Şamaxı İcra Hakimiyyətində qarşıdurma: Hikmət Şikarov Tahir Məmmədova qarşı - İDDİA

15:18 30-06-2021 648

Son illər Şamaxı rayonunda tuğyan edən məmur özbaşınalığı əhali arasında böyük narazı kütlə formalaşdırıb. Rayon icra başçısı Tahir Məmmədovun yarıtmaz fəaliyyəti nəticəsində formalaşan narazılığın ictimailəşməməsi üçün etirazçı şəxslərə qarşı ağlasığmaz üsullardan istifadə olunur.

Şikayət edən vətəndaşlar dərhal Şamaxı rayon Polis Şöbəsinə gətirilir və polis rəisi Əliyəddin Səfərovun nəzarəti altında işgəncələrə məruz qoyulur. Bundan sonra vətəndaş şikayətini davam etdirirərsə, rayon prokuroru Müşfiq Səfərovun təqdimatı ilə saxta ittihamlarla həbs olunur.

Tahir Məmmədov

Şamaxıdan adiləşən bu tendensiyanın əsl nəzarətçisi və həyata keçirilməsində başlıca şəxs isə icra başçısının birinci müavini Hikmət Şikarovdur. Xatırladaq ki, Şikarov Hikmət Məzi oğlu bu vəzifəyə təyin olunmazdan əvvəl hakim Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri olub.

Realliq.TV-yə daxil olan məlumatlarda qeyd olunur ki, Hikmət Şikarov Pirallahıda törətdiyi və hamı tərəfindən qınanılan qalmaqaldan sonra həmin rayondan qovulub. Himayədarları tərəfindən Şamaxı rayon İcra Başçısının birinci müavini təyin olunub.

Hikmət Şikarov

Şikarov qısa müddətdə şamaxılıların nifrətini qazanıb. Təsadüfi deyil ki, birinci müavinin qəbuluna üz tutan vətəndaşlar təzyiqlərə məruz qalır və hədələnirlər. Araşdırmalarımız göstərir ki, Hikmət Şikarov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxın adamı hesab olunan Əliheybət Şirinovla qaranlıq biznesdə şərikdirlər.

ƏliHeybət Şirinovun Şamaxıda yerləşən zavod və obyektlərinə “krişa”lıq edən Hikmət Şikarov yol idarəsində çalışmış, sonradan hakimiyyətə üsyan edərək Avropaya üz tutmuş şəxslərin də maliyyələşməsində rol oynayıb.

Əliheybət Şirinov

Şamaxıda narazı kütlələri formalaşdıran birinci müavin yaxınları tərəfindən təşkil olunan məclislərin birində tezliklə rayonun icra başçısı olacağını səsləndirmişdir. Hikmət Şikarovun icra başçısı olacağı ilə bağlı səslənən sağlıqlarda söz deyənlər arasında Əliheybət Şirinov, 19 saylı Yol İdarəsinin rəisi Nazim Eynallı və Şamaxı rayon prokuroru Müşfiq Səfərov da var imiş.

Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, Şamaxı rayon icra başçısı Tahir Məmmədova qarşı narazı kütlənin formalaşmasında Hikmət Şikarov xüsusi plan hazırlayıb və bu planı bu günəcən məharətlə həyata keçirməkdədir. Görünən odur ki, belə davam edərsə, Tahir Məmmədov tez bir zamanda vəzifəsi ilə vidalaşmalı olacaq. Aldığımız digər bir məlumatda iddia olunur ki, Hikmət Şikarovun icra başçısı vəzifəsinə təyinat almasında Saleh Məmmədov və yaxın adamı Əliheybət Şirinov himayədarlıq etməkdədir.

Növbəti reportajlarımızda Hikmət Şikarovun Pirallahıda törətdiyi qalmaqal və digər qaranlıq əməlləri barədə məlumatlar verəcəyik…

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Müəllif Səid Hüseynov

Mənbə Realliq.TV