Nəcməddin Sadıkov haqqında sensasion iddialar

15:23 30-06-2021 441

Kəlbəcəri talan edib erməniyə təhvil verən təxribatçı general N.Sadıkov həbs olunmaqdan sığortalanıbdır?

Vaqif Tağıyev: Müdafiə Nazirliyinin sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovla bağlı redaksiyamıza sensasion faktlar daxil olub. Vətəndaşlarımızın fikirlərini olduğu kimi dərc edirik:

 “Kəlbəcərin işğalı rəsmi olaraq 02 aprel 1993-cü ildə qeyd olunub. Lakin 22 mart – 01 aprelə kimi düşmən Kəlbəcərə girməyib. Bu müddət ərzində general Nəcməddin Sadıkov özünə yaxın və inandığı (etibar etdiyi) hərbiçilərlə rayonun 150 qəsəbə və kəndinə girib xalça-palaz, malqara, hətta toyuq-cücəyə kimi yığdırıb, özünə qənimət götürüb”.

Şəmkir sakini, rayonun Dəllər qəsəbəsində yaşayan Tağıyev Vaqif Əşrəf oğlu fikirlərini davam etdirir:

“Balakən-Bakı qatarı ilə Bakıya Daxili Qoşunların Baş İdarəsinə gəlib komandan Fəhmin Hacıyevə məruzə edəndə o, bizi çox kobud və sərt qarşılayıb dedi: “Siz necə olub sağ qalmısınız, siz hamınız həlak olmalıydınız, ölməliydiniz”.

Onun göstərişinə əsasən bizim hamımızı həbs edib, Daxili Qoşunların təcridxanasına saldılar. Təcridxana dolu idi. Hətta orda bir neçə nəfər hərbi həkim də var idi. On gün tədqiqat aparıldı. Gah gündüz, gah da gecə. Tədqiqatçılar tez-tez dəyişirdi. Mən də izahatımda eyni fikri, yəni Nəcməddin Sadıkovun məni heç bir döyüş planı ilə tanış etməməsini və heç bir sənədə, plana da imza atmadığımı şəxsi heyəti bilərəkdən qırdırmaq istədiyini yazırdım. On gündən sonra tədqiqat başa çatdı. Təcridxanada olanların hamısını azad etdilər. Əsgərləri öz hərbi hissələrinə, həkimləri iş yerlərinə, gizirləri və məni azad etdilər. Mən də 20 il xidməti stajım olduğuna görə, sənədlərimi pensiyaya (təqaüdə) çıxmağa hazırladım.

Lakin 2 ay keçdikdən sonra məni Daxili İşlər Naziri İsgəndər Həmidov Nazirliyə çağırtdırıb bildirdi ki, ölkədə müharibə yeni qızışır, sənin kimi zabit bizə lazımdır, sən də pensiyaya gedirsən, get hazırlaş, xüsusi bir batalyonla cəbhə bölgələrinin ən gərgin, ən ağır yerlərinə gedəcəksən.

1992-ci ilin dekabr ayının axırlarında Ağdama göndərildim. Bir ay (yanvar) orda döyüşdükdən sonra Ağdərə bölgəsinə – yenə də N.Sadıkovun briqadasına göndərildim. Ayazlı-şaxtalı fevral ayının bir qış axşamı rabitəçi əsgər bildirdi ki, döyüş mövqelərində olan tabor və bölük komandirlərini N.Sadıkov xidməti yığıncağına çağırır.

Gecə saat 12-də meşənin içində böyük hərbi çadırdan ibarət qərargahda N.Sadıkovun 10-15 nəfər idmançı görkəmli cangüdəni var idi. Onlardan dörd nəfəri çadırın girəcəyində durub, biz zabitlərdən hərbi sursatı və silahı alıb çadıra buraxırdı. Hava çox şaxtalı idi. Biraz da “boz araq”dan vurmuş briqada komandiri qıpqırmızı qızarmışdı. O, çıxışının ilk kəlməsindən rus dilində kobud sözlərlə başladı. Özündən başqa hamını günahkar hesab edirdi.

Onun bu özündən müştəbeh, razı olmağını, tabeliyində olanlarla sərt və kobud (qaba) rəftarını bütün Azərbaycan bilir. Ona görə ki, bir neçə dəfə televiziya ekranlarında onun şəxsi heyəti təhqir etməsi, hətta bəzi epizodlarda əl qaldırmasının görüntülərini görmüşlər. Bu görüntülər Kəlbəcər istiqamətində gedən döyüşlərdən göstərilmişdir”.

Kəlbəcərdən məcburi köçkün düşən, uzun illərdən bəri Şəmkir rayonunda məskunlaşan, 1943-cü il təvəllüdlü Həmid Kərimov: “21 mart 1993-cü ildə həyəcan və qorxu altında Bahar bayramını (Novruz) Kəlbəcərdə qeyd edib, məcburi köçkün düşmüşük. Şəmkirə 1500 nəfər gəlmişdik. İndi burda kəlbəcərlilərdən az qalıb. Ermənilər bizimlə açıq döyüşdə (üz-üzə) qələbə çala bilməzdilər. Çünki biz yüksəkliklərdə yerləşmişdik. Kələbəcərlə qonşu olan Laçın rayonu da daxili çəkişmələrin, sapı özümüzdən olan baltaların və Nəcməddin Sadıkov kimi generalların məkrli niyyətlərinin (planlarının) qurbanı oldu.

Bizim ailə rayonu tərk edəndə 7 baş malqaram, 60 qoyunum, 5 xalçam və xeyli ev əşyalarım qaldı. Mənim yük maşınım var idi, 40 nəfər həmyerlimi Şəmkirə gətirmişəm. Şəmkirlilər bizi yaxşı qarşıladılar. Bizə yardım edib, həm də mənəvi dayaq oldular. Sahibkar Rafail Çoban oğlu məni və bir neçə ailəni işlə təmin etdi”.

