ORUC UCA ALLAHIN  TƏRBİYƏ PROQRAMIDIR

19:27 23-06-2021 513

QURANİ-KƏRİMDƏKİ ORUC AYƏLƏRİNİN ŞƏRHİ

 (əvvəli ötən saylarımızda)

 a) YÜZ SƏKSƏN BEŞİNCİ AYƏNİN ORTAYA QOYDUĞU NƏTİCƏLƏR

- uca Allah sayılı günlərdə oruc tutmağı əmr edir;

- o sayılı günlər RAMAZAN AYIDIR;

- Ramazan qəməri ayların doqquzuncusudur;

- QURANİ-KƏRİM Ramazan ayında, min aydan daha xeyirli Qədir gecəsində nazil olmağa başladı;

- gecə nazil olmağa başladı, mesaj verdi, dedi ki, Qurani-Kərim Ona iman edənləri, Onun buyurduğu kimi yaşayanları qaranlıqlardan nura, cəhalətdən elmə, küfürdən imana, şirkdən tövhidə, köləlikdən azadlığa qovuşduracaq;

- Ramazan ayında oruc tutmaq Qurani-Kərim nemətinə görə uca Allaha ŞÜKÜR anlamını daşıyır;

- Ramazan ayını başqa aylardan seçən, onu soltan qılan Qurani-Kərimdir;

- QƏDİR GECƏSİNİ başqa gecələrdən seçən, onu min aydan (səksən üç il – bir insan ömrü) xeyirli edən Qurani-Kərimdir;

- Qurani-Kərim Ona iman edən, dəyərlərini həyatına daşıyan hər kəsi seçər, üstün qılar, həyatına dəyər, anlam qazandırar;

- RAMAZANA HÖRMƏT ruhu, ağlı, qəlbi, vicdanı, gözü, qulağı, mədəsi, bütün varlığı ilə oruc tutmaqdır, Qurani-Kərimə, bu bərəkəti tükənməyən neməti nazil edən uca Allaha hörmət, iman, təslimiyyətdir;

- yüz səksən beşinci ayə Qurani-Kərimin üç özəlliyini önə çıxarır:

  1. a) O, insanlığın hidayət rəhbəridir;
  2. b) içində hidayətin – ilahi rəhbərliyin açıq dəlillərini daşıyır;
  3. c) haqqı (mənalı və məqsədli olanı) batildən (mənasız və məqsədsiz olandan) ayırır;

- FURKANDIR, Ona inananlara da xeyiri şərdən seçmək özəlliyi verir;

- orucun içində Qurani-Kərim, tövhid, təqva, şükür, dua var;

- oruc ibadəti hər il Ramazan ayında təkrar olunan ilahi tərbiyə proqramıdır;

- UCA ALLAH kimsəni oruc tutmağa məcbur etməz, Onun üsulu belədir: öncə oxu, anla, öyrən buyurar, Onun ölçüsünü yerinə yetirsən, bilgin iman olar, iman sevgi yaradar, sevgi oruc tutmağı (bütün ibadətləri) asanlaşdırar, təslimiyyətə yönəldər. Sevginin ölçüsü fədakarlıq və təslimiyyətdir – imanın uca Allaha təslimiyyətin qədərdir. Sıralama belədir: elm-şüur-iman-sevgi-əməl. Anlayış dəyişsə, davranış dəyişər;

- UCA ALLAH yüz səksən beşinci ayənin sonunda insandan üç şey istəyir:

  1. a) oruc günlərinin sayını tamamlayın;
  2. b) sizi doğru yola qovuşdurduğu üçün Allahı ucaldın, təkbiriniz (ALLAHU ƏKBƏR) olsun. Oruc tutmaq əməli (əsl) təkbirdir, təkbir işdir, əməldir, sadəcə söz deyil;
  3. c) uca Allaha şükür edin – nemətlərin gerçək sahibini tanıyın, onlardan ilahi təyinatına uyğun istifadə edin;

 ORUCLA BAĞLI DÖRDÜNCÜ AYƏ: BƏQƏRƏ, 2/186

 “Əgər qullarım səndən Məni soruşsalar, yaxşı bilsinlər ki, Mən çox yaxınam. Mənə dua edənin səsinə (çağırışına) dərhal qarşılıq verərəm. O halda, onlar da Mənə qarşılıq versinlər və Mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər”

1) “ƏGƏR QULLARIM SƏNDƏN MƏNİ SORUŞSALAR, YAXŞI BİLSİNLƏR Kİ, MƏN ÇOX YAXINAM...”

  1. a) Ayənin nüzul səbəbi

AYƏLƏRİN nüzul (eniş) səbəbini bilmək onları doğru anlamağın ölçülərindən biridir. Nüzul kitabları yazılsa da, bütün ayələrin endiriliş səbəbini bilmirik, ancaq Qurani-Kərimin nüzul səbəbini dəqiq bilirik: insanın ağlına yardım etmək, onun qəlbini, vicdanını, fitrətini qorumaq, əxlaqını gözəlləşdirmək, ona doğru yolu göstərmək, ümid vermək, həyatına dəyər, anlam qazandırmaq, azadlığa qovuşdurmaq.

Bu ayənin nüzul səbəbi ilə bağlı bir neçə rəvayət var:

- HƏSƏN BƏSRİ deyir ki, bir sıra səhabələr Allah Rəsulundan soruşdular: “Rəbbimiz haradadır?” Bu suala cavab olaraq ayə nazil oldu;

- bir insan Allah Rəsuluna dedi: “Rəbbimiz bizə yaxındırmı? Yaxındırsa, Ona gizlicə dua edim. Uşaqdırsa, uca səslə dua edim”. Ayə bu suala cavab olaraq nazil oldu;

- bir sıra insanlar soruşdular: “Rəbbimizə nə zaman dua edək?” Ayə bu suala cavab olaraq nazil oldu;

- MÜCAHİD deyir ki, “Mənə dua edin, duanızı qəbul edim” ayəsi endi. Bir sıra insanlar dedilər: “Harada dua edək?” Ayə bu suala cavab olacaq nazil oldu;

- KATADƏ deyir ki, bir sıra insanlar dedilər: “Ey Allahın Rəsulu, biz Rəbbimizə nə biçimdə dua edək?” Ayə bu suala cavab olaraq nazil oldu;

- İBN ABBAS deyir ki, Mədinə yəhudiləri Allah Rəsulundan soruşdular: “Ey Məhəmməd, sənin Rəbbin bizim dualarımızı necə eşidir?” Ayə bu suala cavab olaraq nazil oldu;

ALLAH RƏSULUNUN bu hədisləri də ayəni doğru qavramağımıza yardım edər: O, uca səslə (bağıraraq) dua edən, təkbir söyləyən səhabələrinə belə buyurdu: “Ey insanlar, özünüzə yazığınız gəlsin. Sizlər kar olan, itən (uzaqda olan) birini çağırmırsınız. Şübhəsiz ki, O, sizinlə bərabərdir. O, çox yaxşı eşidən, çox yaxın olandır”.

“Bir müsəlman içində günah olmayan, qohumluq bağını kəsməyə təşviq etməyən dua ilə uca Allaha müraciət etsə, Allah o müsəlmana bu duasının qarşılığında üç mükafatdan birini mütləq verəcək: ya istədiyini dərhal verər, ya axirətdə verər, ya da duasının qarşılığında ondan bir pisliyi uzaqlaşdırar”.

  1. b) AYƏ NİYƏ ORUC AYƏLƏRİNİN İÇİNDƏ (BAĞLAMINDA) GƏLDİ?

