RUSİYANIN PAŞİNYANI DEVİRMƏK ÜÇÜN ATDIĞI ADDIMLAR

19:19 23-06-2021 459

RUSİYANIN PAŞİNYANI DEVİRMƏK ÜÇÜN ATDIĞI ADDIMLAR

 Paşinyanın inqilabla, xalqın seçimi ilə hakimiyyətə gəlməsi, Avropaya yönəlməsi Rusiyanı ciddi narahat etdi. Rusiyanın ən çox qorxduğu dövlət başçısını, millət vəkillərini xalqın seçməsidir. Belə ki bu, Rusiyanın Ermənistana təsir imkanını azaldır, Rusiya ilə erməni xalqının iradəsini üz-üzə qoyur. Ermənistanda öz təmsilçisini seçki yolu ilə hakimiyyətə gətirmək imkanını itirən Rusiya çıxılmaz vəziyyətə düşür, fərqli yollar seçir, bu yollar zorakılığa əsaslanır, nəticədə, erməni xalqı Rusiyadan daha da uzaqlaşır.

 Paşinyanın Ermənistanın dövlət rəhbəri olması Rusiyanın Qafqaz, Yaxın və Orta Şərq siyasətinə ciddi problemlər yaratdı. Bu, Rusiyanı o dərəcədə narahat etdi ki, Paşinyanı devirmək qərarına gəldi. Paşinyanı devirmək işi uzun çəkdi, 2 il davam etdi, proses bitməyib. Bunun iki önəmli səbəbi var: a) erməni xalqı (çoxluq) seçimini edib, Rusiyanın köləsi olmaq istəmir, inkişaf yolumuz Avropadır deyir, yəni Paşinyanı devirməklə məsələ bitmir, Rusiya Paşinyanla deyil, erməni xalqı ilə üz-üzədir; b) Paşinyanı erməni xalqı seçib, o, bu xalqın seçdiyi yolun, verdiyi qərarın simvoludur, ona görə də Paşinyanı Rusiyaya məxsus yolla devirmək erməni xalqını Rusiyadan daha da uzaqlaşdırar. Elə buna görə də Rusiya Paşinyanı devirmək üçün elə bir yol seçdi ki, həm Paşinyan getsin, həm bu işdə Rusiyanın əli görünməsin, nəticədə, erməni xalqı ilə Rusiya arasındakı problem daha da dərinləşməsin, həm də Rusiya seçdiyi yoldan istifadə edərək öz ordusunu Azərbaycana yerləşdirsin.

Siz erməni xalqının Paşinyana və Rusiya münasibəti ilə bağlı tezislərimə etiraz edə bilərsiniz. Ancaq o zaman bu suallara səmimi, dəlilli, vicdanlı cavab verməyiniz zəruridir: Savaşda məğlub olmuş, işal etdiyi ərazilərin önəmli hissəsi əlindən çıxmış, dörd min əsgər itirmiş, altı mindən çox yaralısı olan, iqtisadi sıxıntılar içində yaşayan erməni xalqının Paşinyana ciddi etirazları olsa da, niyə hələ də ondan əl çəkmir? Onun siyasi dayağı yoxdursa, Rusiya Paşinyanı devirmək üçün niyə bu qədər siyasi, iqtisadi, diplomatik enerji itirir, ona qarşı təbliğata bu qədər imkan ayırır?

Rusiyanın Paşinyanı devirmək siyasəti uzun çəkdi dedik, iki əsas səbəb göstərdik. İndi də Rusiyanın devirmə əməliyyatının mərhələlərini sıralayaq:

BİRİNCİ MƏRHƏLƏ: Rusiya Paşinyana, onu dəstəkləyən erməni xalqına öyüd verdi, bu öyüdün içində təhdid də var idi, təşviq də: Siz Rusiyasız yaşaya, təhlükəsizliyinizi təmin edə bilməzsiniz, türklər sizi yox edər, acından ölərsiniz, ağıllı olun, Rusiyanın mənafelərinə zidd addımlar atmayın, bunun nəticəsi sizin üçün ağır olar...

Təhdid və təşviq siyasəti ciddi nəticə vermədi. Koçaryan və Sarkisyan kimi Rusiyanın maraqlarını təmsil edən prezidentlərin dövründə zülmün hər çeşidini görən erməni xalqı Rusiyanın Ermənistanın dostu, müttəfiqi deyil, ağası olduğunu, ondan öz mənafelərinə uyğun biçimdə istifadə etdiyini, Rusiyanın tabeliyində olmağın zülm, rüşvət, dərəbəylik, yoxsulluq, elmdən, təhsildən uzaq qalmaq anlamı daşıdığını açıq biçimdə gördü, Rusiyanın ağalığında inkişafın qeyri-mümkünlüyünə inandı, nəticədə, fərqli yol seçdi. Erməni xalqı seçdiyi yolun bədəlini ağır ödədi, ödəyir, ödəyəcək. Bu ağır bədəli ödədən Rusiyadır. Burada önəmli məsələ odur ki, erməni xalqı Rusiyadan qurtuluş bədəlini ödəməyi qəbul etmişdir. Elə buna görə də Paşinyanı devirmək bu qədər uzun və ağrılı işə çevrilib.

İKİNCİ MƏRHƏLƏ: təhdid və təşviq, Paşinyandan imtina edin ki, Rusiyanın yardımı gəlsin siyasəti nəticə vermədi. Rusiya ikinci addımı atdı, qanlı yolu seçdi, seçdi ki, iki xalqın düşmənçiliyi daha da artsın, Rusiya hakim rolunu oynaya bilsin. O, Azərbaycanla Ermənistanın savaşması üçün şərait yaratdı, bir qədər kənara çəkildi. Rusiyanın Paşinyanı devirmək ehtiyacı Azərbaycanın Qarabağın önəmli bir hissəsini işğaldan azad etməsinin yolunu açdı. Rusiyanın bu savaşda seçdiyi yol bu idi: 1) Ermənistan məğlub olsun, nəticədə, erməni xalqı Paşinyanı devirsin; 2) Ermənistan Rusiyaya nə qədər möhtac olduğunu anlasın, ona yalvarsın ki, gəl, məni Azərbaycanın əlindən qurtar; 3) Azərbaycan tam qalib gəlməsin; 4) işğalçı rus qoşunu Qarabağa yerləşsin; 5) Rusiya Azərbaycan və Ermənistan arasında hakim olsun;

Azərbaycanın bu savaşda torpaqlarının çox hissəsini işğaldan azad etməsinin daxili və xarici olmaqla bu səbəbləri var:

- Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsi nəticəsində Rusiyanın mənafeləri üçün təhlükə ortaya çıxdı, bu ziddiyyət Azərbaycana Qarabağın qıfılını açmaq imkanı verdi;

- Azərbaycan xalqı Qarabağı zalımdan və zülmdən azad etmək üçün bədəl ödəməyə hazır oldu, övladları, malı, duası ilə bu savaşda iştirak etdi;

- Milli birlik təmin olundu;

- Cəsur Azərbaycan ordusu böyük qəhrəmanlıqlar göstərdi;

- Qardaş Türkiyə çox böyük, tarixi dəyişdirəcək ölçüdə yardım etdi, siyasəti, diplomatiyası, ordusu, hərbi imkanları, duası ilə Azərbaycan xalqının yanında oldu;

- Prezident İlham Əliyev işğalçı rus qoşununun Qarabağa gəlməsinə izin verənədək işi doğru idarə etdi;

- Beynəlxalq hüquq normaları Azərbaycanın tərəfində idi;

- Amerikanın başı daxili işlərinə qarışdı;

- İran Güney Azərbaycan türklərinin basqısı ilə işə ciddi müdaxilə edə bilmədi;

- Pakistan başda olmaqla Azərbaycanın müttəfiqləri ciddi dəstək verdilər;

Rusiya savaş dönəmində hədəflərinin önəmli bir hissəsini gerçəkləşdirdi, ancaq Ermənistan məğlub olsa da, Paşinyan devrilmədi, erməni xalqı Rusiya bizim xilaskarımızdır demədi, əksinə, dedi ki, Rusiya bizi satdı, öz mənafelərinə qurban verdi, nəticədə, erməni xalqı ilə Rusiya arasındakı uçurum daha da dərinləşdi.

Savaş vasitəsi ilə Paşinyanı devirəcəyini düşünən Rusiya bu hədəfini gerçəkləşdirə bilmədi, erməni xalqının seçimini doru oxumaq imkanını itirdiyini göstərdi. Nəticədə, Paşinyanı devirmək əməliyyatı ÜÇÜNCÜ MƏRHƏLƏYƏ keçdi.

