Araikin “qələm”ini kim və niyə qırdı: Erməni separatizmi ortaq qərarın hədəfindədir

21:37 25-06-2021 558

Xankəndi və ətraf bölgədə erməni separatizminin sıradan çıxarılması Azərbaycanın, Rusiyanın və Paşinyan hakimiyyətinin maraqlarına cavab verir; Üçtərəfli anlaşmaların icrası qarşısında olan əsas əngəllərdən birinin “təmizlənmə”sinə başlanılıb…  

Yenixeber.org: Ermənistanda siyasi hakimiyyət məsələsi artıq həll olunmuş kimi görünür. Bundan sonra yalnız seçkinin qalibi olan baş nazir Nikol Paşinyanın özünə yeni hökumət qurması qalıb. Və yəqin ki, yaxın günlərdə bu məsələ də öz həllini tapmış olacaq.

Təbii ki, Paşinyan hakimiyyətinin öz ölkədaxili mövqelərini möhkəmləndirdikdən sonra sıra artıq üçtərəfli müqavilələrin icrasına gələcək. Əslində, Ermənistanda seçkinin nəticələri elan edildikdən sonra bu prosesə artəq start verilib. Hər halda, son baş verənlər belə düşünməyə əsas verir.

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Kreml sahibi Vladimir Putin arasında telefon danışığı olub. Azərbaycan və Rusiya prezidentlərinin əsas müzakirə mövzusunu rus sülhməramlıların nəzarəti altında olan bölgədəki vəziyyət təşkil edib. Böyük ehtimalla iki ölkə prezidentləri qarşıda atılacaq addımları müzakirə edib.

Eyni zamanda, Rusiya prezidenti V.Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub. Yenə də müzakirə olunan mövzuların sırasında Qarabağ məsələsi də yer alıb. Və bu, o deməkdir ki, yaxın vaxtlarda olduqca ciddi proseslərin başlaya biləcəyi qətiyyən istisna deyil.

GettyImages-613742022.jpg (19 KB) 

Onu da qeyd edək ki, son vaxtlara qədər üçtərəfli müqavilələrin icrasında Rusiya təkbaşına qarant rolunu oynayırdılar. Ancaq hazırda bu vəziyyət nisbətən dəyişmiş kimi görünür. Hər halda, Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni situasiya yaradıb. İndi Türkiyə də bu regionda baş verənlərin birbaşa iştirakçısıdır. Yəni, dolayısı ilə üçtərəfli müqavilələrin icrasında da qarant rolunu Rusiya ilə bölüşməyə başlayıb.

Göründüyü kimi, Ermənistan istənilən halda, üçtərəfli müqavilələri icra etməyə məhkumdur. Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da açıq şəkildə etiraf edib. Onun fikrincə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, sülh sazişini imzalamağa məcbur ediləcək. Nəticədə Dağlıq Qarabağın rus sülhməramlıların nəzarət etdiyi hissəsində hətta mədəni muxtariyyat şansı belə, əldən çıxmış olacaq.

Son vaxtlarda baş verən hadisələr də üçtərəfli müqavilələrin icrasına münbit şəraitin yaradılması istiqamətində müəyyən addımların atıldığı müşahidə olunur. Həmin müqavilələrin icrasında ən problemli istiqamət rus sülhməramlıların fəaliyyət göstərdiyi bölgədə separatizmin aradan qaldırılmasıdır. Və bu problem həll edilmədən anlaşmaların icrasında uğur qazanmaq demək olar ki, mümkün deyil.

Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgənin əhalisi əvvəl-axır Azərbaycan cəmiyyətində inteqrasiya olunmalıdırlar. Ondan sonra isə rus sülhməramlılar Azərbaycan ərazisini tərk etməlidirlər. Erməni separatizmi isə bu prosesə əngəl törədə biləcək əsas faktordur.

modern.az_sulhmeramli_977.jpeg (81 KB) 

Təbii ki, rəsmi Bakı bölgədə erməni sepatarizminə uzun müddət səbr göstərməz. Üçtərəfli anlaşmaların icrasının gecikdirilməsinə imkan verməz. Bu baxımdan, ilk hədəfin məhz erməni separatizmi olması qətiyyən təsadüfi deyil.

Maraqlıdır ki, hazırda Xankəndi və ətraf bölgədə erməni separatizminin aradan qaldırılması üçtərəfli anlaşmaya imza atmış dövlətlərin maraq dairəsindədir. Rəsmi Bakı Azərbaycan ərazisində hər hansı separatizmə göz yummaq niyyətində deyil. Ən qısa zamanda Xankəndi və ətraf bölgədə Azərbaycanın suveren hüquqlarının bərpasında prinsipial mövqe tutur.

Rusiya da Xankəndi və ətraf bölgədə erməni separatizmi ilə bağlı ciddi problemlərlə üzləşə bilər. Çünki erməni separatçılar Rusiyanın qarant durduğu üçtərəfli anlaşmaların icrasına müqavimət göstərərək, problem yaratmağa çalışırlar. Bu isə o deməkdir ki, hazırda erməni separatizmi Rusiyanın geopolitik maraqları baxımından, əsas problemlərdən birinə çevrilməyə başlayıb.