BƏQƏRƏ surəsinin 183, 184, 185-ci ayələri RAMAZAN ORUCU ilə bağlıdır, arada indi şərh etdiyimiz 186-cı ayə var, sonra yenə orucla bağlı ayə gəlir (187-ci ayə). İlk baxışda şərh olunan ayə ilə oruc ayələri arasında bağ yoxdur. Ancaq ayənin bağlamını (kontekst) doğru düşündükdə, sağlam əlaqə qurduqda ayələr arasında qırılmaz məna bağı olduğunu görürük. Belə ki uca Allah öncəki ayədə buyurdu ki, O, sizin üçün asanlıq istəyər, sizi sıxıntıya salmaq istəməz. O, sizdən üç şey istəyir: a) oruc günlərini tamamlayın; b) sizi doğru yola qovuşdurduğu üçün Onu ucaldın – təkbirə yönəlin (oruc tutmaq feili təkbirdir); c) şükür edin;

UCA ALLAH sonra da buyurur ki, Mən qullarıma çox yaxınam, yəni bu əməlləri yerinə yetirsəniz:

- uca Allahın rəhmətini, bərəkətini, lütfünü hiss edəcəksiniz;

- O, sizi görür, bilir, eşidir;

- dualarınızı, təkbirlərinizi, şükürlərinizi bilir, eşidir, görür (duanın, təkbirin, şükrün sözlü olanı da, əməli olanı da var);

- O, sizi darda qoymaz;

- O, sizə ümid, cəsarət, güc verər;

- uca Allahdan xeyir, bərəkət, rəhmət istəyirsinizsə, öncə siz addım atın;

- UCA ALLAHIN QANUNU QULDAN ALLAHA DOĞRU İŞLƏYIR, yəni, ey insan, sənə verilmiş ağıl və iradənin haqqını ver, tənbəl olma, çalış, nəticəni Ondan istə, dua et ki, qəbul etsin, istə ki, versin, qapını döy ki, açsın, Onu zikir et ki, O da səni zikir etsin, zəhmətsiz rəhmət, tikansız gül yoxdur, dəyərin əməyin qədərdir, hər kəsə çalışdığının qarşılığı var, qədərçilik (insandan bir şey asılı deyil düşüncəsi) ağıla, iradəyə, əməyə sayğısızlıqdır, insanı tənbəllik bəlasına sürükləyər, halal zəhmət ibadətdir, igidlikdir, axirət azuqəsidir, qarşılığı ilahi rəhmətdir;

- ayə buyurur ki, uca Allahla ünsiyyətin (hər ibadət Allahla ünsiyyətdir) varsa, oruc tutmaq asandır;

- oruc tutmaq uca Allahın insana nə qədər yaxın (mənəvi yaxınlıq) olduğunu hiss etdirən, rəhmət qapılarını açan ibadətdir;

- uca Allah Mən insana çox yaxınam ölçüsü ilə buyurur ki, ey insan, Mənimlə ünsiyyətini canlı, içdən (səmimi), davamlı tut;

- öncəki ayənin sonunda ALLAHU ƏKBƏR – Allah tək böyükdür anlayışı var, bu ayə buyurur ki, O, insana çox yaxındır, yəni insan düşünə bilər ki, tək böyük olan Allahla ünsiyyət qurmaq imkansızdır, O hara, mən hara? O, insana yol göstərir, onu çaşqınlıqdan qurtarır, deyir ki, Mən sənə çox yaxınam, səni hər an eşidir, bilir, görürəm, oruc tutduğundan xəbərdaram, təkbirini, duanı eşidirəm, sənə Mənimlə ünsiyyət vasitələri nazil etmişəm, hər ibadət uca Allahla ünsiyyətdir, gözəl adlarımı (əsma-i hüsna) öyrən, kainat ayələrini araşdır ki, Məni doğru tanıyasan, ağlına, qəlbinə, vicdanına hüzur gəlsin;

- ayə deyir ki, O, hər an hazırdır, iş başındadır, yatmaz, yuxuya ehtiyacı yoxdur, ilahi rəhmət qapısı əsla bağlanmaz;

- Mənim sizə yaxın olduğuma iman edin ki, şüurlu ibadətə qovuşasınız;

- ey insan, özünü hər an uca Allahın hüzurunda hiss et ki, qorunasan;

- uca Allahın sizə nə qədər yaxın olduğunu bilməyiniz, hiss etməyiniz, anlamağınız üçün bəlli bir müddət yeməkdən, içməkdən, cinsi münasibətdən uzaq durmağınız – oruc tutmağınız zəruridir;

 (Ardı var)

 Siraceddin Haci