Bakı şəhərində məskunlaşmış, Kəlbəcərdən məcburi köçkün düşən 1956-cı il təvəllüdlü, universitetlərin birində müəllim işləyən A.Ş. (Soyadı redaksiyaya məlumdur) bildirir: “Kəlbəcərin işğalı rəsmi olaraq 02 aprel 1993-cü ildə qeyd olunub. Lakin 22 mart – 01 aprelə kimi düşmən Kəlbəcərə girməyib. Bu müddət ərzində general Nəcməddin Sadıkov özünə yaxın və inandığı (etibar etdiyi) hərbiçilərlə rayonun 150 qəsəbə və kəndinə girib xalça-palaz, malqara, hətta toyuq-cücəyə kimi yığdırıb, özünə qənimət götürüb.

Bakıda məskunlaşmış bir neçə kəlbəcərli də N.Sadıkovun Kəlbəcər sakinlərini öz ata-baba yurdundan məcburi köçkün salmaq  üçün təxribat xarakterli (panika yaratmaq, hədə-qorxu gəlmək, vətəndaşları təhqir etmək və s.) əməllərindən danışdılar.

Ürək sızıldadan, qəlb ağrıdan bir olayı da bu yazıya əlavə etməyi özümdə mənəvi borc bildim. Bu hadisəni mənə 1993-cü ildə Kəlbəcərdən qaçqın düşmüş, hal-hazırda Şəmkir rayonun Dəllər qəsəbəsində məskunlaşan 1936-cı il təvəllüdlü mühəndis – şair “Kəlbəcərsiz dünyam” şeirlər kitabının müəllifi Cabbarəli Kəlbəcərli (Əsədov) ürək ağrısı ilə bir neçə il əvvəl danışmışdır. Şair Cabbarəli deyirdi:

“1993-cü ildə Kəlbəcəri tərk edəndə 83 yaşlı atam Əli öz atına minib kəndimizin (Laçın kəndi) dağlarına çəkildi. Xəstə anam da, biz övladlar da nə qədər yalvardıq atamız öz fikrindən dönmədi və dedi: “Mən Kəlbəcərsiz, kəndimiz Laçınsız heç yanda yaşaya bilmərəm”. Şair danışdıqca atası Əlini xatırlayaraq həyəcanlanır, gözü yaşarırdı. Neçə illərdir bu ailənin gözü yolda, qulağı səsdədir. Ancaq hərbi əməliyyatlarda uduzan N.Sadıkov kimi generallar vəzifə pillələrinə “liftlə qalxmış”, Azərbaycan övladlarının qanı bahasına var-dövlət toplamış, layiq olmadıqları imtiyazlar əldə etmişlər.

Məlumatlı şəxsin bildirdiyinə görə, N.Sadıkovun Azərbaycanda və xarici dövlətlərdə də obyektləri var. Bakıda 7 mərtəbəli villası, Dağıstanda heykəli var. Hətta onun adına Dağıstanda təqaüd təsis olunub. Həmin təqaüd imkansız və yaxşı oxuyan tələbələrə verilir. “Özünü “toxunulmaz və əvəzolunmaz general” hesab edən – Nəcməddin Sadıkov Azərbaycanın milli mənafeyini müdafiə etmirdi, hətta Azərbaycan dilində danışmaq istəməyən, bu özündən razı müştəbeh məkrli generalın özü kimi də Şuşanı qoruya bilməyən general Elbrus Oucov və onun qardaşı Laçını və Kəlbəcəri ermənilərə təhvil verən və sonra uzun müddət (15) il məhkum olan polkovnik Qənizadə kimi dostları olub. Bu polkovnik briqada komandiri olmaqla bərabər, hər iki rayonun komendantı olub. Laçını və Kəlbəcəri Qənizadənin vasitəsi ilə düşmənə təhvil veriblər.

Nəcməddin Sadıkov Gəncə şəhərini bombalamaq istəyib?

Məlumatlı bir neçə nəfər şəxs (adları redaksiyaya məlumdur) isə bildirirlər ki, Nəcməddin Sadıkov Surət Hüseynova görə Gəncəni bombalatmaq istəyib. Lakin pilot (hərbi təyyarəçi) Şəmkir rayonun Dəllər-Cəyir kənd sakini Elxan Verdiyev onun əmrini yerinə yetirməyib. Məkrli general N.Sadıkov təlim uçuşları zamanı onun təyyarəsini vurdurub. Şəhid Elxan Verdiyev Qarabağ müharibəsi başlayanda Rusiyada hərbi pilot kimi xidmət edirmiş. O, bir qırıcı təyyarəni qaçırdıb, Qarabağ müharibəsində fəal iştirak edirmiş.

Acınacaqlı olduğu qədər də heyrətləndirici bir olayla üz-üzəyik. Sanki bütöv bir ölkə bu “toxunulmaz və əvəzolunmaz generalın” xəyanətlərinə 28 il dözüb, onun qeyri-qanuni hərəkətinə (fəaliyyətinə) göz yumub. O, da öz məkrli planlarını həyata keçirib. Kəlbəcəri talan edib erməniyə təhvil verən təxribatçı general N.Sadıkov həbs olunmaqdan sığortalanıbdır? N.Sadıqovdan yalnız işğal olunmuş rayonların sakinləri, Şəhid ailələri deyil, hərbçilər də narazı idi.

Hazırladı: Bəhlul ORUCOĞLU,

Araşdırmaçı jurnalist