İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılış mərasimində - FOTO

14:58 29-06-2021 531

Paytaxtımızda “Courtyard by Marriott Baku” hotelinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci vitse-prezident hoteldə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, “Courtyard by Marriott Baku” hotelində 365 otaq, iclas, idman zalları, restoran yaradılıb. Bu cür müasir hotel kompleksinin istifadəyə verilməsi həm də ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə olmaqla yanaşı, paytaxtın sosial-iqtisadi inkişafında mühüm rol oynayır, hotel biznesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradır.

Bu hotel kompleksi Avropada və dünyada xüsusi imicə malik hotellər şəbəkəsi tərəfindən inşa edilib. Son illər Azərbaycanda dünya brendlərinə məxsus bu cür hotellərin istifadəyə verilməsi ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu, bölgənin iqtisadi mərkəzi sayılan Azərbaycanın turizm sahəsində də qabaqcıl sıralarda qərarlaşdığını göstərir.

Qeyd edək ki, dünyada maliyyə və iqtisadi çətinliklərin olduğu, pandemiyanın ciddi fəsadlar yaratdığı bir dövrdə Prezident İlham Əliyevin gələcəyə baxış konsepsiyası sayəsində ölkəmizdə heç bir sosial-iqtisadi layihə təxirə salınmadı. Turizm infrastrukturunun inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, o cümlədən müasir mehmanxanaların istifadəyə verilməsi Azərbaycanda postpandemiya mərhələsinə daha uğurlu keçidi təmin etməkdə böyük rol oynayır.