Məsələ ondadır ki, Cənubi Qafqazda nəqaliyyat-kommunikasiya xətlərinin açılması və iqtisadi-ticari əlaqələrin qurulması Rusiya üçün də böyük önəm daşıyır. Kreml bu prosesdən Rusiyanın geopolitik, geoiqtisadi və geostrateji mənafeləri çərçivəsində yararlanmaq niyyətindədir. Erməni separatizmi sıradan çıxarılmadan və yekun sülh sazişi imzalanmadan Azərbaycanın Ermənistanı blokadadan çıxartmağa razılaşacağı isə qətiyyən inandırıcı görünmür.

00-30-1575976183.jpg (55 KB) 

Bu, o deməkdir ki, erməni separatizmi qaldıqca prosesin müsbət inkişaf perspektivləri də əngəllənmiş olacaq. Ona görə də, Kremlin Araik Arutyunyanın separatçı dəstəsinin pozuculuq fəaliyyətinə son verilməsində maraqlı olduğunu düşünmək olar. Və yaxın vaxtlarda Rusiyanın bu istiqamətdə konkret addımlar atmaq məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil.

Nəhayət, A.Arutyunyanın separatçı dəstəsi Ermənistanın baş naziri Nikol Paşinyan üçün də ciddi problemlərdən birinə çevrilib. Düzdür, A.Arutyunyan səsvermə günü N.Paşinyanın seçki qərargahında peyda olmuşdu. Üstəlik, onu həm də məhz baş nazir N.Paşinyanın adamı da hesab edirlər.

Ancaq bu, hazırda daha çox aldadıcı amil də hesab oluna bilər. Çünki Vitali Balasanyanın Xankəndi və ətraf bölgədəki separatçıların düşərgəsində peyda olduğu vaxtdan vəziyyət ciddi şəkildə dəyişib. Separatçılara rəhbərlik V.Balasanyanın əlinə keçib. O, “Qarabağ klanı”nı təmsil edir, Köçəryan-Sarkisyan cütlüyünün təlimatlarını yerinə yetirir.

“Qarabağ klanı”nın seçkilərdə qalib gələcəyini düşünən A.Arutyunyanın da son vaxtlara qədər ona dəstək verdiyi bildirilir. Üstəlik, A.Arutyunyanın seçki ərəfəsində “Qarabağ klanı”nın əlinə oynayaraq, Ermənistan baş naziri N.Paşinyana xəyanət etdiyi barədə də məlumatlar var. Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə qısa bir zaman qalmış onun bir neçə dəfə Rusiya paytaxtına gizli səfəri barədə isə ümumiyyətlə, müəmmalı iddialar gündəmdə dolaşır.

pasinyan-araik.jpg (309 KB) 

Həmin iddialara görə, A.Arutyunyan Rusiya paytaxtında R.Köçəryan hakimiyyətə gələcəyi təqdirdə, onunla ortaq fəaliyyət göztərməyə hazır olduğunu bildirib. Ola bilsin ki, seçki ərəfəsində A.Arutyunyanın bu manevrləri Kreml üçün mü.yyən qədər əhəmiyyət daşıyıb. Və onu da “Qarabağ klanı”nın “hakimiyyət paketi”nə əlavə ediblər.

Ancaq “Qarabağ klanı” seçkidən əzilərək çıxdığından artıq bütün bunlar öz əhəmiyyətini itirib. Baş nazir N.Paşinyan hakimiyyətini qoruyub və Ermənistan vətəndaşı olan A.Arutyunyanın separatçı fəaliyyəti indi Rusiya üçün də ciddi problemə çevrilməyə başlayıb. Və indi Kreml A.Arutyunyanı qurban verməyə hazır görünür.

Çünki A.Arutyunyan və onun separatçıları Ermənistan baş naziri N.Paşinyanın üçtərəfli anlaşmaları icra etməsində əsas əngəllərdən birinə çevrilə bilər. Hər halda, baş nazir N.Paşinyan üçtərəfli anlaşmaların hər hansı bəndinə uyğun qərar verərkən, separatçıların hay-küy salması əlavə problemlərə yol açar. Deməli, bunun baş verməməsi üçün A.Arutyunyanın və onun separatçı dəstəsinin aradan çıxarılmasına artıq ehtiyac yaranıb.

Bütün bunlar onu göstərir ki, A.Arutyunyan və onun separatçı dəstəsi Cənubi Qafqazda yeni mərhələnin başladılmasına cəhd göstərənlərin artıq əl-ayağına dolaşmağa başlayıb. Onun və quldur dəstəsinin ən qısa zamanda vətəndaşı olduqları Ermənistana qovulması böyük əhəmiyyət daşıyır. Xankəndi və ətraf bölgədə separatçı A.Arutyunyana qarşı kütləvi etiraz dalğasının başlaması da artıq bu məsələnin həll edilmə mərhələsində olduğunu düşünməyə əsas verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert