"ABŞ-ın Əfqanıstandakı yerini Türkiyə tutacaq" -General Karauz

14:18 28-06-2021 675
ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxmasından sonra Həmid Karzai Beynəlxalq Hava Limanının qorunmasını türk hərbçlərinin həyata keçirəcəyi gözlənilir. Hazırda bununla bağlı müzakirələr aparılır.
Yenixeber.org: Mövzunu şərh edən türkiyəli general Yücel Karauz bildirib ki, Türkiyənin Əfqanıstanla münasibətləri Azərbaycanla olduğu kimi tarixi köklərə malikdir, ölkələr arasında böyük qardaşlıq və dostluq əlaqələri var. Türkiyə bir sıra beynəlxalq missiyalarda - Kosovada, Bosniya və Hersoqovinada, Azərbaycanın Ağdam rayonunda açılan birgə Rusiya-Türkiyə müşahidə mərkəzində bu fəaliyyəti göstərib.

- Əfqanıstana əvvəlcə ruslar, sonra amerikalılar gəldilər. ABŞ 20 ildən sonra - 2001-ci ildən etibarən 3 minə yaxın heyətini itirərək, geri çəkilməyə başlayıb. Türkiyə isə 2011-ci ildən bu yana Əfqanıstan xalqına və dövlətinə 1,2 milyard dollarlıq yardım edib. 2011-ci ildən başlayaraq, 500 nəfərə yaxın türk əsgər və polis Azərbaycan heyəti ilə bərabər Əfqanıstanda xidmət edir,- general bildirib.

Onun sözlərinə görə, ABŞ “Taliban”la məlum anlaşmasından sonra öz qoşunlarını geri çəkməyə başlayıb, NATO dövlətləri də Əfqanıstandan çıxırlar. Amma Türkiyə öz əfqan qardaşlarını belə vəziyyətdə tək qoya bilməz: " Çünki hazırda ölkənin 60 faizə yaxını “Taliban” tərəfindən ələ keçirilib. “Taliban” radikal hərəkatı ilə mərkəzi hakimiyyət arasında qarşıdurma getdikcə artmaqdadır. Hava limanı ona görə önəmlidir ki, bura Əfqanıstanın həm qəlbidiir, həm beynidir, həm də dünyaya çıxışı olan tək nöqtəsidir. Onun qorunması lazımdır. Hava limanının illik xərci 100 milyon avro civarındadır və 3 minə yaxın heyət tələb olunur. Türkiyənin təkbaşına 3 min personalı ora göndərməsi mümkün deyil. Amma oradakı hərbi missiyasını davam etdirəcək. Buna Türkiyəni məcbir edən xüsusi bir səbəb yoxdur. Bu addım sırf əfqan qardaşlarıma görə atılır".

General xatırladıb ki, hazırda amerikalı heyət Türkiyədə səfərdədir. Görüşlər zamanı Əfqanıstandakı fəaliyyətlər, o cümlədən, 100 milyon avronun necə ödənməsi müzakirə olunacaq. Hava limanında tələb olunan 3 min əsgərdən 500-nü Türkiyənin verəcəyi təqdirdə, digərlərinin hansı ölkələrdən olması haqda danışılacaq. Türkiyənin təkbaşına bu maliyyəni ödəməsi mümkün deyil. "Pul və əsgər məsələsi müzakirə edilir, ən qısa zamanda həllini tapacağını düşünürəm. Əfqanıstan prezidenti də ABŞ-a gedəcək. ABŞ və NATO Əfqanıstandan çəkilməkdə, Türkiyə isə dostlarının yanında olmaqa qərarlıdır. Lakin bunun “Taliban”la toqquşma riski, digər təhlükəsizlik məsələləri də var. Biz Əfqanıstanla bu gün yox, 100 il əvvəl də dost idik, bu riskləri bilərək məsuliyyətimizi yerinə yetirmək durumundayıq",- general əlavə edib.

Qeyd edək ki, ABŞ və “Taliban”ın 2020-ci il fevralın 29-da Dohada imzaladığı sazişə əsasən, xarici missiyalar, o cümlədən, NATO qüvvələrinin bir hissəsi olan Türkiyə Əfqanıstandan çəkilməlidir.