Rusiya bu mərhələdə ikiyönlü iş gördü: birincisi, həm Qarabağdakı mənafelərini qorumaq, həm də ermənilərin qəlbini qazanmaq üçün Rusiya ermənilərə qarşı deyil, Paşinyana qarşıdır, onunla aranıza məsafə qoymağınızı istəyir siyasəti tətbiq etdi. Bu məqsədlə Qarabağın dağlıq bölgəsini dövlətləşdirməyə başladı: erməniləri Xankəndinə qaytardı, onları qoruyacağına söz verdi, hərbi baza qurdu, bölgəyə Rusiyanın hərbi və siyasi təminatında status veriləcəyini bildirdi, bu yöndə konkret addımlar atdı, atır, atacaq.

 

İkincisi, Ermənistanın içindəki bütün imkanlarını hərəkətə keçirtdi: keçmiş baş nazir Vazgen Mamukyanın başçılığı ilə fasiləsiz mitinqlər təşkil olundu, hərbçilər bəyanatlar verdilər, Ermənistan prezidenti Paşinyanla konfliktə daxil oldu, tələb bu idi: Paşinyan satqındır, erməni xalqına xəyanət edib, o, istefa verməli, milli etimad hökuməti qurulmalı, sonra seçkilər keçirilməlidir. Hədəfləri təzyiqi, təhdidi, şiddəti artıraraq Paşinyanı hakimiyyətdən zorla uzaqlaşdırmaq idi. Onlar Paşinyanın baş nazir statusunda qalması halında seçkilərin keçirilməsini istəmirdilər. Belə ki seçkidə qalib gəlməyəcəklərini dəqiq bilirdilər. Ona görə də öncə hakimiyyəti, sonra seçki komissiyalarını ələ keçirib “seçkiyə” getməyi planlaşdırırdılar.

Paşinyan üç doğru addım ataraq öncə çevriliş, sonra seçki planını pozdu: a) geri çəkilmədi; b) növbədənkənar seçki elan etdi; c) Ermənistan Ana Yasasına uyğun olaraq istefa verdi, ancaq seçki dönəmində hakimiyyətdə qaldı. Nəticədə, ermənilərin könlünü qazanaraq, şiddət tətbiq edərək, mitinqlərlə, hədələr yolu ilə Paşinyanı devirmək planı boşa çıxdı.

Rusiyanın Paşinyanı devirmək əməliyyatı DÖRDÜNCÜ MƏRHƏLƏYƏ keçdi dedik. Bu mərhələdə önəmli bir fərq ortaya çıxdı. Belə ki, ilk üç mərhələdə oyun qaydalarını Rusiya müəyyən etdi, o, ağ fiqurlarla oynadı, Paşinyan isə müdafiə olundu. Dördüncü mərhələdə isə növbədənkənar seçki qərarı verən, hakimiyyətdə olduğu halda seçkiyə gedən Paşinyan oyunun qaydasını müəyyən etmək imkanı qazandı. Bu ona görə çox önəmlidir ki, Rusiyanın Ermənistanda seçki yolu ilə təkbaşına hakimiyyət qazanmaq imkanı yoxdur, yəni Paşinyan Rusiyanı öz məkanında, onun istədiyi şərtlərlə oynamağa məcbur etdi. Zorakılığın Rusiyaya, seçkinin Paşinyana qazanmaq imkanı verdiyi belə bir şəraitdə Paşinyan önə keçdi.

Ermənistanda növbədənkənar seçki elan olundu, iki xətt açıq biçimdə ortaya çıxdı: Rusiyanı təmsil edən Koçaryan; Avropa-Amerikanı təmsil edən Paşinyan. Bu iki əsas xəttin Azərbaycana münasibətdə oxşar cəhətləri olsa da, ciddi fərqləri də var. Bu fərqləri göstərmək üçün onların seçki siyasətinin ana xətlərini təqdim edirəm:

KOÇARYANIN SEÇKİ SİYASƏTİNİN ƏSASLARI:

- qapalı Ermənistan – Rusiyanın Ermənistana hakim olması üçün o, dünyadan təcrid olunmalıdır;

- qisas – Azərbaycandan qisas alınacaq;

- Ermənistan Rusiyasız yaşaya bilməz;

- türk düşmənliyi;

- Paşinyan satqındır;

- Paşinyan Türkiyənin casusudur;

- müharibədəki məğlubiyyətin səbəbkarı Paşinyandır;

- Arsax müstəqil dövlət olacaq;

- Arsaxın ərazisi Şuşa və Hadrut hesabına genişləndiriləcək;

- Zəngəzur koridoru açılmayacaq;

PAŞİNYANIN SEÇKİ SİYASƏTİNİN ƏSASLARI:

- açıq Ermənistan – Rusiyanın təsirini azaltmaq üçün Ermənistanın Avropa və Amerika ilə sıx əlaqəsi olmalıdır;

- hakimiyyətin mənbəyi erməni xalqıdır;

- hakimiyyət seçki yolu ilə formalaşmalıdır;

- Ermənistanın inkişafı Avropa ilə bağlıdır;

- Rusiya Ermənistanı satdı;

- Türkiyə və Azərbaycanla əlaqələr qurulmalı, yollar açılmalı, məsələlər barış yolu ilə həll olunmalıdır;

- Zəngəzur yolu açılacaq;

- Qarabağın dağlıq bölgəsinə Şuşa və Hadrut da bu əraziyə daxil olmaqla status verilməlidir;

- Koçaryan rüşvətxor və cinayətkardır;

Rusiya seçki dönəmində Koçaryanın mövqeyini gücləndirmək üçün bu addımları atdı:

- Ermənistanda Rusiyanın mənafeyini təmsil edən qüvvələrə dedi ki, seçkilərdə iştirak edin;

- bu qüvvələr fərqli qruplar biçimində seçkidə iştirak etdilər, Paşinyana yönəlmiş ittihamlar fərqli ağızlardan səsləndirildi;

- Koçaryan Moskvaya dəvət olundu;

- Putin Koçaryanla telefonla danışdı;

- Rusiyadakı erməni iş adamlarına təlimat verildi - seçicilərin səsini satın alın;

- Rusiyanın informasiya imkanları Koçaryanı təbliğ, Paşinyanı təhqir etdi;

- Ermənistan hakimiyyətində təmsil olunan bir sıra önəmli şəxslər istefa verdilər;

- Türklər sizin düşməninizdir təbliğatı gücləndirildi;

- ermənilərin tarixində və düşüncəsində önəmli yeri olan kilsə - katalikos seçkiyə daxil oldu, erməni xalqına müraciət etdi, dedi ki, ayılın, Paşinyandan qurtulun;

- Katalikos Qarabağa getdi, hərbiçilərlə görüşdü, onları Azərbaycanla yeni savaşa ruhlandırdı, dedi ki, erməni xalqı Paşinyandan xilas olmalıdır, yada salıram ki, ƏBÜLFƏZ ELÇİBƏYİN devrilmə dönəmində də Allahşükür Paşazadə ona qarşı kəskin çıxışlar edirdi;

- Rusiyaya bağlı hərbiçilər fəallaşdırıldı;

- seçki dönəmində Azərbaycanla Ermənistan sərhədində baş verən hadisələrdə Rusiyanın əli var, məqsəd Paşinyanın acizliyini göstərmək, Koçaryanın mövqeyini gücləndirmək idi;

- Rusiya Koçaryanın xilaskar obrazını inşa etməyə çalışdı. Bu məqsədlə erməni xalqını qorxutmaq yolunu seçdi. Belə ki qorxu çoxalanda xilaskar axtarışı ortaya çıxır. Bu məqsədlə Rusiya Azərbaycan hakimiyyətindən istifadə etdi. Praqmatik Azərbaycan hakimiyyətinin bu mərhələdə Zəngəzur bizimdir, İrəvan bizimdir kimi populist şüarlar ortaya atması, Naxçıvandan, Şuşadan, Ağdamdan yandıqvermə siyasəti tətbiq etməsi, Bakıda keçirilən məhkəmələr, erməni iş adamlarının axtarışa verilməsi Ermənistanda türk düşmənliyini, qisas duyğularını körüklədi, bu da siyasətini qisasçılıq üzərində quran Koçaryanın işinə yaradı, erməni xalqına dedi ki, sizi Azərbaycanın əlindən qurtaracaq iki xilaskar var: Koçaryan və Rusiya, onlara sığının;

- seçki təbliğatının başa çatmasına bir gün qalmış Ermənistanın bir qrup generalı bəyanat verdi, əsgərləri Koçaryana səs verməyə çağırdı, seçki qanunlarını pozdu, həm də Koçaryan seçilməsə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini göstərdi;

 Seçkinin hansı nəticəni ortaya çıxaracağını bilmirik. Bunu ehtimal edirik ki, tərəflərdən heç birinin təkbaşına hakimiyyət qurmaq imkanı olmayacaq. Onu da dəqiq bilirik ki, Rusiyanın planları bitməyəcək, onun istədiyi olmasa, yeni planlar qurulacaq, hərbi çevriliş də, vətəndaş müharibəsi də, terror da, birgə hökumət qurmaq da bu planın içindədir.

