi fəaliyyətində, mütərəqqi təhsil ideyalarının ölkəmizə gerçəkləşməsində yeni-yeni uğurlar, bol-bol sevinc arzulayıram. Mənalı ziyalı ömrü davamlı, sağlam və xoşbəxt olsun!

 Zəhra Muradova
Pedaqogika üzrə elmlər doktoru