Cahangir Əsgərov GÖYNƏN GEDİR - Endirim OLACAQMI?

15:34 30-06-2021 369

Bu günlərdə Parlamentin iclasında millət vəkili Qənirə Paşayeva AZAL-dakı qiymətlərlə bağlı narazılığını bildirib. O, qiymətlərin əlçatan edilməsi üçün AZAL-a müraciət edib:

"Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insanlar var. Hər gün sosial media hesablarımız vasitəsilə çoxlu sayda müraciətlər alırıq. Yazırlar ki, biz Azərbaycana gəlmək istəyirik, amma Türkiyədən dünyanın çox ölkəsinə biletlərin qiyməti Azərbaycandan daha ucuzdur. Azərbaycana biletlərin qiyməti niyə bu qədər bahadı? Bunu Azərbaycan vətəndaşları da söyləyir."

Deputat AZAL-a çağırış edib: 
"Ona görə də mən AZAL-a burdan çağırış edirəm. Bu qiymətlərə baxılsın və bunların əlçatan edilməsi üçün addımlar atılsın”.

Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, AZAL dövlət büdcəsi hesabına astonomik məbləğlər qeyd edir: “Həm də AZAL-ın rəhbərliyi müxtəlif jurnalist araşdırmalarında korrupsioner məmur kimi gündəmdədir. Təəssüf ki, fikirləri yayındırmaq üçün Nazirlər Kabinetini büdcənin qəbulu zamanı ciddi sorğulamalı olan deputatlar sosial şəbəkələrdə müzakirə olunan məsələlərin nəticələrinə fikir bildirirlər.

Onlar səbəbləri göstərməyərək məsuliyyətdən yayınırlar və özləri də bu məsələlərdən kifayət qədər yararlanırlar. Həmin korrupsioner məmurlardan şəxsi problemlərini həll etmək yolunu tuturlar.

Bu da ictimaiyyətə çoxdan məlumdur. Ümumiyyətlə, Azərbaycanda deputat korpusu saxtalaşdırılmış və asanlaşdırılmış formada keçirildiyinə görə, onların fikirləri ictimai əhəmiyyət daşımır. Hesab edirəm ki, neçə illərdir onların nəsə söyləməyindən asılı olmayaraq, vətəndaşlar tərəfindən ciddi qəbul edilmir.


Ən əsası hökumətin tabeliyindən və icra hakimiyyətindən asılı olan deputatlar, müxtəlif münasibətlər xatirinə mandatlar hədiyyə edilmiş şəxslərin nəsə deməsinin ictimai fikrə təsiri yoxdur.

Yəni onlar bəzən belə fikirlər səsləndirərək şəxsi piar kampaniyalarını aparırlar və guya özlərini aktiv, xalqın dərdi haqqında danışan deputat kimi qələmə verirlər.

Sosial şəbəkələrdə vacib məsələlərlə bağlı insan hüquq və azadlıqları, vətəndaşların kommunal xidmətlərinə dair insanları qayğılandıran məsələlərə reaksiya verməyən şəxslərin hansısa məsələni yenidən səsləndirməsinin əhəmiyyəti yoxdur".