Rusiya və İngiltərə arasında baş verən gizli hadisə –Məxfi sənədləri kim oğurlayıb?

12:38 29-06-2021 522

İngiltərə hökuməti avtobus dayanacağında tapılan məxfi sənədlərlə bağlı araşdırma başladıb.
Bu barədə İngiltərənin PA media orqanı məlumat yayıb. İngiltərə Müdafiə nazirinin müavini Ceremy Quin itən məxfi sənədlərlə bağlı araşdırmanın 1 həftə davam edəcəyini bildirib. Onun sözlərinə görə, sənədlərin çap olunduğu andan itdiyi vaxta qədər şəxslərin hərəkətlərinə, habelə sənədlərin daşınması qaydalarına diqqət ediləcək. 
Xatırladaq ki, İngiltərə Müdafiə Nazirliyinə məxsus 50 səhifəlik məxfi sənədlər bir nəfər hərbçinin səhvi səbəbilə təxminən 10 gün əvvəl itmişdi. Həmin sənədlər 22 iyun tarixində İngiltərənin Kent şəhərində yerləşən avtobus dayanacaqlarından birində tapılmışdı. Orada "HMS Defender" hərbi gəmisi və İngiltərə ordusunun digər ölkələrdə yerləşdirilməsi planları barədə məxfi məlumatlar yer almışdı. Bu hadisədən bir gün sonra, 23 iyunda sənədlərdə adı çəkilən gəmi Qara dənizdə Rusiyanın su sərhədlərini pozdu. Gəmi Rusiya sərhədini keçərək üç kilometr məsafədə ərazi sularına daxil oldu. Rusiya hərbçiləri sərhədin pozulması barədə xəbərdarlıq etsə də qarşı tərəfdən heç bir reaksiya verilmədi. Bu səbəblə Rusiyanın sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açdı. Daha sonra "Su-24M" qırıcı təyyarəsi havaya qalxaraq gəmi istiqamətində atəş açaraq sərt şəkildə xəbərdarlıq etdi.
Digər maraqlı bir hadisə isə 26 iyun tarixində yaşandı. Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirdi ki, "HMS Defender" hərbi gəmisi Gürcüstana gəlib. Buna səbəb isə İngiltərə ilə Gürcüstan arasında müdafiə və təhlükəsizlik məsələlərini genişləndirməkdir.
Həmin gəmi Gürcüstanın da olacağı Qara dənizdə baş tutacaq təlimlərdə iştirak edəcək.