MƏRHUM AKADEMİKİN TARİXİ MİRASI TƏHLÜKƏ ALTINDA -Çingiz Qacarın 1 milyon dollara satmadığı tarixi kolleksiyasının taleyi necə olacaq?

23:30 28-06-2021 540

İyunun 12-də AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, akademik Çingiz Qacar vəfat edib. 

Rəsmi mənbələrdə akademikin 92 yaşında vəfat etdiyi bildirilsə də, onun mənsub olduğu Qacarlar şəcərəsinə yaxın mənbələr Çingiz Oveys oğlu Qacarın 1929-cu il deyil, 1926-ci ildə doğulduğunu və vəfat edərkən 95 yaşının olduğunu bildirirlər. 

Onu da qeyd edək ki, akademikin ulu babası məşhur Qacarlar nəslinin ziyalı və vətənpərvər nümayəndələrindən biri - Bəhmən Mirzə Qacar olub.

Ancaq diqqət yetirmək istədiyimiz mövzu bu deyil. Söhbət ondan gedir ki, Molekulyar spektroskopiya sahəsində yüksək səviyyəli mütəxəssis olan, 1982-ci ildə Azərbaycan SSR-nin Dövlət Mükafatına və SSRİ EA-nın S.İ. Vavilov adına mükafatına layiq görülən, 2004-cü ildə isə Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilən akademik Ç.Qacar fizika elmi üzrə alim olsa da, eyni zamanda çox geniş tarixi biliklərə malik olub.

Qacarlar sülaləsi və onun tarixilə xüsusi maraqlanıb. Bu isə mərhum akademikin Azərbaycanın mədəni-tarixi irsilə bağlı olduqca dəyərli eksponatların, qədim əlyazmaların, kitabların, sənədlərin və digər tarixi əşyaların yer aldığı böyük bir kolleksiyaya malik olmasına gətirib çıxarıb.

 

 

Qacarlar nəslindən olan akademikin kolleksiyasında xüsusilə də Qacar sülaləsinə aid olduqca qiymətli tarixi eksponatların olduğu və ümumilikdə bu eksponatların Azərbaycan tarixi üçün ciddi əhəmiyyət kəsb etdiyi bildirilir. Lakin təəssüf ki, mərhum akademikin sağlığında həmin eksponatlar dövlətə, muzeylərimizə təhvil verilməyib.

Hətta məlumat var ki, bir neçə il əvvəl sözügedən eksponatlardan xəbər tutaraq İrandan gələn mütəxəssislər akademikə həmin kolleksiyaya görə külli miqdarda pul - 1 milyon ABŞ dolları təklif ediblər. Lakin Ç.Qacar bu eksponatları satmaqdan imtina edib.

Bəs indi bu dəyərli kolleksiyanın taleyi necə olacaq?

Əldə etdiyimiz məlumata görə, mərhum akademikin həyat yoldaşı Aliyə xanım da dünyasını dəyişib. Onların öz övladları olmadığı üçün vaxtilə övladlığa götürdükləri bir xanım hazırda akademikin varisi sayılır. 

Narahatçılıq doğuran məqam da odur ki, Ç.Qacar dünyasını dəyişəndən sonra onun Badamdar qəsəbəsində yerləşən evindəki sözügedən tarixi kolleksiyanın sonrakı taleyi qaranlıq qalır. Buradakı tarixi eksponatların kimlərinsə əlinə keçməsi, satılması, ölkədən çıxarılması kimi ssenariləri istisna etmək olmaz. Ona görə də akademikin mirasının tariximiz üçün əhəmiyyətini nəzərə alaraq, dövlət orqanlarının bu işə müdaxilə etməsi, lazım olsa, maddi qarşılığı ödənilməklə olsa belə, mərhum akademikin uzun illər boyu yaratdığı bu dəyərli kolleksiyanı nəzarətə götürməsi olduqca vacibdir.

Bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən məsələni araşdıracaqlarına dair söz verdilər. Mövzunu gündəmdə saxlayaraq, nazirliyin atacağı addımları gözləyəcəyik. Ümid edək ki, bu vəd yerinə yetiriləcək və tariximiz üçün böyük əhəmiyyəti olan eksponatlar dövlətin nəzarətinə, tarix muzeylərimizə veriləcək.

 

“azpolitika”