Ancaq nə olursa olsun, Rusiya Ermənistanda zəifləyəcək, belə ki onun ağalığını qəbul etməyən xalqla (çoxluq) üz-üzədir, xalqı məğlub etmək imkansızdır. Rusiyanın Ermənistanda dörd ciddi sıxıntısı var: a) seçki yolu ilə təkbaşına hakimiyyət qurmaq imkanı yoxdur; b) xalq Rusiya ilə yollarını ayırmışdır; c) erməni xalqı savaş istəmir; d) zorakı yolla hakimiyyəti ələ keçirtmək erməni xalqını Rusiyadan daha da uzaqlaşdıracaq;

Qafqazda Rusiyanın ağalığına qarşı olan sadəcə gürcü və erməni xalqı deyil, Azərbaycan xalqı da Rusiyanın zülmünə qarşıdır. Qafqazı işğal edəndən sonra Azərbaycanı parçalayan, Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət quran, bu xalqın əlifbasını, dilinin və milli kimliyinin adını dəyişdirən, dinini yasaqlayan, onu tarixi torpaqlarından sürgün edən, yüz minlərlə övladını öldürən, mədəniyyətinin kodlarının altını üstünə çevirən, iki dəfə xalqın iradəsi ilə qurulmuş Cümhuriyyətini devirən, gələcəyə aid xoş niyyəti olmayan, inkişaf vəd etməyən Rusiyanı Azərbaycan xalqı sevməz.

Qafqazda gürcü xalqı da, erməni xalqı da, Azərbaycan xalqı da Rusiyanın ağalığına qarşıdır dedik. Fərq odur ki, Azərbaycan xalqı hakimiyyətin mənbəyi deyil, olanda Rusiyanın Qafqazda qiyaməti qopacaq.

 ERMƏNİSTANDAKI SEÇKİNİN MESAJLARI

 UCA ALLAHA HƏMD OLSUN Kİ, SİYASİ HADİSƏLƏRİ DOĞRU OXUMAQ İMKANI VERDİ, ERMƏNİSTANDA KEÇİRİLƏN SEÇKİLƏRLƏ BAĞLI İRƏLİ SÜRDÜYÜM BÜTÜN TEZİSLƏRİN DOĞRULUĞU TƏSDİQ OLUNDU. SEÇKİDƏN ÖNCƏ YAZDIĞIM TEZİSLƏRİ TƏQDİM EDİRƏM:

  • Rusiya ən çox Ermənistanda azad seçkinin olmasından qorxur – azad seçki Rusiyanın Qafqazdan çıxarılmasına yol açır;
  • Rusiyanın Ermənistanda öz təmsilçisini seçki yolu ilə hakimiyyətə gətirmək imkanı yoxdur;
  • Rusiya Paşinyanla deyil, erməni xalqı ilə üz-üzədir;
  • erməni xalqı Rusiyanın köləsi olmaq istəmir, inkişafımız Avropa ilə bağlıdır deyir;
  • Paşinyan erməni xalqının seçdiyi yolun simvoludur;
  • erməni xalqı Rusiyadan qopuşu rəsmləşdirəcək;
  • erməni xalqı seçdiyi yolun bədəlini ağır ödədi, ödəyir, ödəyəcək;
  • erməni xalqı Rusiyanın əsarətindən qurtuluşun bədəlini ödəməyi qəbul etmişdir;
  • erməni xalqı Rusiyanın iç üzünü gördü, onu satdığına inandı, anladı ki, Rusiya üçün müqəddəs olan bir şey var, o da öz mənafeyidir;
  • Rusiyanın gözündə erməni xalqı kölədir;
  • Rusiya inkişaf, azadlıq, ədalət, elm, təhsil vəd etmir;
  • Rusiyanın köləliyini qəbul etmək rüşvəti, haramı, zülmü, haqsızlığı, cəhaləti qəbul etməkdir;
  • erməni xalqı savaşı deyil, barışı seçəcək;
  • erməni xalqı Azərbaycanla savaşmaq istəmir;
  • erməni xalqı Türkiyə və Azərbaycanla əlaqələrin qurulması yolunu seçəcək;
  • Ermənistandakı seçkilər Rusiyanın Qafqazdakı mövqeyini zəiflədəcək;
  • gürcü və erməni xalqı Rusiyasız inkişaf yolu seçib, sıra Azərbaycan xalqındadır, Azərbaycan xalqı hakimiyyətin mənbəyi olanda Rusiyanın Qafqazda qiyaməti qopacaq;
  • Qafqazda dəyişim qaçılmazdır;

Siraceddin Haci